02 Temmuz 2024

ERMƏNİYƏ ƏSİR GƏLİN

( gerçək hekayə)

“Birdən gələn bizimkilərdən olar” deyə tələsik əlindəkini yerə qoyub içəri qaçdı. Özü də bilmirdi ki, niyə hər uzaqdan gələnə “bizimkilər olar” deyə bir ümidlənir, sonra da bundan peşman olub gizlənirdi.Ümid illərdir gizli dərd kimi içinin bir küncünə qısılıb durur, hər an baş qaldırıb canlanır, sonra yenidən sönürdü.Bu dəfə də uzaqdan qaraltı görəndə bir ümidlə bəlkə bizimkilərdəndir dedi, sonra elə o sürətlə də beynindən sualın cavabı keçdi ki, yox, yox, bizimkilərdən olmasın.Bizimkilərdən heç kimi görmək istəmirəm.Bəlkə də bizimkilərdən artıq heç kim qalmayıb, bəlkə də kimsə qurtulub sağ qalıbdı. Amma sağ olsa da…

Burda nə deyəcəyini bilmirdi, əgər bizimkilərdən sağ qalan varsa, mənim də sağ qaldığımı öyrənsə nələr olar, mənə nə deyərlər, deməzlərmi, ar olsun sənə, bu nə həyatdır, ondansa elə o damda o bombanın altında sən də öləydin. Niyə ölmədim? Yaşamaq bu qədər gözəlmi? Bu qədər lazımmı? Bu qədərmi güclü həyat eşqim var? Niyə hamıya qarışıb ölmədim? Ölməyə qoymadılar? Bu mənasız bir söz oldu, sanki illərdir gecə gündüz məni güdürlər? Düzdür, ilk illər məni gözdən qoymurdular, elə bilirdilər ya qaçacam, ya da canıma qıyacam, ancaq sonralar onlar da arxayınlaşdılar ki, mən nə qaçacam, nə də canıma qıyacam, eləcə bu rəzil həyatı yaşayıb sürünəcəm. Nəyin xatirinə? Bunu bilmirdi. Heç bilmirdi. Düşünəndə fikirləri qırılır, içinə bir boşluq dolurdu. Başını işlə-güclə qatırdı.

Bütün bu sullara cavabı yox idi. Hər gün bu iyrəndiyi insanlarla bir süfrədə oturmaq, iyrəndiyi əri ilə bir yaşamaq, bu insanlarla oturub-durmaq, onların iyrənc dilində danışmaq….Bu zülmü niyə çəkirdi, ölmək bu qədərmi çətindi, niyə? Niyə?

 Bu sualların cavabı tapılmırdı. Ancaq içində bir ümid cücərirdi, kimsə gəlib onu buradan qurtaracaq, onu öz doğmalarının yanına aparacaq, orada, özününkülərin yanında yaşayacaq, deyə ümidlənirdi.

Aradan illər keçmişdi, ümid hələ də diri idi. Hələ də gözləri yoldaydı. Bu həsrətə, bu qovrulmağa baxmayaraq, uzaqdan tanımadığı bir adamın qaraltısını görəndə içindəki ümid bir an qığılcımlanır içini qarsır, birdən də sönürdü. Onu kim axtaracaqdı? Danarğanda dama doldurulub öldürülən onun tayfası idi, qohumları idi, tək bir oğlan qaçmışdı, onu da bəlkə arxadan vurublar, nə bilir. Onunla birgə altı qızı-gəlini də seçdilər, görəsən, onların taleyi necə oldu, onlar sağdılarmı, yoxsa onlar da mənim kimi murdar bir həyatmı yaşayırlar? Yazıqlar, yəqin onları da mənim kimi erməni ilə evləndiriblər, yoxsa niyə seçib dəstədən ayırıb aparsınlar ki. Ürəyində özü ilə beləcə danışa-danışa gecəni sabah, günü axşam edirdi. Qulağı səsdə idi, öz doğma dilində bir tək kəlmə eşitmək istəyirdi. Düzdü, doğma dilində tək kəlimə eşidirdi, o da ona söyəndə, niyəsə kafırlar onu onun öz dilində söyürdülər. Elə bilirdilər türkcə söyəndə yerinə yaxşı çatır, elə ürəkdən, elə təmiz ləhcədə söyürdülər ki, elə bilirdi öz yurdunda öz adamlarıdır hansısa əclafı söyürlər. Ayılıb görürdü ki, yox, söyülən o özü, söyən də həmin gavurlardır. Bir an o altı qadını düşünürdü, ani olaraq eyni anda o altı qadının da onunla birgə söyüldüyünü hiss edir, altı qadının da yerinə ağrıyır, için-için ağlayırıdı.

O vaxt ikinci qaçqında, 1919-cu ildə erməni Haqqıxlıya hücum etmişdi. Ermənilər kəndə çatana qədər camaatın bir yarısı Məmmədalı müəllimin təklifi ilə Qazağa tərəf, digər yarısı da Danarğana tərəf getmişdi. Danarğana gedənləri ermənilər qarşılamış, al dili ilə qışlıq mal damına doldurub, burda gözləyin, biz sizin dostunuzuq, sizi pis ermənilərdən qoruyuruq demiş, hamı dama girəndə üstlərinə bomba atmışdılar.

Danarğanda 76 adamı dama doldurub üstünə bomba atmış, içəridəkilərin hamısı qırılmışdı. Erməni tülküləri o adamların arasından gözəgəlimli 7 qız-gəlini seçib aparmışdılar, o vaxtdan bəri onlardan səs-soraq çıxmamışdı. İndi kəndə xəbər yayılmışdı ki, həmin o qızlardan biri Həmzəçimən kəndində sağdır, erməniylə evlidir, 4 dənə də oğlu var. Bunu o kəndin ermənisi ilə dostluq edən cavanlarda biri demişdi. Həmin tayfadan kənddə artıq heç kim qalmamışdı. Bütün bir tayfanı qırmışdılar, yeddi göyçək qızdan başqa. O yeddi göyçək qızın  taleyi məlum deyildi, indiyə qədər onları gördüm deyən olmamışdı. Amma indi yayılan bu xəbərdən kənd çaxnaşırdı. Hamı biri-birindən bu xəbəri eşidib-eşitmədiyini soruşurdu. Həmin tayfadan adam qalmasa da kənd qaynayıb qarışıb, hamı bir-biri ya qohum, ya da qohumdan da irəli idi. Maraqla o qızı görmək istəyirdilər, ancaq kimsə risk edib onu axtarmağa getmirdi. Hamı ürəyində erməni gəlini nəyimizə lazımdır, deyə fikirləşirdi bəlkə də. Onun həyatda olmasına hamı sevinirdi, sevinsələr belə indi onu kim evinə qəbul edəcəkdi ki, kim? Bu sual cavabsız qalırdı.

Əvvəllər  “qardaş olub Hayastan Azərbaycan” mahnısının sədaları altında hamı sovet milləti, sovet vətəndaşı, qardaş idi, düşmənçilik yox idi, sovet qardaşlığıydı. Biz safcasına buna inanırdıq, düşmənçilik bəsləmirdik. Düşmən deyildilər, amma erməninin yediyi qabı salavatlayırdılar ki, erməni əli dəyib, murdardır. Yaşlı insanlar rayona gedəndə erməni çörəyi yeməyim deyə ac qayıdırdılar. İndi bu erməni gəlini məsələsi fikirləri qarışdırmışdı. Əgər, doğrudan da, bizim qızımızdırsa və bizimkilərdən gedənlə qayıdıb gəlmək istəsə necə olacaq? Lap “Ölülər”dəki kimi hamı düşünürdü, onu kim ailəsinə qoyacaq. İyirimi ildir erməni ilə yaşayan qadını kim qəbul edəcək? Yox e, gəlmək istəməz, deyə kimsə arxayınçılıq yaradırdı, iyirmi ildir özünə yuva qurub, ailəsi var, dörd oğlu var, onları buraxıb gəlməz. Gəlib burada kimin qoltuğunda qalacaq? Dədəsinin evi də bərbaddır, iyirmi ildə boş qaldı-qaldı divarı da quzulayıb töküldü. Elə bil daş divar kimsəsiz olduğunu hiss edib yavaş-yavaş uçdu.

Kənddəki söz-söhbətdən belə çıxırdı ki, onun sağ olmasına, tapılmasına hamı sevinir, hamı hətta onun kəndə gəlməsini də istəyir, amma hamı birdən namus timsalı olub ona yaxın durmaq, onunla bir evdə yaşamaq istəmirdi, hamı yaxasını kənara çəkir ki, o biri qohum da var da, niyə elə mən saxlayım.

Orda, Həmzəçimən erməni kəndində isə o özgə, o yad qadın bunlardan xəbərsiz  idi, bunlardan xəbərsiz olsa da, o da onlar kimi düşünürdü. Tutalım ki, bizimkilərdən kimsə gəldi, mən razılaşıb bunları buraxıb getdim, nə olacaq, nə olsun ki, indi məni aparmaq istəyəcəklər, ancaq birincisi, mən harda qalacam, kimlə qalacam, axı mənim bütün tayfamı erməni qırıb, indi dədəmin evi də uçmuş olar, yiyəsiz evə kim baxacaq, ya da kimsə indi girib o evə yiyələnib, mənə verməz. Mən ora gedəndə məni ilk gün hamı gülərüzlə sevinə-sevinə qarşılayacaq. Ancaq bir az keçəndə artıq baş qaxıncı olacam. Mən bilirəm, axı bizimkiləri, “ay erməni, ay erməni arvadı” deyə məni söyüb alçaldacaqlar. Biri o birinə söyəndə mənim adımı deyəcək, ay erməni arvadı filankəs… deyəcək.

Amma mən yenə də özümünkülərin nifrətini bunların məhəbbətindən üstün tuturam, kaş gələlər, kaş məni bircə dəfə doğma yurduma, doğmalarıma göstərələr. Dayım evi var, xalam evi var, nə olsun ki, dədəm evi yoxdu. Onlar yaxşı olarlar. Yox, gəlsələr gedəcəm, gedib öz torpağımda öləcəm, heç olmasa ölüm yad qəbirdə çürüməsin, gorum çatlamasın. Gah belə deyir, gah da yox, harama yaraşır bundan belə Haqqıxlıya getmək, orada yaşamaq, taleyimlə barışıb burda öləcəm. Əlində iynəyə taxdığı tütün yarpağını bir an yerə qoyub əlini qarnına apardı, bu yırtılmış qarnımdan dörd dənə erməni oğlu çıxıb, hara gedirəm mən başı batmış, hara? Toxumun kəsilsin, ay erməni, səsi özündən asılı olmayaraq hündürdən çıxdı. Başının üstündən uçan qarğa da, sanki səsinə səs verdi.Az qaldı əlindəki tütün iynəsini qarnına soxub canını qurtara bu iyrənclikdən, amma bacarmırdı. İradəsimi çatmırdı, qətiyyətimi çatmırdı.Yox, bu qədər iyrənc bir həyata dözməyə iradəsi, qətiyyəti çatırdısa ölməyə də çatardı, amma içində diri bir ümid vardı, hər dəfə canına qıymaq istəyəndə o ümid bir insan cildində birdən-birə gözünün qabağında peyda olub onun əl-qolunu bağlayırdı, özünə qıymağa qoymurdu.Yox, dədədən-babadan, tayfadan bir sən qalmısan, bəlkə bir möcüzə olar, gəlib səni qurtararlar, nəslin kəsilməz, səninlə davam edər, deyə təsəlli verirdi özünə. O da ümidlənir, əlindəki tütün yarpaqlarını iynəyə daha səliqəli, daha yeyin taxırdı, canlanır, “yox, mən xilas olacam” deyə yaşamağa həvəsi artırdı. Elə bu zaman qarnından çıxan qada-erməni gədəsi gəlirdi, bir söz deyirdi, ona ana deyirdi, ermənicə ana deyirdi, ermənicə bir şey istəyirdi, onda bayaqkı yaşamaq eşqi sönürdü, yenidən qaraqabaq, solğun qadına dönürdü. Bu uşaq gah ona doğma gəlirdi, gah düşmən kimi görünürdü. Qan öz işini görürdü, amma beyin də, qəlb də öz işindəydi. Çarpışırdı ikisi, hissi ilə ağlı döyüşürdü, amma axırda elə hissi də bu uşağa soyuq olurdu.

Bu xəbər yayılandan kənddə dayısı, xalası uşaqları yığılıb bunu müzakirə etdilər, neyləməli idilər, deyə uzun-uzun danışdılar. Bu yalanmı, düzmü, bilinmir. Amma düz olmasına ehtimal var dedilər, uzaq deyil ki, gedək yoxlayaq dedilər, qərar verdilər, içlərindən biri o kəndə gedib əvvəlcə kəşfiyyat etsin. Birdən birə qadına yaxınlaşmasın, deyilənə görə o bizimkilərdən, bizim millətdən, hətta tanımdağı başqa adamı da görəndə qaçır, ya da kimliyini demir, özünü erməni kimi qələmə verir. Odur ki, bunu ustalıqla etmək lazımdır ki, o özünü danmasın. Yəqin, yazığı elə qorxudurlar ki, o da kimlyini danır, yoxsa niyə dansın, bunu da dayıoğlu dedi ermənilərə söyə-söyə.

Elə həmin dayı oğlu da sabah bir bəhanə ilə o kəndə gedəcəkdi.

Getdi. Xəbəri gətirən adamla görüşdü, amma adam dedi ki, mən kəndə girməyəcəm, məni tanıyırlar. Bir də bu kənddə o qadının türk olduğunu camaat bilmir, mən də bir təsadüfdən öyrəndim. Bax, gedərsən odur orda o dikdən enəndə az irəlidə dincdə üzü meşəyə qabağında bostanı olan şiferli evə, qohumun ordadır. Mənim adım olmasın.

Dayıoğlu içində götür-qoy edə-edə kəndə girdi. Sakitlikdi. Yay vaxtı hamı işdə-gücdə idi. Gəlin olan evin ətrafında bir dövrə vurdu, kimsə yox idi. Sonra aralıda dikə çıxıb bir yerdə oturdu. Buradan ev yaxşı görünürdü. Bir az gözlədi, evə girən-çıxan olmadı. Qalxıb kəndin içində ara yollarla bir az irəlilədi, kənd mağazasına girdi, balaca, donuz iylənən bir yer idi, nəsə alacaqmış kimi bir az baxdı. Satıcı kəndə gələn yad adama yaxınlaşıb susaraq nə istədiyini deməsini gözlədi. Sonra ermənicə hardan gəldiyini soruşdu, dayıoğlu uzaq bir erməni kəndinin adını dedi. Adam şübhələnmədi, adi halda kəndə gələn qonaqla danışılan adi söhbət etdilər. Sözarası dayıoğlu qadının ərinin adını çəkdi, mənim yol yoldaşım olub dedi, bu kənddən idi, dedi, indi burada yaşayırmı deyə söhbəti uzatdı. Satıcı ətraflı məlumat verdi.

Dayıoğlu mağazadan çıxıb siqareti damağına qoyub evə yaxınlaşdı, elə bu vaxt qapı açıldı bir qadın çıxdı, qapıda bir az qurdalanıb içəri girdi. Dayıoğlu bir an nə edəcəyini bilmədi, yaxınlaşıb qapını döyüb danışsınmı, bu odurmu, deyilmi. Necə etsin?

Fikirli-fikirli gedərək bir də gördü artıq qapıdadır. O qapıya yaxınlaşan anda təsadüfən qadın da qapıya çıxdı. Üz-üzə gəldilər. İkisi də susdu. Dayıoğlu nə deyəcəyini bilməyərək ürəyində söz axtararkən fürsət tapıb qadının üzünə baxdı, qadının üzündə öz cizgilərini axtardı, tapdı da. Ancaq bu cizgilər qabalaşmışdı, üzünün irsiyyət xətləri itmişdi, yerində o xətlərin soluq izi qalmışdı. Bu xətlərlə onu tanımaq çətin idi, ancaq qadında doğmalığı xatırladan nələrsə vardı. O da araşdırıcı nəzərlərlə bu adama baxdı. Bir an baxışları toqquşdu, qadının içində qəribə hiss oyandı, sanki “tapdım, vay dədə”, deyə bir nida qopdu içindən, amma səsini boğub susdu. Sinəsi qabarıb endi, nəfəsi təngidi. Qorxu bürüdü, bu yad adam mənə niyə belə baxır. O tanımadığı bütün adamları bəlkə bizimkilərdəndir deyə həmişə diqqətlə süzdüyü kimi bu adamı da eləcə süzdü, onda tanış bir şeylər olduğunu hiss etdi, ürəyi əsdi, bir an dünya gözündə qaraldı, yenidən aydınlandı, hiss etdi ki, bir az da durub baxsa yıxılacaq. Tələsik qapıdan geri qayıtdı. Bu adamda hiss etdiyi sirli doğmalıq onu silkələmişdi. İçəridə əli işə yatmadı, yenə qayıdıb o adamdan kim olduğunu soruşmaq keçdi içindən, qayıtmadı, yerə yapışan ayaqlarını qoparıb başını işə qatmağa çalışdı.

Evdəkilər gələn kimdi, deyəndə o az qaldı, deyəsən bizimkilərdəndir desin, yaxşı ki, susdu, bilmirəm dedi. Əri eşiyə çıxıb qapıda yad adam görəndə yaxına gəldi. Yad adam salam verib, mən filan kənddənəm, gəlmişəm ki…ağlına ilk gələn cümlələri dedi, mal-heyvan, kolxoz işləri, kəndlə bağlı… Xeyli söhbət etdilər, bu vaxt qadın içəridə tikan üstə idi. Dayıoğlu söz açmadı, dedi bir üstüörtülü araşdırım. Keçmişdən, dədə-babadan, olandan keçəndən danışdılar, qapıdakı masada oturdular. Arada dayıoğlu,- ürəyim yanıb bir stəkan su olarmı içəm,- dedi. Qadının erməni əri içəriyə qadına səsləndi ki, qonağa bir stəkan çay gətir. Qadın bir az keçəndən sonra iki stəkan çay gətirdi. Dayıoğlu yenə ona diqqət etdi, yox oxşarlıq var, əməlli-başlı oxşarlıq var, düz deyirlər. Fikirləşdi ki, danışdırım, bəlkə səsindən tanıya bilərəm. Çayı uzadanda ermənicə, sağ ol, ay bacı, deyib onun cavab verməsini gözləsə də qadın dinmədi. Ərinə dönüb,- bacı da bu kənddəndir? -deyə soruşdu. Erməni qəribə təlaşla qadına baxıb,- yox,- dedi,- buralardan deyil, uzaqdandır. Dayıoğlu xəfif bir gülümsəməylə, -o uzaqda necə tapışmısız bəs,- deyə guya zarafat etmək istədi. Qadın tələsik içəri qaçdı, ərinin də üzü tutuldu,-nə bilim, necəsə tapışdıq,- dedi. Dayıoğlu bir az söhbət edib qalxdı yola düşdü.

Kəndə gələn kimi qohumlarına əminliklə dedi ki, bu odur, amma gizlənir.Yəqin qorxur. Hamı sevindi. Böyük bir tayfadan kiminsə sağ qaldığına sevindilər, sevinc nə sevinc. Bəziləri sovet təfəkkürünə görə dedilər, nə olsun, məcbur qalıb erməniylə evlənib, bəziləri qəzəb püskürdü, bəziləri toxumun kəsilsin, ay erməni, dedi, zatıqırıqlar deyə söydü. Bir nəfərin isə fikri daha dərinlərə getdi, özünüzü yormayın,- dedi,- erməni toxum tutur,- dedi. – Elə bilirsiniz erməninin göyçək qızı yoxdur ki, bizdən qız alıb aparır, evində gəlin eləyir. Bilmirsiniz ki, bizim qızlar erməni gədələrə ərə getmir, amma onların qızları bizim kişilərdən ötrü ölürlər.

Arada biri,- nə olsun- dedi, bu nəyi dəyişir,- dedi. Dərin düşüncəli müəllim, yox dedi, onlar türk genini öz genlərinə qatmaq, türk qanından oğullar, qızlar istəyirlər ki, öz genlərini qurtara bilsinlər.

Bu söz hamıda maraq oyandırdı, hamı birdən dönüb müəllimə baxdı: yəni? Yənisi bu ki, deyə müəllim uzun bir izahat verdi, metafizik qanunlardan, mistik dünyadan, genlərin insandakı rolundan, genin necə dəyişə biləcəyindən, allah qatında erməninin necə aşağı olmasından, türk qanı ilə qarışıb allah qatında bəlkə üstünlük qazanmaq planlarından, türk qadının döyüşçü doğub döyüşçü yetişdirmə istedadından danışdı, çox şey danışdı, hamı da bu yeniliklərə nəfəsini tutub qulaq asdı, ancaq kim nə anladı, bax, o qaranlıq qaldı.Müəllim ürəyini boşaldıb camaatın üzünə baxdı, üzlər donmuşdu, tərpəniş yoxdu, odur ki, insanları saldığı bu buzluqdan elə özü də çıxardı,

-Siz mənə fikir verməyin, mən nağıl danışıram sayın. Əsas məsələ odur ki, ordakı gəlini qurtaraq, gətirək görək kimdi, adı sanı nədi, kimin qızıdı, necə olub düşüb oralara.

Bu hamını maraqlandırırdı, bir tərəfdən də hamı bilirdi ki, ikinci qaçqında, 19-cu ildə Haqqıxlıdan qaçanları erməni al dili ilə aparıb Danarğanda mal damına doldurub üstünə bomba atanda onların arasından seçilib aparılan 7 qız-gəlin  sağdır, ordan burdan sədası gəlir, amma üzə çıxanı yoxdu, görən bilən olmayıb onları.

Qohumlar danışıb qərar verdilər ki, dayıoğlu bu dəfə də getsin necə edir etsin, amma o qadınla danışsın, əsdahlı bir xəbər gətirsin, bu şübhələr dağılsın.

Dayıoğlu getdi. Bu dəfə qəti fikri idi ki, birbaşa evə gedib söz açacaq, qadının bizdən, həmin o 7 qadından biri olduğunu soruşacaq, hətta söhbət edib buna əmin olacaqdı.

Birbaşa qapıya gəldi, bu dəfə qapıda heç kim yox idi, əlini uzadıb qapıya yavaşca vurdu, içəridən ermənicə səs gəldi. Səsin dalınca da bir kişi qapıya çıxdı.Yad adamı görüb dayandı. Dayıoğlu salam verib, Allah qonağıyam, işim var deyə ordan burdan danışıb axır özünü içəri dəvət etdirə bildi. Xeyli oturdular kişi ilə, oğlanları da evdə idi, qadın da. Qadın söhbətə qarışmır, arada ruh kimi girib çıxır, nələrsə edir, sanki özünü ovudurdu. Anlaşılmırdı ki, qadın tanınmaqmı istəyir, yoxsa tanınmamaqmı. Sanki içindəki narahatlıq onu belə hərləndirirdi evin içində.

Axır ki, dayıoğlu söz açdı, Danarğanda olanları, oradan aparılan 7 qız-gəlini, onlardan ordan- burdan gələn sədanı, hamısını danışdı. Kişi özünü sakit aparırdı, şübhəli şəkildə susurdu. Sanki bu söhbətin onlara dəxli yoxdu, hətta bir az maraqlandı da ki, doğrudan, hardadır görəsən, sağdılarmı, deyib dayıoğlunu altdan- altdan süzdü. Dayıoğlu,-eşitmişəm qızın biri sizin Həmzəçimən kəndindədir.-dedi. Erməni kişini sanki ilan vurdu, amma özünü o yerə qoymadı, nə tülküdü o erməni, heç rəng vermədi. Astaca,- yox, mən eşitməmişəm,- dedi. Dayıoğlu,- amma mən eşitmişəm ki, sənin yoldaşındır, indi sən qoy, mən bacı ilə danışım, omu, deyilmi, bilim.

Ermənini ilan vurdu, ayağa qalxıb,- sən nə deyirsən, mənim yoldaşım deyil, onu kim deyir,- səsini azca qaldırdı. Dayıoğlu,- mən onların yeddisini də tanıyıram, görən kimi biləcəm, bircə çağır görüm,-dedi. Aralarında bir xeyli danışdılar, erməni, qadını çağırmaq istəmirdi, qadın da bu söhbəti eşidir, amma çıxmırdı. İçəridə əli ürəyinin üstündə qalmış, bircə dalaşmayaydılar, bircə burdan sağ salamat çıxıb gedəydi, o da bunların qəzəbinə gəlməyəydi, deyə ürəyində yalvarırdı. Qadın aradan keçən iyirmi ildə, sözümü qəribliyə salmayın, elə bil bir az erməniyə oxşamışdı, bəlkə də tanınmasın deyə özünü oxşatmışdı.Saçları xınasız idi, erməni saçı kimi yığırdı. Kişinin nəfəsi qadını dəyişir, qocaldır deyirlər ha bax, görünür, bu söz düzdür, qadın görünüşcə uzaqdan sanki elə bir az ərinin oxşarı olmuşdu.

Özünü toplayıb otağa keçdi, guya nəsə edirmiş kimi gəlib masanın yanıda dayıoğlu ilə üz-üzə durdu. Dayıoğlunun ürəyi gizildədi, oxşatdı, nə qədər dəyişsə də gözləri elə mamamın gözləridir, ağzı-burnu, qaşı-gözü öz əzəliliyini itirməyib, dəyişməyib, dərində gizlənən göz sanki “mənəm, tanı” deyirdi, amma dili, ilan çalan dili, yox deyirdi, mən o deyiləm. Əri dayıoğluna baxıb şəstlə,- bax,- dedi,-oxşayırmı sizinkilərə? Dayıoğlu,- oxşayır,-dedi. -Mamamqızıma oxşayır, eyni özüdür,- dedi. Kişi təlaşlandı, -yox ə, nə danışırsan, mən heç türklə evlənərəm, ayıbdı, ağlını başına yığı, get işində ol, itiyini başqa qapıda axtar, nə mənim evimdə, nə də bizm kənddə sizinkilərdən yoxdur, biz türklə evlənmərik. Üstəlik də, üzünə iyrənmiş adam ifadəsi verib bunları qıcıqlandırdı.

   Qadının üzünü don vurmuş kimi qurumuşdu, bütün hislərini buza qoymuşdu, kişi isə əsib coşurdu, qarşısındakını inandırırdı ki, səhv edir, çıxıb getsin başqa yerdə axtarsın itiyini. Dayıoğlu da dirənib dururdu, amma çox da üstələmirdi, istəyirdi al dili ilə bunların saqqızını oğurlasın bəlkə özlərinin dili çözülər. Erməni nə asan erməndir ki, dili fırıldaqdan dönə, yalandan qayıda, aça düzünü deyə.Yox, deməzdi, erməni qan görməsə əslini göstərməzdi.

    Dayıoğlu bunu bilirdi, mamaqızı da açıq deyə bimirdi, yaxşı açıq deyə bilmirdisə heç olmasa niyə bir işarə vermirdi. Qorxurdu? Amma daha nəyi qalmışdı qorxulası, anlamırdı, olan olmuşdu, iyirimi ildə qara qul olmuş, tapdanmış, kimliyi, mənliyi heç olmuşdu, daha nədən qorxurdu. Dayıoğlu bu qapı ona açıq olsun deyə pişim-pişimlə danışırdı, axırda gördü xeyri yoxdur, erməni xisləti dəyişən deyil qalxıb yola düşmək istədi. Gözünü qadından çəkmirdi, qadının üzündə o qədər tanış, doğma cizgilər tapırdı ki, lap əmin idi bunun maması qızı olduğuna. Bicə qalırdı qadının öz təsdiqi, onu da qadın etmirdi. Qadın bircə səsini çıxarsa səsindəncə bilib arxayın olacaqdı, amma qadın sanki bilirdi ki, səsi onu ələ verəcək, səsini  çıxarmırdı. Nəfəsini də içində tutur, boğulana qədər dayanırdı. O özünü toplamasa, qorxmasa bu saat dayıoğlunun boynuna atılar, amandır, qurbanın olum, məni də apar, apar məni itinə dağıt, amma burda qoyma demək istəyirdi, susurdu. Ağzı qurumuşdu. Səsi çıxmırdı. Səsi yox olmuşdu. Arada bir–iki dəfə istədi dillənsin, ağzını açsa da səsi çıxmadı. Özü də mat qaldı, amma sonra da sevindi ki, yaxşı oldu çıxmadı.

Qadın bilinmək istəmirdi, özünü artıq türk millətinə layiq bilmirdi. Özünü onlara xəyanət etmiş sayırdı, mən nə üzlə mənəm deyim, bu boyda xəyanətdən sonra. Qoy, məni öldü bilsinlər, o damda can verənlərlə bir can verdiyimi sansınlar, amma mənimlə üz-üzə gəlməsinlər, mən bu acını yaşaya bilmərəm. Mən xəyanətkaram, mənim bu həyatım, bu oğlanlarım türkə qalxan qılıncdır, atılan bombadır. Mən niyə belə oldum, cavab tapa bilmirdi.

Dayıoğlu özünü inanmış kimi göstərib qapıya yanaşdı. Qapıdan çıxmaq istərkən dönüb bir də qadına baxdı, qadının gözləri kədərdən o qədər kiçilmişdi ki, quyunun dibindən gələn zəif işıq kimiydi, amma diriydi, mamasının gözləri idi, elə bil o dünyadan bəri baxırdı. Demək istədiyini uddu. Qadın da uddu sözünü. İkisi də eyni anda udqundu. İkisi də bilirdi, amma ikisi də susdu.

Dayıoğlu ayağının birini qapıdan eşiyə qoyub ikincisini də qoyanda qadın bir addım irəli gəlib sanki cəsarətləndi, amma səsi yenə çıxmadı.

Dayıoğlu geri dönüb,- mamamı yuxuda görmüşdüm, mənə qızımı gavur ocağında qoyma demişdi,- dedi. Dönüb irəli yeridi. Qapı örtüldü. Elə həmin anda da azca aralandı, qadın başını azca eşiyə çıxarıb yavaş, sadəcə onun eşidə biləcəyi səslə “Gülyaz” dedi və əlüstü qapını örtüb yox oldu. Dünyası qaraldı.

Dayıoğlu ayağını sürüyə-sürüyə evdən aralanırdı ki, birdən evdən qıyya çəkib qışqıran uşaq səsi eşitdi. Dalağı sancdı, tez geri yüyürüb evə təpildi, Gülyaz yerdə uzanmışdı, sinəsinə sapladığı bıçaqdan qan süzülürdü.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir