
Yolla gedirik, yol düz qonşumuzun pəncərəsinin dibindən keçir, başımı döndərəndə
gözüm istər- istəməz pəncərəyə qoyulan qırmızı gül dəstəsinə sataşır və qeyri- ixtiyari “aa, nə
gözəl gül dəstəsidir” deyir və dönüb gülə bir də baxıram. Gülün özü gözəldir, üstəlik zövqlə və
məharətlə buket bağlanaraq bu gözəllik daha da tamamlanmışdır. Yol yoldaşım mənim bu
heyrətimi bircə kəlimə ilə yerə vurub gülü də, gülün qoyulduğu evi də pəncərəsi ilə birgə yerlə
bir etdi, elə özü də o xarabalığın altında qaldı. O kəlimə bu idi: ərsiz qadının gülü. Bu yarım cümlənin ağırlığı bəs elədi, mən artıq deyilənlərin davamını eşitmədim.
Budur bizim toplum, güldən belə şaiyə quraşdıraraq, az tanıdığımız, haqqında heç nə
bilmədiyimiz qonşu haqqında söz deyirik. Üstəlik də, bu xoş söz deyil, əksinə haqlı olmadığın
halda bir insanı şübhə altına almaqdır.
Neçə gündür öz-özümə düşünürəm ki, biz niyə beləyik, nə olardı ki, uzaqdan uzağa
gördüyümüz, haqqında heç nə bilmədiyimiz o qadın barəsində xoş söz deyəydik. Niyə insanların
yaxşı tərəfi gözümüzün qabağında olsa da, onu görmək istəmirik, onda nəsə pis bir şey
axtarırıq. O pisi tapanda, sanki rahatlayırıq, beynimizin vurnuxması dayanır. Bəlkə bu da bir
eqoistlikdir, qarşısında pis cəhət görən kimi adam tez dönüb özünə baxır və o dəqiqə də
içində bir məmnunluq yaranır ki, nə yaxşı məndə belə pis cəhətlər yoxdur, hətta olsa belə o yenə
də o mənfi xüsusiyyətləri özündə yox hesab edir, məmnun olaraq özünü yaxşıların cərgəsinə
qoyur.
“Şübhəsiz ki, zənnin bəzisi günahdır” (Hücurat s., 12), ancaq biz bir fikir deyərkən, bunu
düşünürükmü? Xeyr, ağlımıza gələn fikri dilimizə gətirərək beynimizi bu yükdən xilas edirik,
dilimizin üstündə söz ilinmir, sözü isinməyə, bişməyə qoymuruq. Atalarımız belə bunu bizə məsləhət görüb “qoy ağzında su ilinsin (yəni isinsin, sözü saxla) deyiblər. Zənn edərək əsassız söz deməklə toplumda yalan, səhv fikir formalaşdırırıq, sonra xoşumuz gəlməyən bir halla qarşılaşanda
şikayətlənirik ki, bu dünya niyə düzəlmir.
Dünyanı bir qırağa qoyub özümüzü düşünək, bir gün güzgü qabağına keçib özümüzdən
soruşaq: mən niyə düzəlmirəm? Bu sualı verməyə cəsarətin varmı? O tərəfdən içindəki mənlik
qüruru tez ayağa qalxır ki, mənə nə olub axı, əyriyəm ki, düzələm, sən get, özündən danış. Bizim
sorğu-suala ilk reaksiyamız bu olur və bu reaksiyadan sonra mənlik qüruru sorğu-sualdan
yaxasını qurtardığını sanır.
Gəlin, elə danışaq ki, “Sabah Allahın hüzurunda üzümüz qara olmasın…”(Fateh Sultan M.).
“Ərsiz qadının gülü” sözünü dedi. Bəlkə bir başqası başqa bir söz deyəcək. Ancaq bu sözün arxasında nələr durur, bunu düşünmək heç xoş deyil…Dünyanı demirəm, təkcə Azərbaycanda yüzlərlə, bəlkə minlərlə tək, ya da tənha qadın var, bir an onlar, sanki dünyanın hər tərəfindən gözlərini üzümə zilləyərək qınayıcı bir səslə “niyə?” deyə sual verdilər, “niyə biz potensial günahkar sayılırıq?” dedilər.
Ər qadının dünyaya qarşı sipəridir, yaxşı olsun, bəs əgər tənha qadının belə sipəri, qoruyucusu yoxdursa,
bu bizə haq verirmi ona söz deməyə. Ona xoş olmayan eyham vurmağa, haqqında layiq olmadığı fikirlər uydurmağa? Haqq olmayan, zənnlə deyilən, güman edilərək dilə gətirilən hər söz vaxt gələcək bizdən haqq-hesab tələb edəcək. Dediyimiz hər sözün, içimizdən keçirdiyimiz hər hissin, fikrin bədəlini ödəyəcəyik.
Buna mövhumat deməyin, belə bir fikir deyəcəm. Dilimizdə bir “yersiz söz” ifadəsi var, bilirsinizmi niyə yersiz söz ifadəsi işlədilib. Fəzada, bizim boşluq adlandırdığımız yerdə maddi-mənəvi hər nəsnənin, hər fikrin, sözün, yaşantının öz yeri var. Bəlkə bu gün biz bunu gözlə görüb sübut edə bilmirik, əllə tutub göstərə bilmirik, ancaq ruhani dəlillərlə bu sübut olunur. Hər “daşın” oturduğu yer var. Söz də eləcə dildən çıxdısa, öz əbədi məkanını taparaq ora qonur. Sözün yerində deyilməsi odur ki, artıq onun xanası boşdur və o gedib öz yerində, xanasında oturmalıdır, yersiz söz isə əbədilik xanası olmayan sözdür, onu heç kim, heç yer götürmür və söz fəzda boşluqda səfil sərgərdan dolanır, insanlara yaxınlaşır, onların başının üstündə fırlanaraq boş bir məqam gəzir ki, özünə yer eləsin. Ən çox mənasız danışığa meylli olanların ətrafında gəzir və bir an fürsət tapıb onların dilinə qonur. ”Söz mücərrəddir” deyib
keçmə, “Faniyə aldanırsan” (Hüdayi), vaxt gələcək sözün şəklini çəkən, çəkisini, ölçülərini
göstərən cihazlar icad olunacaq. O zaman, həmin o efir sivilizasiyasında dediyin sözləri üzünə oxuyacaq və səndən niyə dedin deyə soruşacaqlar. Buna bir cavabın olacaqmı?
Your website is refreshing. The standard of your writing makes reading a pleasure.