Daha bir repressiya qurbanını tanıyaq: Muxtar Hacıyev. Azərbaycan SSRİ Mərkəzi İcraiyyə komitəsinin ilk sədri Muxtar Hacıyevin qardaşı nəvəsi Mürəstə Hacıyeva ilə Ülvi Bahadırın söhbəti:
– Muxtar Hacıyevlə bağlı məlumat çox azdır. Hər şey tarixin tozlu səhifələrində ilişib qalıb. İstəyirəm, bu gün o səhifələrin tozunu alaq.
– Çox gözəl. Yaxşı düşünmüsünüz. Mən Hacıyeva Mürəstə. Muxtar Hacıyevin qardaşı nəvəsiyəm. Əslində, birbaşa nəvəsi hesab olunuram. Çünki onun ailəsi pərən-pərən oldu, qızları evlənmədi, övladları olmadı. Məni körpəlikdən götürüb saxladılar. Bir növ, onların qızıyam. Belə çıxır ki, mən birbaşa Muxtar Hacıyevin öz nəvəsiyəm. Muxtar Hacıyevin yoldaşının adı Söylü idi. Repressiyadan sonra bir o qalmışdı, “Söylü ana” deyirdim ona, Azadə bibi, bir də Tükəzban. Mən Tükəzbana “mama” deyirdim. Tükəzban həkim işləyirdi. Azadə isə indiki İqtisadiyyat Nazirliyində, – o vaxt “Qosplan” var idi, orada işləyirdi. Ailənin faciəsini görməmişəm, ancaq eşitmişəm. Tükəzban ailə haqqında çox yazmışdı. Qalaq-qalaq, dəftər-dəftər… Onları oxumuşdum. Oxuduqlarımın çoxu yadımdadır
– Muxtar bəy necə ailədə böyüyüb?
– Qazaxın Fərəhli kəndində doğulub. Atalarının adı Hacı kişi olub. Çox hörmətli-izzətli adam idi. Bizim nəsil də onun adı ilə – Hacıyev gedir. Əslində, bizim soyadımız Vəliyev olub. Sonra Muxtar baba tutuldu, həbsxanadan qaçdı, pasportunu cırıb Vəliyev soyadını götürdü. Bunlar da üç ya dörd qardaş olublar, səhv sala bilərəm. Çox kasıb olublar. Torpaq evdə yaşayırmışlar. Yayda dağa gedib qışda qayıdırmışlar.
Hacı babamın anasının adı Mürəstə olub. Onun adını da sonradan mənə veriblər. Çox hökmlü qadın idi. Dağa gedib, qayıdanda görüb ki, oğlu həyat yoldaşına paltar alıb. Atıb onu bayıra ki, sən bundan sonra mənim oğlum deyilsən. Get, harada istəyirsən yaşa. Bəs, yoldaşına icazəsiz don tikdirmisən. O da başqa ev tikib orada yaşayıb. O evdə Muxtar baba, Qurban baba, Mustafa baba və Paşa baba doğulub. Paşa baba mənim babam olub. Belə kasıblıqla böyüyüblər. Bütün ailənin yükü Muxtar babanın üstündə olub.
– O biri övladları necə olub?
– Mənim babam Paşa kənd soveti olub. Mustafa baba Qazax Müəllimlər Seminariyasını qurtarıb. Bir qardaşı da Gəncədə həkim idi. Bacıları oxumamışdı.
– Muxtar bəyin təhsili olmayıb?
– Xeyr, olmayıb. Öz üzərində işləyib. Həmişə fəal olub. İlk dəfə fəaliyyətə Qazaxda sovet höküməti qurulan dövrdə başlayıb. Sonra həbs edilib, həbsdən qaçanda pasportunu cırıb. Bəziləri deyir, hətta pasportunu yeyib. Qaçıb gəlib Bakıya. Bibiheybətdə neft sahəsində işləməyə başlayıb. Orada da Stalinlə tanış olub.
– Şəxsi tanışlığı olub?
– Bəli. Çox yaxın dost olublar. Elə burada Stalinlə birləşib “Nina” mətbəəsini, “Hümmət” cəmiyyətini yaradıblar. Nərimanovla, Ağamalıoğlu ilə, Bünzadzadə ilə dost olub. Onların ideyaları bir idi.
– Hər dövrün öz reallığı var. Səhv etmirəmsə, Ağamalıoğlu da Qazaxlıdır.
– Hə, ancaq Məmmədyarov maştağalı idi. Çingiz İldırım da onlarla idi. Tağı Şahbazi da var idi Fatmayidən. Yavaş-yavaş fəaliyyətə başlayıb höküməti ələ alıblar. Birinci plenumda Mərkəzi Komitənin sədri Muxtar Hacıyev seçilib. Ağamalıoğlu da onun müavini idi.
– Cümhuriyyət dövründə hansı fəaliyyətləri olub?
– Onlar əks qütblər idilər. Bir-birinə qarşı mübarizə aparıblar.
– Muxtar Hacıyevin neçə övladı olub?
– Dörd qızı, bir oğlu olub.
– Həyat yoldaşı ilə necə tanış olub?
– Elə Fərəhlidən idi. 16 yaşında ərə gəlib. Onda Muxtar baba Bakıda idi. Qızın ailəsi razılıq verəndən sonra evlənib, qızı da gətirib Bakıya. Dediyim kimi, dörd qızı, bir oğlu dünyaya gəlib. Hamısı da bu ideyanın qurbanı oldu.
Nənəm danışırdı ki, bir gün Muxtar baba gəlib dedi ki, Soltan Məcidi apardılar. Mən Bağırovun qəbuluna yazıldım, ancaq o məni qəbul eləmədi. Halbuki onunla dost olublar. Deyir, çox narahat idi. Pencəyini çiyninə atıb evin ortasında var-gəl eləməyə başladı. Elə bu vaxt qapı döyüldü. O vaxt bütün qapılar eyni cür, eyni ahənglə döyülürdü. Yapışıblar ayağından ki, biz qoymarıq sən gedəsən. Bilmirdik kimdi qapını döyən, ancaq hiss eləmişdik. Özü gedib qapını açdı. Gələnlər də elə onu qoruyan əsgərlər olub. Deyiblər ki, Muxtar əmi, hazırlaş, gedirik. Evi ələk-vələk eləyiblər. Ancaq heç nə tapmayıblar. Uşaqlar ağlaşıblar. O da pencəyini geyinib, böyük qızı Tükəzbanın başını sığallayıb deyib ki, mənim heç bir günahım yoxdur. Stalinə xəbər eləyin, o, imkan verməz ki, məni tutsunlar. Səhəri gün Stalinə teleqram vurublar, ancaq teleqram getməyib. Nə qədər eləyiblər, teleqram Stalinə yetişməyib. Axırda məcbur olub dəmiryolu vağzalına gediblər ki, teleqramı Moskavaya gedən bir nəfərə versinlər. Bunları izləyirmişlər. Vaqona minən kimi tutulublar. Deyiblər ki, siz Moskvaya heç nə göndərə bilməzsiniz. İmkan verməyiblər məktub göndərməyə.
Övladları danışırdı ki, hər gün Bayıla yanına gedirdik. Bir gün gördük ki, yoxdur. Tək o deyildi, bir neçəsi də onun kimi idi.
– Evlərini də əllərindən alıblar.
– Hə. Aradan bir müddət keçəndən sonra evlərini əllərindən alıblar. Evləri də Səadət sarayından aşağıdakı binanın ikinci mərtəbəsində idi. Evdən çıxarıblar. Baba rayondan gəlib. Bunları götürüb Sovetskiyə aparıb. Orada dörd uşaq bir ana balaca bir zirzəmidə yaşayıblar. Deyirlər ki, gün sayırdıq. Gözləyirdik ki, anamızı da aparacaqlar. Bir gün yenə qapı eyni cür döyüldü. Anam boxçasını hazırlamışdı. Bir rus qadın idi, bir də əsgərlər. Anam da rusca bilmirdi. Yalvarıb-yaxardı qadına. Bizi qoydular orada, anamızı apardılar. Biz hər gün anamızın yanına Bayıl həbsxanasına gedirdik.
Vaxtilə “7 gün” qəzeti var idi. Emin Eminbəyli oranın redaktoru idi. Onun nənəsi Firuzə xalagil həftədə bir dəfə bizə qonaq gəlirdilər.
Bunlar hər gün kartof bişirib analarına aparırmışlar.
– Muxtar bəyin bir oğlu da olub. Faciəvi şəkildə vəfat edib.
– Hə, bir oğlu olub. Həmin vaxtlarda 18 yaşı var idi. Hər gün velosipedlə anasının dalınca gedib-gəlirmiş. Bir gün velosipeddən yıxılır, yaralanır. Heç kimə demir. Axırda infeksiya düşür bədəninə. Görüblər ki, bədəni şişir, xəstəxanaa aparıblar. Güc-bəla, xahiş-minnətlə xəstəxanaya götürüblər. “Ay ana” deyib fəryad edirmiş. Yanındakılardan biri də deyib ki, anası niyə gəlib görmür uşağını? Qorxularından deyə bilməyiblər ki, anasını tutublar. Deyiblər ki, anası ərə gedib. Onlar da deyib ki, ay vicdansız, belə oğulun da anası ərə gedər?
Səhəri gün oğlan keçinir. Dalınca heç kim gəlmir. Tütün ya çay fabrikində işləyən bir qadın deyir ki, mənim oğlumun yanındakı yer boşdur. Heç evə də gətirməyiblər. Xəstəxanadan birbaşa aparıb dəfn eləyiblər. O uşağın dəfn olunduğu yer bilinmir. Heç adı da yazılmayıb. Kamran olub adı. Sonra bunlar lap qorxub, pərən-pərən olublar. Tofiq Quliyevin atası bunlara həyan olub. Kiçik qızı – Azadəni öz evində saxlayıb. O da oxuyub, instituta girib. Tükəzban tibb institutuna daxil olub. Gülgəz Gürcüstana gedib. Orada bir oğlanla tanış olub.
– Məşhur Acalovlardan olub.
– Bəli. Emin ağa Acalovun oğlu olub. Evləniblər, ancaq atası razı olmayıb. Muxtar baba deyib ki, mən qolçomaq oğluna qız vermərəm. O da deyib ki, mən bolşevik qızını almaram. Bir az Tiflisdə yaşayıblar. Bu ərəfələrdə orada yaşadıqlarına görə Bakıdakı əzab-əziyyəti görməyiblər. Bir oğlu olub. Bir ya iki yaşı olanda anası rəhmətə gedib. Almaz tək böyüdüb uşağı. Uşağın adı Namiq idi. Bu yaxınlarda rəhmətə getdi. Bir qızları Cəvahir də naxçıvanlı bir oğlana getdi. O da orada vəfat etdi. Nə Gülgəzin məzarı bilinir, nə də Cəvahirin. Kamranın dəfni lap acınacaqlı olub. 5-10 adam aparıb dəfn eləyib. Qorxularından soruşmayıblar yerini.
Tofiq Quliyevin bacısı Fəridə Quliyeva ilə Azadə bacı kimi idilər. Fəridə xanım bu yaxınlarda rəhmətə getdi.
Söylü ananı Qazaxıstana aparıblarmış.
On ildən sonra xəbər gəlir ki, gəlin ananızı aparın. Soyuq qış günü, nazik paltarda saatlarla, günlərlə təyyarə, yaxud qatar gözləyir. Dəmiryol vağzalında var-gəl edəndə bir neçə qadın görür – biri Eminbəylinin nənəsi Firuzə xala, biri mənim Söylü anam, bir də 2-3 qadın olub, adları yadımda deyil. Qadınlar da qatar gözləyirlərmiş. Firuzə xala deyir ki, ay Söylü bacı, o sənin qızın deyil? Deyir, mənim qızımın heç sümüyü də qalmayıb. Haradan bilirsənki, qızımdı? Deyib, vallah, soruşacam. Yaxınlaşıb Azərbaycan dilində deyib ki, a qızım, sən hara gedirsən? Deyib ki, Qazaxıstana, anamın dalınca gedirəm. Məktub gəlib ki, gəl apar ananı. Soruşub ki, sənin anan kimdi? “Söylü” cavabını alandan sonra, deyib, gəl sənin anan buradadı. Təsadüfə bax ki, Krasnodarda dəmiryol vağzalında ana-bala görüşüblər. Görün necə görüş olub da orada.
– Neçənci illərə təsadüf edir?
– 1948-ci il. Müharibə qurtarandan sonra…
– Muxtar Hacıyev kommunist olub. Onların tərəfində idi. O nəyə görə repressiyaya məruz qalıb?
– Onlar üçün fərqi yox idi. Bir səbəb tapırdılar. Evdə heç nə tapmadılar. “Pantürkist” adı verib, apardılar.
– Belə bir fəaliyyəti olub?
– Elə bir şey olmayıb. Sadəcə inqilaba qoşulub.
– O dövrdə pantürkistlər aktiv idilər.
– Yox, onlara qoşulmayıb. O vaxt siyahı verilmişdi. Mikayıl Müşfiq guya neyləmişdi? Sadəcə siyahı var idi. Deyirdilər ki, bu qədər adamın adını de. Əslində, onun Mircəfər Bagırovla münasibəti çox yaxşı olub. Güllələnməsindən Bağırovun xəbəri olmayıb. Stalinlə yaxın dost olub. Bilinmir, bu siyahıda onun adını niyə gedib.
– Rəsulzadə ilə də əlaqəsi olub?
– Yox, olmayıb.
– Məlum, o rejimə inananların çoxu sonradan yollarını dəyişdilər. Muxtar bəy isə sonadək o rejimə, o idealogiyaya sadiq olub.
– Qızının dediyinə görə, o heç vaxt öz əqidəsini dəyişməyib. Həmişə atasının adının gəmiyə, küçəyə verilməsi üçün müraciət edəndə yazırdı ki, o, Azərbaycanın müstəqilliyini istəyirdi. İndi o məktubları tapa bilmirəm. Yazırdı ki, Muxtar bəy Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb. Musabəyov, Nərimanovdan fərqli olaraq Muxtar Hacıyev kasıb ailədən çıxıb, kasıbların hökümətini qurmaq istəyib. Bir dəfə xaricdən qonaqlar gəlib, ona deyiblər gəl sənə kostyum alaq, razılaşmayıb. Deyib ki, lazım deyil. Bu qədər kasıbın içində necə kostyum geyinim? İcarəyə kostyum götürmüşdülər, həmin gün də qaytarmışdılar. O, həmişə kasıblara kömək edib. Qazaxdan təhsil almaq üçün gələn tələbələrə evində yer verib. Əminə Dilbazi, Mirvarid Dilbazi onun evində qalıb oxuyublar.
– Nəriman Nərimanovla da dost olublar dediniz…
– Ən yaxın dostu Nəriman Nərimanov olub. Çox yaxın münasibərləri olub. Evlərinə tez-tez gəlib gedirmiş. Qızları deyirdi ki, biz ona “Nəriman əmi” deyirdik. Evlərinə gələndə hərəsini bir dizinin üstünə oturdurmuş. Şəkilləri də var.
Bir gün Muxtar baba işdən gəlir. Uşaqlar qabağına qaçır ki, ata, gedək gəzməyə. Muxtar babanın da qanı qara imiş. Deyib ki, oturun yerinizdə, heç yerə getmirik. Hönkür-hönkür ağlayırmış. Deyib, bu gün Nəriman Nərimanov rəhmətə gedib.
Dost itkisini qəbul eləyə bilmirdi.
Nə vaxt dindirirdin, deyirdi ki, niyə ancaq varlıların uşaqları oxumalıdı? Yoldaşı repressiyadan qayıdanda Bakıda yaşamalarına icazə verməyiblər. Deyiblər “xalq düşməni”nin ailəsidi.
Qızının təyinatını birinci Ucara veriblər. Ancaq Tofiq Quliyevin atası Ələkbər əminin xahişiylə onu Ucardan Qazaxın Poylu kəndinə göndəriblər. Bir həkim məntəqəsi varmış, ana-bala orda yaşayıblar. Mərkəzə icazə vermirdilər. Orada yaşayıb insanlara yardım edirdilər. Deyiblər, dəmiryolundan bir neçə kilometr aralı olmalısınız. Arada rayon mərkəzinə gəlirlərmiş, onda da polisə xəbər verirlərmiş ki, Muxtarın arvadı rayon mərkəzinə gəlib. Həmin vaxt Səməd Vurğunun qardaşı Mehdixan Vəkilov işə qarışıb. Vəkilov tapşırandan sonra onlara dəyib-dolaşmayıblar.
Muxtar Hacıyevin 100 illiyini Qazaxın Fərəhli kəndində Tarix İnstitutu keçirib. Onun arvadı, iki qızı Qurd qapısı qəbiristanlığında dəfn olunub. Onlar mənim anam kimi idi. Onları anamdan çox sevirdim.
– Bakıya nə vaxt gəliblər?
– Vəkilovun tapşırığından sonra Tükəz ana həm təcili yardıma işə düzəldi, həm də tibb texnikumunda müəllimlik etməyə başladı. O vaxt orada Muxtar müəllimin bir qardaşı Mustafa babagil yaşayırdı. Əvvəl onlarla birgə yaşayıblar. Sonra ayrı ev tutublar, 1956-cı ilədək orada yaşayıblar. 1956-cı ildə – bəraət alandan sonra Bakıya gəliblər. Onlara Hüsü Hacıyev küçəsində ikiotaqlı bir ev veriblər.
– Bəraətdən sonra əvvəlki ev qaytarılmadı?
– Yox. Araşdırdım, dedilər sizə ev verilib də.
Evdə çoxlu şəkillər var idi. Muxtar Hacıyevin bacısı oğlu bütün şəkilləri istədi. Dedi, qoy haqqında yazım, toplayım, bir iş çıxaraq ortaya. Aparıb verdim, o da rəhmətə getdi, beləcə iş yarımçıq qaldı.
Azadə xanım çox gözəl olub. Niyazi cavan vaxtı Azadənin vurğunu idi. Azadə onu başa salıb ki, mən “xalq düşməni”nin qızıyam. Sənə problem yaradaram. Və ayrılıblar.
Azadə üç dəfə beynindən əməliyyat olundu. Ailə qurmamışdı. 51 yaşında rəhmətə getdi. Söylü anasa yaşadı.
– Bakıya gələndən sonra aqibətləri necə oldu?
– Tükəz ana dəmiryol xəstəxanasında işə düzəldi. Sonra xəstəxananın laboratoriya müdiri oldu. Azadə isə “Qosplan”da işlədi. Söylü ana da təqaüd alırdı. Belə dolandılar.
– Muxtar müəllim həbs olunanda uşaqların neçə yaşı olub?
– Tükəzban bir az böyük olub. Azadənin 10 yaşı var idi.
– Atalarını necə xatırlayırdılar?
– Çox həlim, gözəl insan olub. Uşaqlarının təhsil almasını istəyib. Çoxlu məqalələr yazıb. Sovet höküməti qurulmamışdan qabaq da qəzetlərə məqalələr verib. Hamısını da kasıblara həsr edib. Kasıb uşaqlarının oxumamasına, yüksək vəzifələr tutmamasına görə həmişə narahat olub.
– Söylü anagili harada saxlayıblar? Akmolda, yoxsa Seqaçda?
– Söylü anagil Seqaçda qalıblar. Deyir, qışın günündə ayaqqabımızın altının qarını təmizləyib, sorurduq. Dəri idi, guya qarnımıza nəsə gedəcəkdi. Çox aclıq, zülm çəkiblər.
– Bura qayıdandan sonra soruşmayıb ki, oğlum haradadır? O gedəndən sonra oğlu rəhmətə getmişdi…
– Bir gün Qazaxa yas mərasiminə gediblər. Ağı deyənlər Kamranın da adını çəkiblər. Onda yazıq qadın bilib ki, oğlu rəhmətə gedib. Həmişə Tükəz ana deyərdi ki, arvad oğlunun ölümünü biləndə özünü döyüb ağladı. Gərək onda bir məclis təşkil edərdik. Ehsan verərdik adına. Bir yerdə daş qoydurardıq. Onda “xalq düşməni” deyildik. Onu eləmədim. Elə də getdi. – Bunu özünə bağışlamırdı.
– Sovet dağılandan sonra hər şey unuduldu?
– Yox, heç nə unudulmadı. Şəkidə, Gəncədə adına küçə var. Şəmkirdə Muxtariyyə kəndi var. Bir də Bakıda mikrorayonda bir küçə vardı. Sonra adını o küçədən götürdülər. Müraciət etdik, dedilər ki, dövrün tələbidir.
– Sonradan Muxtar Hacıyevi araşdıranlar, maraqlananlar oldumu?
– Sovet vaxtı haqqında təkcə Rüfət Qafarov yazıb.
– Bəs müstəqillik dövründə?
– Yox, müstəqillik dövründə olmayıb. Bir də Şəmistan Nəzərli var, hərbi jurnalist. Mənimlə AzTV-də işləyirdi. Ona da çoxlu şəkillər vermişdim. Hər dəfə deyirdim ki, ay Şəmistan, bu sənədləri qaytar, o da bir gün dedi ki, köçəndə itirmişəm. Nələrsə yazacaqdı, qaldı. Başqa araşdıran olmayıb.
– Dediniz, Şəmkirin bir kəndə onun adını veriblər. Şəmkirdə niyə, maraqlıdır?
– O vaxt Şəmkirdə əksinqilabi ixtişaşlar var idi. Səhər tezdən özünü çatdırıb Zəyəm kəndinə. Camaatla söhbət edib, problemlərini dinləyib. Ondan sonra da kəndin adı Muxtariyyə olub. Ona “Həzrət Abbas” deyirlərmiş.
– Stalinlə yaxın olublar. Qəflətən belə qərarın verilməsi nə ilə bağlı olub? Nə ilə ittiham ediblər?
– İttiham aktı nə olub, bilmirəm. O dövrdə tutulanlara ancaq “pantürkist” deyirdilər.
Tükəz bibi Bağırovun məhkəməsində iştirak edib. Danışırdı ki, biz acından ölürdük, heç nəyimiz yox idi, ancaq Mircəfər Bağırov hər səhər süd hovuzunda çimirdi, sonra da o südü qablaşdırıb mağazalara paylayırlarmış. Məhkəməsində deyilib bu sözlər.
Stalinin olanlardan xəbəri yox idi. Hər şeyi Beriya təşkil edirdi.
– Bəraət üçün kim müraciət edirdi?
– Ən çox Tükəzban. Nəhayət, 1956-cı ildə bəraət verildi. Mənə tələbə vaxtı onun nəvəsi olduğuma görə çox hörmət edirdilər.
– Ailədən sizdən başqa kimsə qalıbmı həyatda?
– Məndən başqa heç kim. Bir də Muxtar babanın qardaşı qızları var Gəncədə. Qurban əminin dörd qızı var. Bir qızı rəhmətə gedib, üçü qalır. Biz də üç bacı idik, bacılarım rəhmətə gedib.
Muxtar babanın inqilabçı atasını qolçomaqlar güllələyiblər. Qəbri Qazaxın Fərəhli kəndindədir.
– Fərəhlidə dədə-baba yurdunda kimsə yaşayır?
– Hə, bacım oğlu yaşayır.
Onun qızlarının bütün sənədləri, ölüm şəhadətnamələri hamısı məndədi, çünki onları mən dəfn eləmişəm, başdaşlarını mən qoydurmuşam. Birinci Azadə rəhmətə getdi 51 yaşında, sonra Söylü ana 90 yaşında, Tükəzban da 79 yaşında. 1975-ci ildə Azadə, 1980-cı ildə Söylü ana.1996-cı ildə Tükəzban.
Qızı istəyirdi ki, onun adına gəmi, institut, məktəb olsun. Hər dəfə də yazırdılar ki, lazımınca qiymətləndirilib.
Bir dəfə Nəriman Həsənzadə dedi ki, onun haqqında poema yazmaq istəyirəm, həmin ərəfədə onun yoldaşı rəhmətə getdi, yaza bilmədi. O vaxtlar “Ədəbiyyat” qəzetinin baş redaktoru idi.
Tükəzban özü çox gözəl yazılar yazırdı. Mən birini “Dalğa” qəzetində çap elətdirmişdim. Qısa məqalə idi.
– Siz jurnalist kimi fəaliyyət göstərmisiniz?
– Bir müddət – 1979-1983-cü illərdə AzTV-də işlədim. Sonra Xalq Cəbhəsi gəldi. Öz adamlarını işlə təmin etmək üçün məni və bir çoxlarını işdən çıxartdılar.
– Nə işləyirdiniz Aztv-də?
– Reklam şöbəsində redaktor işləyirdim. Sonra qəzetə keçdim. Ekran-efir proqramları vardı. İş yoldaşlarımın əksəriyyəti indi təqaüddədir. Yoldaşım Ramiz Rzayev Heydər Əliyevin operatoru olub, onunla dünyanı gəzib.
Bizim vaxtımızda Telli Pənahqızı, Qərənfil Xəlilova vardı. Qərənfil yaxşı sənədli filmlər çəkirdi.
– Ümumiləşdirsək, Muxtar Hacıyevin Azərbaycan tarixindəki əsas fəaliyyəti nə olub?
– Onun ən böyük fəaliyyəti ilk Azərbaycan kontitusiyasını imzalamaq olub. 70 il həmin konstitusiya ilə yaşamışıq.
Bir də Leninlə görüşüb. Lenin sual verib ki, sən ölkən üçün nə istəyirsən? O da deyib ki, biz neft ölkəsiyik. Nefti sənayeyə də 10 qəpiyə satırıq, əhaliyə də. Gəlin əhaliyə satılan neftin qiymətini ucuzlaşdıraq. Lenin soruşub, yaxşı, bəs, neçəyə olsun? O da cavab verib ki, yeddi qəpiyə.
Beləcə neft uzun müddət yeddi qəpiyə satılıb.