Alimlər hər gün bir az daha irəli gedib ən sonunda bölünməz olan ən kiçik hissəciyi kəşf etdilər,
adına da tanrı zərrəciyi dedilər.Zaman zaman maddənin hissəciklərə bölünərək ən kiçik zərrəciyi
tapılırdı, bir müddət sonra elm daha da irəliləyib əvvəlkindən daha kiçik zərrəciyə çatır və bu dəfə onu bölünməz hesab edirdilər.Beləcə bir gün dedilər atom bölünür, sonra proton..sonra .., axırda daha kiçik, bölünməyən yeni bir zərrəcik tapıldı-tanrı zərrəciyi. Adına Tanrı zərrəciyi dedilər, çünki izah edə bilmədikləri hər şeyi ilahiyə bağlayır və sirli sehirli sayır, daha dolğun mənalandırırlar.
Kainat bir toz dənəsindən yarandı, ya da heç yoxdan var edildi dedikdə, bu sözün altında hansı
məna yatır, bunu hərə öz arşını ilə ölçür, öz beyninin tutumuyla yozur, izah edir, ancaq “bir toz dənəsi” anlayışı uzun və geniş müzakirələrə səbəb olmuşdur və geniş araşdırmalar aparıldı. Bir qrup alim dünyanın tozdan necə yarandığını əyani görmək üçün bir toz dənəsi götürüb onu uzun zaman vakuumda saxlamış, digər bir toz dənəsini də havası olan yerə qoymuşlar. Vaxt keçincə görmüşlər ki,vakuumdakı toz dənəsi eləcə olduğu kimi qalmış, hava olan yerdəki toz isə
zaman keçdikcə böyümüş və sonda bəlli bir çəkisi olan kütləyə çevrilmişdir. Demək, toz sərbəst, tək başına heç bir dəyişikliyə uğraya bilmir, yəni toz özlüyündə passivdir, törəmək qabiliyyəti olmayan bir cansızdır, ancaq havanın təsirindən toz dəyişə və yeni törəməyə çevrilə bilir.Buna görə dünyanın, kainatın tozdan yaranması fikrini qəbul edirik.Yaxşı, bəs o zaman toz hardan yarandı? Kainatın başlanğıcı saydığımız tozun başlanğıcı, mənbəyi haradır, toz heç yoxdan necə var oldu, yaxud da əzəldən var idi dediyimiz toz necə var olmuşdu?
Bir toz dənəsi, təbii ki, toz dənəsi dedikdə mikroskopik dənədən söhbət gedir, beyinlərə hökm edib varlığını bizə diktə edəcək qədər güclüdürsə, çəkidə yüngül, vəzndə daha ağırdır, biz isə bu yox sayılacaq varlığın mahiyyətinə vara, anlaya bilmirik.
Cavabı tapılmayan suallar çoxluğu hər zamankı kimi yenə də sabitdir. Cavabsız suallar bəzən
“fəlakət yağışı yağmış (Furqan,40) ”kimi insanın təkcə beynini deyil, eyni zamanda həyatını zindana çevirmiş və bir çox alim də “sözün zahirinə uyub (Rəd, 33) ”onun mənasını sapdırmışlar. Mənanın sapması ona gətirib çıxarır ki, “göyləri və yeri altı gündə yaradan Odur (Hud,7) ayəsindəki gün sözünü bizim gün kimi anlayır və həftəmizin bu günlərə görə düzüldüyünü deyirlər. Bəlkə də burada bir həqiqət payı var, amma başqa bir həqiqət də odur ki, ilahi anlamdakı günlə bizim dünyadakı gün anlayışları fərqlidir. Zaman anlayışı fərqli olduğu kimi sözün və ifadələrin də anlamı fərqlidir.
Biz nəyin necə yarandığını nəqli dəlillərlə yanaşı beynimizin məhsulu və təcrübi yollarla da
anlamağa çalışırıq. “Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən (Rəd,2) ” bəlkə elə bizim özümüzü göyə dirək qoymuşdur. Göy dediyimiz məvhum nədir? Bəzən o qədər bəsit düşünürük ki, göyü qədim insanın, ümumən kosmos təsəvvürü olmayan insanın dərk etdiyi anlamda hesab edirik, yəni yuxarı, əlçatmaz, hündür. Bəs kosmosdan baxanda göy nədir. Ordan baxanda isə biz, yəni yer göy olaraq görünür. Bu zaman anlayışlar dəyişir, yerlə göy dəyişirsə, hər şey baş ayaq olmurmu? Bəs məna?
Məkanlar dəyişib, anlayışlar tərs çevriləndə məna da tərs çerilib mahiyyətini dəyişirmi. Bu bitib tükənmyən suallar çoxluğunda, əslində, cavablı olanı daha çoxdur. Amma bu cavablar beyinlərdə dəyişilərək qəbul olunur, yəni hərə öz beyninə və təfəkkür, təsəvvür tutumuna görə dəyərləndirib qəbul edir.Qəbul edir dedimsə, bizim qəbul edib etməməyimizdən asılı olmayaraq Tanrı zərrəciyi mövcuddur, yaxşı ki, elm artıq bunu isbat etdi.
Elm, dinin arxasınca gəlir. Dinin birbaşa və ya məcazla, rəmzlərlə dediyi, dini təfəkkürün
sezgiylə gəldiyi qənaət, haqq aşiqlərinin eşqlə gördükləri həqiqət bəlli zaman sonra elmi nailiyyət, yenilik olaraq meydana çıxır. Din insanından eşitdikləri zaman mövhumat, sayıqlama dedikləri bir çox gerçəkləri elm sonradan aşkara çıxarır və artıq mövhumat saymır. Dini təfəkkürün intiusiya, sezgi qabiliyyəti, bəsirət istedadı öncə dəlilik kimi qarşılanır, maddi dəlil istənir, hər şeyin də təbii ki, maddi dəlili olmur, ancaq elm hər şeydə maddi dəlil istəyir. Bəs sevginin, ya da nifrətin maddi dlili nədir. Tanrı zərrəciyinin varlığının səbəbinə maddi dəlil varmı? Varsa da, yoxsa da, artıq varlığı elmlə sübut olundu. Artıq Tanrı zərrəciyi özü maddi dəlildir.
Siz varın inanmayın, bu, gerçəyi dəyişdirməz, amma sizi gerçəkdən uzaqlaşdırar.
Ayişə Nəbinin “Ərəb olmaq istəmirəm” kitabından