
Yaradılış dastanından sonra məlum olan ilk böyük milli türk dastanı Alp Ər Tunqa dastanıdır. Bu dastan və onun məzmunu haqqında geniş bilgi yoxdur. Qaynaqlara görə bu dastan qədim dövrlərdə türk boylarında söylənmişdir.Alp Ər Tunqa və ya Tonqa əfsanəvi Turan hökmdarıdır, bəzi türk boylarının rəmzidir. Alp Ər Tunqa haqqında ən qədim yazıya Orhun abidələrində rast gəlinir. Alp-igid, qəhrəman, bahadır; Ər-kişi; Tunqa, yaxud Tonqa-bəbir anlamındadır.Tunqa igidlik rəmzi kimi alplara ad olaraq verilirdi, alplar bəbir təəssüratı yaratmaq üçün saçlarını uzadırdılar. Alp Ər Tunqa xan, özünün çiynində bəbir dərisi olmaqla, yanında iki tunqa-bəbirlə təsvir edilir. Səlcüqluların 33 babasından biri sayılır.Yer altındakı 100 sütunlu dəmir sarayında yaşarmış.Alpar da deyilir və İran mofologiyasında Əfrasiyab adlanır.
Alp Ər Tunqam və Alpər Tunqa dastanı haqqında əsas bilgi mənbəyi XI əsrində Kaşqarlı Mahmudun yazdığı Divan-ı Lüğət-it Türk və Kutadqu Biligdir. Bu əsərdə dastanın son hissələrinə aid olduğu güman edilən bir elegiya-ağı (saqu) verilmişdir. Bu:
Türk Beğlerinde atı belgülük
Tunga Alp Er idi katı belgülük
Bedük bilgi birle öküş erdemi
Biliglig ukuşlug budun ködremi
Tacikler ayur ânı Afrasyab
Bu Afrasyap tutdı iller talab
Bu günkü dilimizdə mənası belədir: “Alp Ər Tunqa türk bəyləri arasında adı və müqəddəsliyi olan və tanınan bir igid idi. Geniş biliyi ilə yanaşı, saysız-hesabsız fəzilətləri vardı. Elmli, dərrakəli, çoxlu üstünlükləri vardı. İranlılar ona Əfrasiyab deyirdilər.”
Buradan aydın olur ki, “Əfrasyab dünyaya hakim idi” və əslində, iranlılar ona yaxşı bələd imiş. Çünki Firdovsi, “Şahnamə” dastanının böyük bir hissəsində Əfrasiyabın qəhrəmanlığından bəhs edir. Dastan başqa bir xalqın qəhrəmanından danışırsa, onun böyüklüyünü qəbul edir, demək. “Şahnamə”yə görə Turan ölkəsinin əvvəl şahzadəsi, sonra isə xaqanı olmuş, üstün dəyərlərə malik Alp Ər Tunqa İran-Turan savaşlarının məşhur Turan qəhrəmanıdır. Atasının məsləhəti ilə o dövrün güclü ölkəsi olan İrana savaş elan edir. O, sərv kimi ucaboylu, qolları və sinəsi aslan kimi qüvvətli, özü fil kimi güclü bir igid idi. İranlıları uddu və İran hökmdarını əsir aldı.
İranda çoxlu sultanlıqlar var idi. Bunlardan biri olan Kabil sultanlığının başında Zal dururdu. Kabil sultanı Zal, Alp Ər Tunqa tərəfindən əsir götürülən İran hökmdarını xilas etmək üçün Turan ölkəsinə yürüş edir. Bu savaşda o, Alp Ər Tunqanı məğlub etsə də, hökmdarını xilas edə bilmir.
Bir müddət sonra İran hökmdarı Zev ölür. Bu zaman Alp Ər Tunqa yenidən İrana savaş elan edir. Bu zaman Zal qocalmışdı deyə oğlu Rüstəmi Alp Ər Tonqayla savaşa göndərir. Alp Ər Tunqa ilə Zaloğlu Rüstəm arasında çoxsaylı döyüşlər olur. ”Şahnamə”yə görə bu döyüşlərin əksəriyyətini Rüstəm, bəzilərini də Alp Ər Tunqa udur. Bu savaşlar davam edərkən İran hökmdarı Keykavus, oğlu Siyavuşu və Zaloğlu Rüstəmi incidir. İnciyən şahzadə Siyavuş qaçaraq Alp Ər Tunqaya sığınır. Uzun müddət onun yanında qalır, türk alplarından birinin qızı ilə evlənir və Keyxosrov adlı bir oğlu olur. Keyxosrov böyüyəndə farslar onu qaçırıb özlərinə hökmdar edirlər. Keyxosrovun Zaloğlu Rüstəmə münasibəti yaxşı idi və onu Alp Ər Tunqanın üstünə göndərir. Yenə çoxlu döyüşlər olur.
Bu döyüşlərin çoxunda Alp Ər Tunqa məğlub olur. Axırda Alp Ər Tunqa yorulur, ordusu dağılır, heç əsgəri qalmır. Özü təkbaşına dağlara çəkilir, bir mağarada tək yaşayır. Ancaq iranlılar bir gün onu tapırlar. Alp Ər Tunqa suya atlayıb qaçmaq istəsə də, İran əsgərləri hücuma keçib onu mühasirəyə alırlar. O, qoca, yorğun və tək olsa da, çox saydakı əsgərlə cəsarətli döyüşür, axırda İran əsgərləri onu öldürürlər.
Bir İran millətçisi olan Firdovsi dastanda Zal oğlu Rüstəmi, digər İran əsgər və hökmdarlarını hər halda bilərək qalib, savaşların çoxunda Alp Ər Tunqanı məğlub göstərib. Alp Ər Tunqanın böyük, cəsur və üstün Xaqan olduğunu elə buradan anlamaq olur ki, bir fars dastanı Alpər Tunqanı bu qədər önəmli yerdə görür. Dastanda Alp Ər Tunqanın dəfələrlə qalib gəldiyi və təkbaşına bir ordu ilə savaşdığını deməklə, onun qüdrətini və qəhrəmanlığını təsdiq edir. Fars və Turan savaşlarının ən önəmli qəhrəmanı məhz Alpər Tunqadır.
Prof. Zeki Velidi Toğana görə, miladdan öncə IV əsrə qədər yaşamış, M.Ö. VII əsrdə Mərkəzi Tyanşan bölgəsinin ən qüdrətli dövləti olan, Hunlardan əvvəlki böyük Türk dövləti Şu və ya Saka adlanırdı. Bu türk imperiyası bir çox tayfalara hakim olmuşdu və Cənubi Rusiya da daxil olmaqla Şərqi Avropaya qədər yayılmışdı. Bəzi tarixçilər Şərqi Avropadakı sakaları skif, Orta Asiya və Azərbaycan ətrafında olanları isə saka adlandırırlar. M.Ö. VII əsrdə ən güclü və parlaq dövrünü yaşayan bu Türk İmperatorluğunun hökmdarı Alp Ər Tunqa idi.
Haqqında bu gün geniş bilgimiz olmayan Alp Ər Tunqa üçün oxunan ağının (Saqu) bəzi hissələri Divan-ı Lüğət-it Türkdə verilmişdir və onun kiçik bir hissəsinin həm əslini, həm də bu günkü dilimizdə təqdim edirik:
Alp Er Tunga öldi mü?
Isız ajun kaldı mu?
Ödlek öçin aldı mu?
Emdi yürek yırtılur.
Ödlek yarağ közetti
Oğrun tuzağ uzattı.
Begler begin azıttı.
Kaçsa kah kurtulur?
Begler atın urqurup
Kadgu anı turqurup
Menqzi yüzi sarqarup .
Korkum anqar türtülür.
Uluşıp eren börleyü
Yırtıp yaka urlayu.
Sıkrıp üni yırlayu
Sığtap közi örtülür.
Könqlüm için ötedi .
Yitmiş yaşıq kartadı
Kiçmiş ödig irtedi
Tün kün kiçip irtelür
**
Bu günkü dilimizdə:
Alp Ər Tunga öldümü?
Yaman dünya qaldımı?
Fələk öcünü aldımı?
İndi ürək yırtılır.
Fələk silah yaratdı
Gizli tələ qurdurdu
Bəylərin beyni azdı.
Qaçsa necə qurtulur?
Bəylər atları yorub
Dərddən çarəsiz durub
Bət- bənizi saralıb
Sarı safrana döndülər.
Erler qurd kimi uladı
Yaxa bağır yırtıb durdu
Acı ağılar çığırdı
Yaş axar göz yumulur.
Könlüm içinden yandı.
Keçmiş zamanı andı.
Keçən günlər hardadır?
Keçən gün keçib getdi.
Prof. Dr. Nəcati Dəmir, Alp Ər Tunqanın məzarının Özbəkistanın Buxara şəhərində olduğunu iddia edir. O, “Mövcud mənbələrdən bəziləri məzarın, əslində, harada olduğunu birbaşa deyir” deyərək, tədqiqat aparmış, qəbri tapmış, ancaq təhlükəsizlik məqsədi ilə yerini ictimaiyyətə açıqlamır.
Mahmud Mövlud oğlu

I am constantly on the lookout for quality blogs and this is one of them.