ÖVLİYA CƏNNƏTİNİN YAŞIL BAĞI – MİR MƏHƏMMƏD AĞANIN şeirləri işığında
Bu yazıda fenomen, övliya nəslindən olan şəxs, daha doğrusu onun böyük ictimaiyyətə çox da tanış olmayan yaradıcılığından bəhs edəcəyəm. Yəni, ədəbiyyatın sonuncu elementi olan “oxucu tənqidi”ndən çıxış edəcəyəm. Çünki haqqında yazacağım şəxsi oxuduqlarımdan, eşitdiklərimdən tanıyıram. İstədim ki, yaxın keçmişdə – sovet dövründə yaşayan, qısa ömrünə (36 yaş) çox savab işlər sığdıran, ağırbaşlı, şəfasözlü, əsil-nəcabətinə, övliya şəcərəsinin ad-sanına uyğun ləyaqətli ömür sürən, təşkilatçılıqda, xeyriyyəçilikdə, böyüklükdə seçilən, Qubadlı rayonundan olan Mir Məhəmməd Ağanın bir kitabda toplanan (ölümündən sonra) şeirlərinin – lal duyğularının arasından birgə keçək, onları dilləndirək.
Şair və onun yaradıcılığı haqqında danışarkən, əsərlərin yazıldığı dövrdəki ictimai-siyasi vəziyyət, şərait, inanclar, dünyagörüşü, sənət anlayışı, adət-ənənə kimi anlayışları nəzərə almaq lazımdır.
Məlumat üçün qısaca qeyd edim ki, Mir Məhəmməd təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, təsəvvüf ədəbiyyatının əsas qollarından olan nəqşibəndi təriqətinin ən böyük nümayəndələrindən Seyid Mir Həmzə Nigarinin nəslindəndir. Şair bunu öz şeirində də qeyd edir.
Atam bir Günəşdi, mən də zərrəsi,
Babam Mir Hüseyn Seyyid Nigari.
Hər kiçik şey üstə atmaram kəsi,
Peyğəmbər övladı Xızır bil məni.
Şairin babası, əmisi və atası Mir Sədi ağa da Seyid Nigaridən sonra nəqşbəndi təriqətinin böyük təmsilçilərindən sayılıb və hər biri elə Seyid Nigari ilə oxşar taleni yaşayıb. Belə ki, onlar sovet dövründə təqiblərə, sürgünlərə, həbslərə və min türlü əzab-əziyyətlərə məruz qalıblar.
Əksər hallarda toplumlarda ədəbiyyat şeirdən başlanıır. Şeirin isə əsasını götürdüyü mənbə din olmuş, Tanrı düşüncəsinin formalaşdırdığı adət-ənənələr, əxlaq qaydaları birbaşa ədəbiyyatda öz əksini tapmışdır. Ədəbiyyat həm də dini və onun əxlaq qaydalarını, həyat tərzini izah etmək vəzifəsini öz üzərinə götürür.
Mir Məhəmmədin şeirlərində mistik şəxsiyyəti ilə ətrafında sirr dairəsi, poetik şeirləri ilə cazibə dairəsi yaradan Mir Həmzə Seyyid Nigarinin həm də yaradıcı ruhunu görmək olur. Bu təsiri əsas keyfiyyətlər və əsas prinsiplər baxımından poetik bənzətmələr və eyni texniki xüsusiyyətlərə malik şeirlər sübut edir.
Eşqin kanı Qarabağdır məkanım,
Bülbüli-şeydayəm, cənnət yerimdir.
Əvvəl başdan Qaraqaşlı bustanım,
İmdi gülüstanım Qara pirimdir.
Sinəmə çəkilən qara dağımdır,
Yandıran aləmi gör nə çağımdır!
Qara bağrım qanlu Qarabağımdır,
Gözlərimdən axan yaşi-tərimdir. (S.H.Nigari)
Mir Məhəmmədin atası “Mir Sədi Ağaya” xitabən yazdığı şeirə nəzər yetirək:
…Nurdan xəlq olmusan kimin var şəkki,
Dərəcən yüksəkdir uca dağ təki,
Haqqın bayrağıdır əllərindəki,
Qasım Çələbidir mayağın sənin.
Sən bir ümmansan ki, bulanmaz hər an,
Sən bir sultansan ki, tapılmaz nöqsan,
Sən bir ağacsan ki, qorxmaz tufandan,
Mir Məhəmməd olub budağın sənin.
Bu şeirdə Mir Məhəmməd nəsil şəcərəsinin övliya olmasına, övliyalığın Allah qatında mərtəbəsinin yüksək olmasına diqqət çəkir.
Türk tarixçisi və ədəbiyyatşünası Mehmed Fuad Köprülü yazırdı ki, “…bu təkkələrdə yaşayan sufilərin əsl simaları qalın mənakip buludları ilə örtülsə belə, qəti fikir odur ki, o buludların arxasında çoxlu mühüm şairlər, çoxlu dərin və azad düşüncəli mütəfəkkirlər, səmimi İlahi eşq dəlisi tapmaq olar”.
Şairin də inancı bu şeirlərin yazıldığı dövrlə bağlı bir xüsusiyyət kimi, keçmişdə böyük bir yenilik olaraq ortaya çıxan, özünün də sonradan davamçısı olduğu təriqətdən gələn övliyaların mistik gücünə olan inancdır ki, o, bu hərəkata daha obyektiv baxır.
Qəlbi çıraq olub elə nur saçan,
Min çırağa dəyər çırağın sənin,
Daşlar bayram edər, torpaqlar gülər,
Üstünə düşəndə ayağın sənin.
..De, kim sənə arxalanıb güvənməz?
De, kim səndən hər an kömək diləməz?
O hansı işdir ki, söylə, düzəlməz,
İçində olarsa barmağın sənin.
Və ya, “Özündən qeyrisin düşünməyənlər, Axı nə bilər ki, insanlıq nədir?” deyən şair övliyaları incidənlərin sonun yaxşı olmayacağına, İlahi tərəfindən cəzalanacaqlarına inanır və bunu şeirin son bəndində dilə gətirir.
..Sənin davamçınam, inan ey pədər,
Qoymaram işlərin olsun zay, hədər,
Sənə düşmən çıxan hər kəs, hər nəfər,
Qəbirdə olacaq dustağın sənin.
Şair bu sözlərilə sovet rejiminin İslam dininə olan mənfi münasibəti, bu dinin daşıyıcılarından olan atası Mir Sədi Ağaya edilən zülmləri – dəfələrlə həbs olunmağını sətiraltı vurğulayır. Bununla da, rusların yetmiş il ərzində Azərbaycanı təkcə ölkə olaraq deyil, insanlarının adət-ənənəsini, dini inancını, milli düşüncəsini də işğal etdiyini nəzərə çatdırır.
İslam tarixində sufi alimlərin gəldikləri nəticələrə görə din, dini inanc zorakılıq, qovğa, zülm səbəbi olmamalıdır. Çünki İslamın mahiyyəti sülh, əminamanlıq, dinclik yaratmaqdan ibarətdir.
İslama xidmət edən övliyalar bütün dövrlərdə toplumların inanc, güvənc yeri olublar. Ən çıxılmaz vəziyyətlərdə xalq övliyalara üz tutub, onlardan kömək istəyiblər.
Əlsiz – ayaqsıza hayandı getdi,
Sözündə mərdanə, dayandı, getdi,
Nakam eşqi ilə darandı, getdi,
Sevdiyi gözəlin telində Miri.
Kiçik bir haşiyə çıxaraq, qeyd edim ki, bütün övliyalar kimi, Mir Məhəmmədin də qeyri-adi qüvvələri – kəramətləri olduğu deyilir. 36 illik qısa ömrünə çox şey sığdırıb qəhrəmanımız, o, övliya cənnətinin yaşıl bağı kimi həm təmsil etdiyi nəslin, həm də ədəbiyyatsevərlərin yaddaşında qalacaqdır.
Mir Məhəmməd nəslinin adlarının bir müddətdən sonra itəcəyi qorxusu və ya o adların əbədiləşdirilməsi arzusu ilə öz kimliyini o adlarla birgə şeirlər vasitəsilə gələcəyə daşıyır.
…İnsaniyyətlik yadigardır bizə,
Baxmamışıq hər yalana, hər sözə,
Babam Şeyx Əfəndi Seyid Mir Həmzə,
Qoymayıb qayıda diləyim mənim.
İnsan ağıllanır dolduqca yaşa,
Çatdırır ömrünü min cürə başa,
Ey atam Mir Sədi, əmim Mir Paşa,
Qoymayın zay ola əməyim mənim.
Şərqdən Qərbə müsəlman coğrafiyasının fikir sahiblərinin, filosof şairlərinin əksəriyyətinin əsərlərində çox mühüm yer tutan mövzu İlahi sevgidir. Onlardan sonra gələnlər də o dahiləri özlərinə bələdçi seçiblər. Mir Məhəmmədin qəzəllərində də bu məqam gözlənilib. O da bu ənənəyə söykənərək, şeirlərində İlahi məhəbbəti ifadə etmək üçün rəmz olaraq maddi dünyadan olan obyektlər seçmişdir. Bir çox şairlərin ilahi eşq səfərində istifadə etdikləri Yusif-Züleyxa, Leyli-Məcnun və s. bu kimi motivlərə Mir Məhəmmədin qəzəllərində də rast gəlinir.
Hər kimsə ki, aşiqdir, qoy göstərsin vəfasını,
Hər kəs sevirəm deyir, çəksin yarın cəfasını.
Keçərəm bu canımdan sevinərək elə o dəm,
Görsəm əgər bir dəfə cananımın simasını.
Nə tərif edir aşıqlar bilmirəm Züleyxanı,
Valeh olur süzənlər sevgilimin sərpasını.
O, “Hər kimsə ki, aşiqdir, qoy göstərsin vəfasını” ilə başlayan qəzəlində İlahini sevgili simasında meydana çıxarır. Burada o, simvolizmin yalnız məcazi məhəbbət kontekstində başa düşülməsi təhlükəsinə baxmayaraq, rəmzlərin güman edilən mənalara malik olmadığını son iki beytdə izah edır.
Hər kəsə qismət deyil, sevgilisinə qovuşa,
Hər kəsin işi deyil keçə eşqin dəryasını.
Düşsə əgər hər bir kəs gündə min fikrə, xəyala,
Dəyişməz Mir Məhəmməd sözünü, təmənnasını.
Klassik şairlər kimi, klassik tənqidçilər də bu qənaətə gəlmişlər ki, İlahi eşqin simvollarla ifadə olunması əls sənətdir.
Şair qəzəllərinin çoxunu müxtəlif dövrlərə aid olan divan şairləri kimi öz əhval-ruhiyyəsini əks etdirmək üçün yazıb. Burda belə öz övliya böyüklərinə arxalanıb, onlardan mənəvi güc alaraq o çətin və müqəddəs yolun davamçısı olduğunu bildirib.
Çıxmaram yolundan soyulsa dərim,
Sən mənim sarvanım, mən sənin nərin,
Olsa gər üstümdə zərrə nəzərin,
Küllü kainata nur saçaram mən.
Bütün yarananın iftixarısan,
Təriqət bağının nəğməkarısan,
Sən bizə peyğəmbər yadigarısan,
Sənə ustadından yadigaram mən.
Eləcə də əmisinə xitabən yazdığı şeirdə yenə şairin ürək yanğısını duyuruq:
Düzdür, etməsəm də çoxlu ibadət,
Sizədir qəlbimdə ancaq məhəbbət,
Qoyma məhşər günü çəkim xəcalət,
Yanımda babamla dur, sənə qurban.
Usta olmasam da, deyiləm naşı,
Fkrimdən keçirsən hər addım başı.
Qəlbimdə məhəbbət kaş sizə qarşı,
Axaydı hər zaman gur, sənə qurban.
Mir Məhəmməd səndən umur bir nəzər,
Yolunda dəryaya qərq olub üzər,
Adın ürəyimdə qanım tək gəzər,
Gövhər nədir, Əmi, dürr sənə qurban.
Vəsf – bir şeyi tərifləməklə, həm də onu səciyyələndirməkdir.
Ədəbiyyatımızda vəsf deyəndə əsasən, klassik ədəbiyyatda Hz. Məhəmmədi, Əli Əleyhissalamı və b. mədh etmək məqsədi ilə yazılmış şeirlər anlaşılır. Eyni zamanda xəlifələr, dini liderlər, övliyalar, müəllimlər haqqında yazılan şeirlər də vardır. Bu baxımdan istər klassik ədəbiyyatımız, istərsə də xalq ədəbiyyatımız vəsf baxımından çox zəngindir.
Bir çox klassik şairlərin də əsərlərindən məlum olduğu kimi, şeir mahir insanlar üçün bir vasitədir. Yəni şeir məharət meydanıdır, burada güc fiziki deyil, mənəviyyatın poetik təsviridir. Mir Məhəmməd də qəlbinin sevgisini nümayış etdirircəsinə yazır:
Şairə ilham verən baharın gözəl çağını,
Qəlblərə ruh gətirən badi səbanı sevmişəm.
…Ey nazənin, gəlibdir göydən yerə düz dörd kitab,
Hamısını istəmişəm, ancaq Quranı sevmişəm.
Nə lazım bu dünyada göz dikən var- dövlətə,
Olsa da, olmasa da, xoş güzəranı sevmişəm.
Mir Məhəmməd, demirəm sevməyə qadir deyiləm,
Bu sözün nöqsan olar, çünki insanı sevmişəm.
Qəzəlin son beyti oxucuya Nəsimini xatırladır. Beytin birinci misrasında qeyd olunan “demirəm sevməyə qadir deyiləm” fikri bəndəlik, əhdə vəfa, mövcud olanı sevməyə borcluluq mənalarını verir, yəni insanın insanı sevməməsi nöqsandır. Bu sözün əsl mənasında həm də, insanda insana olan bağlılıq, etibarlılıq mənasında işlədilir. Beytin ikinci misrasında qeyd olunan “çünki insanı sevmişəm” ifadəsi qarşı tərəfi mədh hissəsidir. Bu, eyni zamanda qarşı tərəfə məsuliyyət hissi yaşadır, çünki o İNSAN sevib… Şair bu qoşmada sədaqətinin ixlasını (məqsədini) üstüörtülü deyir. Şeir şairin məmduhuna (mədh etdiyinə) olan bağlılığının səbəbini səmimiyyətlə əks etdirir.
Sevgilim sənin kimi bir canalan istəyirəm,
Düz ilqar, düz etibar, əhdi-peyman istəyirəm.
İstəmirəm o gözəli yaramır, xeyrə- şərə,
Bir nəfər özüm kimi dərdə yanan istəyirəm.
..Döysən də sən qapımı əgər gündə milyon kərə,
Xoşdur mənə gəlişin, nazlı mehman istəyirəm.
Şair öz ruh halını qəzəli ilə sevgilisinə bildirmək istəyərkən, aşiq olmaqdan doğan bəlaları da qələmə almaq istəyib. Bu, divan şeiri ənənəsində tez-tez rast gəlinən bir vəziyyətdir ki, müəllif burada şair olmağın da aşiq olmaq qədər çətin olduğunu dilə gətirir və istəyini bəyan edir ki, elə bir yar istəyirəm ki, mənim qədər dərd anlayan, söz qanan olsun. Yəni sevgilisinin həm də bir həmdəm, bir dost, bir dərd ortağı – yarışair olmasını arzu edir:
..Mir Məhəmməd, sorsalar nə istəyirsən, belə de:
Hal bilən, dərd anlayan, bir söz qanan istəyirəm.
Bu məqalədə kişik bir baxışla övliya Mir Məhəmmədin, qısa ömürlü şair Mir Məhəmmədin könül dünyasını ziyarət etdik, duyğuları ilə tanış olduq və bildik ki, şairin şeirləri insanları doğru yola dəvət edir, onları mənəvi saflığa, İlahi həqiqətə səsləyir.
Adilə Nəzərova
Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü