04 Temmuz 2024

           Allahın ədalət prinsipi hardadır ki, deyirlər, birini çox gözəl yaradır, birini çox çirkin, birinə həyatda arzuladığı hər şeyi verir, birinə heç nə vermir.Bəzi insanın dilədiyi hər şey çox qısa zamanda həyata keçir, bəzisininki nə qısa zamanda, nə də uzun zamanda həyata keçmir.Bir də görürsən ki, insanlıqdan pay almamış, ya da çox cüzi almış bir insan qalxıb “baxın a, yana-yana qalın a, mən sovet vətəndaşıyam” deyirmiş kimi, mən Allah adamıyam deyib öyünür ki, Allah mənim səsimi istədiyim anda eşidir.Başqa biri olduqca əməli saleh, əsl insandır, ancaq xırda bir şey üçün illərlə Allaha dua edir, dilək diləyir, amma həyata keçmir, istəkləri olmur. Düşünür ki, mən Allah Təalanın sevmədiyi bir insanam, ona görə də Allah mənim səsimi eşitmir. Başına üst-üstə bəlalar gələn adam istər-istəməz , ”Allah mənə qarğayıb” deyir. Ümidsizlik içində inamı sarsılan insana digər tərəfdən də cəmiyyət zərbə vurur. Çünki bizim bir qismimiz “əyilənə balta vuranlarıq”, bir qismimiz əyilənə uzaqdan baxıb xor görənlərik, bir qismimiz də əyiləni heç görmürük.

    Allah bir möcüzə yaratsa, hər şey gözəl olsa, bütün çirkinlər gözəlləşsə, o zaman nə olardı.Ya da düşünürsən ki, Allah çirkinliyi niyə  yaradır, axı Allah hər şeyə gücü çatdığı kimi, sadəcə gözəllikləri, xeyiri yarada bilərdi, onda dünya daha  xoş olardı. Amma xeyirin yanında şəri, yaxşının yanında pisi, gözəlin yanında çirkini yaratmış, bunlar arasında əbədi bir tarazlıq qurmuşdur. Bu tarazlığın hikməti nədir? Buna tarix boyu bəşər beyin yorur, ancaq bir yana çıxa bilmir, səbəb tapa bilmir. Deyirik, pis olmasa yaxşı seçilməz, şər olmasa xeyir olmaz, çirkin olmasa gözəlin qədri bilinməz. Bunlar adi bir nağıldır. Məsələn, İlahini niyə ərəb hərfləri ilə izah edirlər, amma latın, ya da kiril əlifbası ilə izah etmirlər, baxmayaraq ki, hər birini Allah yaradıb və Onun iradəsi olmadan bir hərf yazıla bilməz, bir səs çıxmaz. Bunu bilmədiyimiz kimi çirkinin də nə üçün yarandığını bilmirik.

       Çirkinin yaranma səbəbi bizə qaranlıqdır, ancaq çirkin bundan özünü bədbəxt hiss etməlidirmi? Ya da bir insan gözəl olduğu üçün özünü öyməli, mən gözələm deyə qürurlanmalıdırmı?

 Çirkinlik və ya gözəllik insanın öz əlində deyil, biz vücudumuzu və simamızı özümüz təyin etmirik, özümüz yaratmırıq, istədiyimizdə onları dəyişdirə bilmirik. Gözəlliyi kim təyin edir, bəlkə bizim çirkin dediyimiz, əslində gözəldir. Ərəbdən başqa Kiril, latın, ya da başqa əlifbalar tanrının şifrəsini ifadə etmirsə, demək bizim surətimiz də Allahı ifadə etmir. Çünki Allah “Mən insanı öz surətimdə yaratdım” deyir, təkcə gözəl insanları öz surətimdə yaratdım demir.

   Çirkini xor görmək, ona kinayə etməklə, əslində, Allahın bir feilinə, onun yaratdığı bir varlığa, qısacası, dolayı yolla Allaha kinayə etmiş, onu bəyənməmiş oluruq. Digər yöndən, cəmiyyətin yaxşı-pis tarazlığı varsa, bu balansı yaradan mənfi-müsbət enerjinin-əhvalın tarazlığıdır.

Böyük islam alimi Mühiddin Ərəbiyə görə, varlıq, eləcə də insan yoxdan var edilmədi, varlıq Allahın elmində əzəldə var idi. Onun yaratdığı hər surət əzəldə Onun elmində (Onun elmi nədir, bilmirik) var idi və onu yerə endirən, yəni bu indiki şəklində aşkara çıxarılan elə bu şəkildəki, bu surətdəki mənanı, surətdə ifadə edilən mahiyyəti, cövhəri bizə söyləyir. Ancaq zamanla əslindən uzaqlaşmış, mahiyyətindən yayınmış bizim, qaba hislərə yenilərək ülviliyi sezmə istedadını itirmiş idrakımız o mahiyyəti, mənanı alıb qavraya bilmir.

 Surəti çirkin olan, daha doğrusu bizə çirkin görünən insan Allahın hansı sifətinin təzahürüdür, bilmirik. Bilmədiyimizə görə də Allahın hər hansı bir sifətinin təzahürü kimi qəbul edib özümüzün ən çirkin üzümüzü (görünüş baxımından) belə, onu yaradanı düşünərək xoş qarşılamalıyıq. Daha bəsit mənada desək, ətrafımızda gözəl və xoş auranın olmasını həmişə istəyirik. Ancaq bu xoş auranı bizim özümüz yaratdığımızın çox zaman fərqində olmuruq.

           Biz ətrafımızda olan ən xoşagəməz hadisədən belə müsbət əhval yarada bilərik, sadəcə buna iradəmiz çatmır. Çünki ətrafımızda çirkin bir adam görərkən, o an əhvalımızda, sanki mənfi bir dalğa yaranıb keçir, gözəl insan görəndə isə müsbət-xoş dalğa keçir. Üstəlik, biz gözəl olmayan insana qarşı xoş olmayan hislərimizi özümüz körükləyirik və ətrafa daha da mənfi enerji saçırıq. Onun güzgüsü olub çirkinliyi əks edirik. O, öz surəti ilə qeyri ixtiyari, biz isə duyğularımızla bilərək yaradırıq bu hissi. Demək, bizim mənfi enerjimiz daha təsirli və güclü olur. Əksinə, qarşıdakı çirkini xoş qarşılasaq, onu Allahın bir sifətinin təzahürü, Allahın bizə söylədiyi hər hansı bir məna olaraq düşünsək, bu düşüncədən bizdə yaranan xoş təəssürat ətrafımızda cərəyan edərək çirkin insana da sirayət edəcək, bəlli bir zaman sonra onun surəti, üzü getdikcə mənalanacaq, nurlanaraq gözəlləşəcək.Çünki üzün gözəlliyi, sadəcə, ölçülərdə deyil, həm də üzün ifadəsindədir. Qaşqabağını tökmüş adamla təbəssümlü adamın gözəlliyi çox fərqlənir. Əlbəttə ki, gülümsər daha adam gözəl, işıqlı görünür. Odur ki, ”Hərdən çirkinə də gözəlsən deyin” , bunu deməklə addım-addım, pillə-pillə dünyanı gözəlləşdirə bilərik.Gəlin, dünyanı gözəlləşdirək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir