On beş altı yüz doqquzdan böyükdür?
AZƏRTAC Dövlət İnformasiya Agentliyinin rəhbərliyinə açıq məktub
“Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir”. Bu cümləni, deyəsən, saytınızdan götürmüşəm.
Əlavə etmək istərdim ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi həm də ədəbi dil normalarına riayət edilməsi baxımından jurnalistlər, müəllimlər, digər ziyalılar üçün mötəbər mənbə hesab olunur. Amma, təəssüf ki, saytınız bu etimadı heç də hər zaman doğrultmur.
İndi fikrimizi faktlarla əsaslandıraq:
1. “Bununla yanaşı, dünyaca məşhur “Kitabi-Dədə Qorqud” dastanı da Azərbaycan xalqının həyat tərzi olan multikultural ənənələrlə olduqca zəngindir”. (“Birgəyaşayış və tolerantlığın Azərbaycan nümunəsi”, 28 sentyabr 2023-cü il)
2. “Dünyaca məşhur “transfermarkt” portalı Türkiyə Superliqasında çıxış edən futbolçuların transfer qiymətlərini yeniləyib (“Türkiyə Superliqasında oynayan azərbaycanlı futbolçuların transfer qiyməti dəyişməyib”, 27 sentyabr 2023-cü il).
3. “Onların arasında İtaliyanın ən böyük və məşhur konsert məkanlarından olan “Arena di Verona”nın bədii rəhbəri Stefano Trespidi, dünyaca məşhur FAZIOLI royallarını istehsal edən fabrikin yaradıcısı Paolo Fazioli, Rusiyanın məşhur balet artisti, “Məhəbbət əfsanəsi”ndə Fərhad rolunun ifaçılarından biri olmuş Nikolay Tsiskaridze də var”. Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub”, 27 sentyabr 2023-cü il). Saytda axtarış edəndə məlum olur ki, bu söz eyni mənada 424 dəfə işlədilib. Məncə, hamısını sadalamağa ehtiyac yoxdur. Bildirmək istəyirəm ki, dünyaca məşhur birləşməsində -ca bənzətmə qoşmasıdır və “kimi, qədər” mənasını verir. Şübhə etmirəm və yəqin, siz də şübhə etmirsiniz ki, müəlliflər birinci nümunədə “Kitabi-Dədə Qorqud” dastanının, ikinci nümunədə “transfermarkt” portalının və üçüncüdə FAZIOLI royallarının dünya qədər məşhur yox, dünyada məşhur olduğunu demək istəyiblər. Amma, heyhat, deyə bilməyiblər. Hər halda, ana dilimizdə deyə bilməyiblər. Alınmayıb, ədəbi dilimizin leksik norması pozulub. Azərbaycan dilində ta qədimlərdən –ca/-cə qoşması elə indi dediyim mənanı verib. “Uruz burada soylamış, görəlim, xanım, nə soylamış; aydır: A bəg baba! Dəvəcə böyümişsən, köşəkcə aqlın yoq! Dəpəcə böyümişsən, darıca beynin yoq!” “Qazan bəg oğli Uruz bəgin tutsaq oldiği boyi bəyan edər, xanim, hey!”. Mənbə: Kitabi-Dede_Qorqud_esil_ve_sadeleshdirilmish_metnler.pdf” /Kitabi-Dede_Qorqud_esil_ve_sadeleshdirilmish_metnler. Daha bir nümunə: href=”https://obastan.com/azerbaycan-dilinin-izahli-lugeti/a/?l=az”>Azərbaycan dilinin izahlı lüğəti DƏRYACA – dərya qədər
Əziziyəm gül əllər;
Şana barmaq, gül əllər;
Dəryaca ağlın olsa:
Yoxsul olsan, güləllər.
(Bayatı)
Yəqin, etiraz etməzsiniz ki, yuxarıdakı nümunələrdə dəvəcə, köşəkcə, dəpəcə, darıca, dəryaca sözləri dəvədə, köşəkdə, dəpədə, darıda, dəryada mənasında işlənməyib.
Əgər şübhə qalırsa, bu da kifayət etmirsə, ikidilli lüğətlərə baxaq:
Azərbaycanca-rusca lüğət
DÜNYACA нареч. см. dünyalarca
Dünyalarca: нареч. беспредельно, безгранично, безмерно.
Xətrini dünyalarca istəyirəm – безгранично уважаю тебя
Göründüyü kimi, bütün nümunələrdə -ca/-cə bənzətmə qoşmasıdır, qədər, kimi mənası verir. Amma saytınızda bu qoşma –da/-də yerlik hal şəkilçisinin funksiyasını həyata keçirir.
Son illər zamanın sürətinin artması, informasiyaların həddən artıq çoxalması və s. amillər insanları mətbuata, sosial şəbəkələrə daha çox bağlayıb. Dünya daralıb və özü ilə qloballaşmanın müxtəlif fəsadlarını gətirib. Yaşadığımız dövrdə ədəbi dilin qorunması nə qədər çətin olsa da, bütün imkanlardan istifadə edib onu yad təsirlərdən qorumalıyıq. Dilimizin azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişaf etdirilməsi zərurəti “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda da vurğulanır.
Amma yuxarıda verilən nümunələrdə dilimizə qarşı bir həmlə görürük. Cəmiyyətdə ayrı-ayrı fərdlərin dil normalarını pozması daha çox təhsillərinin keyfiyyətinin aşağı olması, fərdi erudisiyalarının kasadlığı, maraq dairəsinin primitivləşməsi, vətəndaşların qohum, qonşu və yad xalqların mədəni-linqvistik pressinqi altına düşmələri, öz mədəniyyətindən uzaq düşməsi, milli natamamlıq kompleksi, fərqli, modern görünmək istəyi, ədəbazlıq və sair amillərlə bağlı ola bilər. Amma cəmiyyətin avanqard hissəsi, o cümlədən Dövlət İnformasiya Agentliyi bu axına düşməməlidir. V. Humboldt dili metaforik olaraq insanın ətrafında cızılan dairəyə bənzədirdi. Bu dairədən çıxmağın yalnız bir yolu var: başqa bir dil dairəsinə keçmək, yəni fərqli bir dil tərəfindən cızılmış dairəyə keçmək. İnanmaq istərdik ki, Dövlət İnformasiya Agentliyinin belə bir hədəfi yoxdur. Amma ayrı-ayrı yazılarda bunun işartılarını görmək olar.
Yeri gəlmişkən, düz 803 gün bundan əvvəl qarşıma maraqlı bir yazı çıxmışdı, Demək, “Xalq qəzeti”nin 23 noyabr 2018-ci il tarixli nömrəsində filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın “Akademik Tofiq Hacıyev və ortaq türk dili ideyası” adlı məqaləsi dərc edilib. Yazını oxuyanda məlum olur ki, müəllif akademik T.Hacıyevin elmi irsinə yaxşı bələddir, əsərlərini oxuyub. Mərhum akademikin ortaq türk dili yox, ortaq ünsiyyət vasitəsi tərəfdarı olduğunu bilir: “Tofiq Hacıyev ortaq ünsiyyət dili olan türk dilinin digər türk dillərinin sıradan çıxması əsasında yaranmasının əleyhinə idi… Vətən sevdalı alim 2001-ci ildə mətbuata müsahibəsində belə deyirdi: “Ümumi türk dili formalaşa bilməz. Kimsə ana dilindən əl çəkib təzə dil yaratmaz. Sadəcə, müasir türk dillərindən birini ümumi ünsiyyət dili kimi qəbul etmək olar. Ümumi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri ilə ünsiyyətdə, beynəlxalq tədbirlərdə işlətməlisən, o, sənin dil açdığın dili, beşik dilini sıxışdırmamalıdır, yoxsa, ana dilinə şərik sayılar”.
Amma məqalənin təqdimatında “Azərtac”ın qeydi tamam başqa məna verir: “Ortaq türk dili ideyası xeyli vaxtdır gündəmdədir. Bu ideyanı dəstəkləyənlərdən biri də mərhum akademik Tofiq Hacıyev olub. AZƏRTAC bununla bağlı filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın qeydlərini təqdim edir”. Bu, məsuliyyətsizlikdir, yoxsa təxribat? Həmin yazı AZƏRTAC-ın deyilən təqdimatı ilə “Xalq qəzeti” ilə yanaşı, “Republika”, “Yeni Azərbaycan” və başqa qəzetlərdə dərc olunub. Bu barədə AZƏRTAC rəhbərliyinə və yazını çap edən qəzetlərin rəhbərlərinə yazdığım məktub 4 aprel 2021-ci ildə göndərilib. Amma bu günə kimi heç birindən cavab almamışam. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, xüsusi araşdırma tələb etməyən bu cür müraciətlərə ən geci 15 iş günü müddətində cavab verilməlidir. Indi o vaxtdan 853 gün, o cümlədən həftədə 5 iş günü hesablasaq, 609 iş günü keçib.
Xatırlatmaq istərdim ki, istər “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununun, istərsə də “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun pozulması inzibati hüquqi məsuliyyət yaradır.
Hörmətlə,
Vasif SADIQLI, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri