“Könüllü” lər üçün sertifikasiya imtahanının avqustda keçiriləcəyini düşünürdüm, çünki keçən il elə olmuşdu. Ona görə dərs ilinin başa çatmasını gözləyib, məktəblə bağlı yazı- pozunu bitirdikdən sonra kurikulum nəzəriyyəsini gözdən keçirəcək, bildiklərimi təkrarlayacaq, yenilikləri diqqətlə oxuyacaqdım. Heç qeydiyyat vaxtı barədə də məlumat bilmirdim.
Birdən xəbər tutdum ki, qeydiyyatın son günüdür. Mayın 12-də qeydiyyat başa çatırmış, mənim xəbərim yox. İki gün keçməmiş elan edildi ki, ayın 24-ü imtahandır- həm hazırda işləyən qanuni imtahanı olan müəllimlər, həm də könüllü imtahan verəcək müəlimlər üçün . Bu, sözün düzü, məndə bir qədər çaşqınlıq yaratdı, amma 3 il bundan qabaq MİQ imtahanı verdiyimə görə o qədər də narahat deyildim. Çətinliyim kurikulumdan ola bilərdi, 3 ildə nəzəri anlayışlarda bir sıra dəyişikliklər, yeniliklər olduğunu bilirdim. Onun da öhdəsindən gələcəkdim, düşünürdüm. 1-2 həftəyə əvvəlki – deklarativ bilikləri təkrarlamaq- xatırlamaq, dəyişiklikləri də gözdən keçirmək üçün az vaxt deyildi, gündəlik təcrübə də az şey demək deyildi, nəzəriyyə məlumatları ilə uyğunlaşdırdıqda, demək olar ki, imtahana tam hazırlıqlı gedirdim. Düşünürdüm ki, illərin imtahanlarından- döyüşlərindən çıxmış insan üçün bu elə bir savaş deyil. Həmkarlarımı da “döyüş“ə ruhlandırır, hər gün motivasiyaedici sözlərimlə psixoloji gərginliklərini azaltmağa çalışır və buna az da olsa, nail olduqda özüm də yüngülləşirdim.
Əvvəlcə riyaziyyatçılar mübarizə meydanına çıxdılar. İmtahandan bir gün qabaq onları ürəkləndirir, hər şeyin yaxşı olacağına əmin edirdik. Səhər tezdən isə onların yerinə özümüz də həyəcan keçirirdik, sanki biz imtahana gedirdik. Bununla belə, onlara xeyir- duamızı edirdik. Bir neçə həyəcanlı saat keçdikdən sonra gözəl xəbərlər gəlməyə başladı. Riyaziyatçılar yüksəklikləri fəth etmyi bacarmışdılar. Ard- ardınca nəticələr elan olunduqca, həmkarlarımızın sevincinə ürəkdən şərik olurduq. Həmin əhvalda onların tez çəkib göndərdikləri şəkillərdə üzlərindəki təbəssüm dolu ifadəni görüb xoşbəxt olurduq. Doğrudan da, adətən, həmişə ciddi, rəsmi, son vaxtlar isə üstəlik, gərgin və düşüncəli görünən bu qədim elmin ötürücülərinin döyüşdən qalib çıxan sərkərdələr kimi elə məsud görünüşləri, duruşları vardı ki, sanki onları başqa biri kimi görürdük. Bu görünüşonlara necə də yaraşırdı! Biz onları həmişə belə məsud, şad görmək istəyirdik. Bu məsudluq bizə də sirayət edir, imtahanda hər şeyin yaxşı olacağına ümidimizi daha da artırırdı. Canlı şəkillərini vatsapp qrupunda paylaşaraq qalibləri təbrik edən direktorumuz bir növ şərəf lövhəsi tərtib etmişdi. Kim bu lövhədə öz şəklini görmək istəməzdi ki?
Bütün ölkə bu sensasiyalı hadisədən danışırdı – efirdə, internet kanallarında, sosial şəbəkələrdə günün ən baş xəbəri bu idi. Yeri gəlmişkən, imtahandan sonra, demək olar ki, bütün imtahan məkanlarında reportyorlar, operatorlar imtahandan çıxan müəllimlərin—məhz o qalibiyyət məsudluğu ilə gülümsəyən, məmnun görünüşlü müəllimlərin yanına tələsir, onları qarşılamağa gələn ailə üzvləri ilə necə görüşdüklərini, qucaqlaşdıqlarını, bəzilərinin hətta kövrəldiklərini canlı, dəqiqliklə çəkib lentə alır, bəzilərini elə məktəbin pilləkənindəcə haqlayıb sorğu- suala tuturdular: İmtahan necə keçdi ? Suallar necə idi ? Çətinliyiniz olmadı ki ? Müəllimlərə nə tövsiyə edərdiniz ?
Bütün ölkə üzrə 38 nəfər müəllim riyaziyyatdan maksimum nəticə göstərmişdi, daha çox say yuxarı səviyyədə bal toplamışdı, bu isə o demək idi ki, müəllimlər 35 % maaş artımına nail olacaqdılar.
Şərəf lövhəsinin növbəti sırasını xarici dil müəllimlərimizin şəkilləri tutdu. İmtahandan çıxarkən yenə KİV nümayəndələrinin öz də dəmdəsgahları ilə imtahan verənlərin pişvazına çıxırdılar. Əslində, onların bəziləri imtahandan əvvəl də orda hazırlıqlı dayanmışdılar. Çəkilişlər, müsahibələr, ürək sözləri, təbriklər, şəkillər…Xarici dil müəllimlərinin imtahanında 60 ballıların sayı riyaziyyatçılar qədər olmasa da, nəticələr yenə sevindirici idi, ümidverici idi…Heç də pessimizmə qapılmadan mülahizə yürüdürdük ki, ingilis dili müəllimləri nə qədər hazırlıqlı olsalar da, ana dili deyil və onun suallarına hər kəsin 100 % düz cavab yazacağına da heç kəs zəmanət verə biməz.
Yəqin ki, Azərbaycan dili imtahanı daha əlçatan, həm də uğurlu olar.
İmtahanqabağı həmkarlarımı həvəsləndirmək, imtahan fobiyasını rədd etmək üçün əməlli- başlı canfəşanlıq edir, döyüşə əzmlə getməyə ruhlandırır, mütləq qələbə ilə qayıdacağımıza əmin edirdim. Vaxt yaxınlaşdıqca “N” saylı məktəbin həyəti müəllimlərlə və onların müşayiətçiləri ilə dolurdu. Qeydiyyatdan keçmək üçün də xeyli dayanmalı olduq. Hələ ki, media nümayəndələri görünmürdü. İmtahan zallarına buraxıldıqdan sonra da həyəcanlı 1 saat yaşandı. Bu arada yaşlı bir müəllimənin – keçən il uğursuzluğa düçar olan müəllimlərdən idi- keçib sağ tərəfdə əyləşərək o dəqiqə kömək üçün ətrafdakılara üz tutdu; gənc nəzarətçi qız isə ona yanaşaraq müəyyən “ istiqamət “ verdi. İmtahan başlanan kimi ilk 40 suala təxminən 30 dəqiqə vaxt sərf etdim. İnana bilmirdim ki, bu cür asan suallar salına bilər. Hə, yeri gəlmişkən, düz 10 gün əvvəl ETN -in xətti ilə AR Təhsil İnstitutunun keçirdiyi əsas sınaq imtahanında da iştirak etmişdim, o sınaq imtahanında bir qəribəliklə rastlaşmışdım; tapşırıqları çətinlik çəkmədən yerinə yetirib maksimum bal gözləsəm də, nəticəm 55 bal çıxmışdı, amma 2 ya 3 sualın cavabı sağ tərəfdə yaşıl “ qaloçka “ ilə düz cavab kimi göstərilsə də, aşağıda qırmızı hərflərlə “ nepravilno” yazılmışdı və nəticədə həmin cavabların sayı ümumi baldan çıxılmışdı. Bunu imtahan edənlərə bildirəndə isə : texniki səhvdir, eybi yoxdur”,- demişdilər. Belə texniki səhvin imtahanda da olmayacağına əmin olmaq olardımı ? Axı, bu, etibarlı, dürüst, obyektiv… qiymətləndirmə prinsiplərinə əsaslanan həlledici sınaq idi, özü də səlahiyyətli bir qurum tərəfindən tam ciddiyyəti ilə keçirilirdi…
Bununla belə, keçən sınaqda diqqətdən qaçırdığım bir neçə məsələyə də daha ciddi fikir vermək üçün hazırladım və bu qənaətdə idim ki, imtahanda daha yüksək nəticə göstərəcəyəm, inşallah, orada qətiyyən bal səhv hesablana bilməz !
41- ci tapşırıq, çox da çətin olmayan bir test tapşırığı olsa da, fikrimi çox qarışdırdı. Əvvəl hətta asan – 7- ci sinif proqramı həcmində rahat gələn bu tapşırığın əlində ilişib qalmışdım; axı, necə ola bilərdi ki, mən bunu yerinə yetirə bilməyim?! “ Bəlkə sualı düz oxumamışam? Bəlkə, məğzini başa düşməmişəm”- deyərək, təkrar- təkrar şərtini oxudum. Artıq xeyli vaxt keçmişdi, imtahanın bitməsinə qalan vaxt azalmışdı, mən isə bu suala fokuslanıb qalmışdım. O biri sualları cavablandırmağa vaxt qalmayacaqdı, xüsusən metodika sualları daha çox vaxt aparacaqdı. Odur kİ, bu tapşırıqda daha çox ehtimal etdiyim bir variantı işarələyib, yenidən üzərinə qayıdacağımı qət edib növbəti suallara keçdim. Burada isə daha qəliz bir vəziyyətlə rastlaşdım : elmi mətnlərdən biri sırf kimya və ya coğrafiya, bəlkə də, biokimya elminə aid material idi, torfun kömürə çevrilməsi prosesi təsvir edilir və sırf mütəxəssis yanaşması tələb edirdi. Digər bir mətn isə yanğın təhlükəsizliyi qaydalarından bəhs edirdi. Daha doğrusu, mətnin məzmunu, çox güman ki, Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarından götürülmüş bir maddə və ya bənd idi. İnzibati binalarda yanğın təhlükəsizliyinə riayət etmək üçün yerinə yetirilməli prosedurlar əks olunurdu- zərərli, partlayıcı maddələri əsas binadan neçə metr aralı, hansı şəraitdə, hansı temperaturda saxlamaq lazımdır və s. – yadımda təxmini qalanlar bunlardır. Daha sonra 4 ayrı-ayrı təşkilatın inzibati binasında yanğın təhlükəsizliyi ilə bağlı bir vəziyyət- təsvir edilir, yəni ayrılıqda 4 situasiya verilir.Testin tələbi bu idi ki,aşağıda- həmin situasiyada vəziyyəti təsvir edilmiş 4 təşkilatdan ( məsələn, təşkilatlardan birində benzin çəni anbar biinasında saxlanılırmış ) hansılarında yanğın təhlükəsizliyinə riayət edilməmişdirsə, cavab distraktorlarında isə, məsələn, “3 və 4- cü, 1 və 2- ci, 1 və 3- də.. birində isə : “yalnız 3-də “ kimi variantlar göstərilib…situasiya da elə qəliz təsvir edilib ki, ondan baş çıxarmaq üçün yalnız yanğın təhlükəsizliyi, yaxud fövqəladə hallar sahəsində mütəxəssis və ya ekspert olmaq lazımdır. Çox güman ki, həmin sual aidiyyəti üzrə dövlət qulluğu üçün verilmiş və yaxud həmin sahəyə aid inzibati təşkilat üzrə daxili imtahan materiallarından götürülmüşdür. Həmin mətnin nə Azərbaycan dili – ana dili , nə də Azərbaycan dili – dövlət dili proqramlarının formatına uyğun gəlməməyi bir yana, imtahan materialında yol verilmiş ən mühüm xəta budur ki, rəsmi – işgüzar sənəd, bir az da detallara varsaq, rəsmi sənəd, dövlət sənədi heç vaxt mətn materialı kimi, istər dinləyib- anlama, oxuyub- anlama, istərsə də danışma məzmun xətti üzrə-təqdim edilə blməz! Bildiyimiz kimi, mətnlər dilinə görə elmi – publisistik və bədii üslubda olur. Rəsmi – işgüzar üsluba aid materiallar ( ayrılıqda : rəsmi və ya işgüzar sənədlər ) dil qaydaları və ya yazı məzmun xətləri ilə bağlı , yəni üslubi xüsusiyyətlərini xarakterizə etmək, bir- birindən və ya başqa üslubda olan mətnlərdən fərqləndirmək, leksikası və ya sintaksisi baxımından müqayisə etmək və s. həmçinin həmin sənədin məzmununda hansısa sözləri dəyişmək, əlavə etmək, başqa, daha uğurlu bir söz və ya birləşmə ( cümlə ) ilə əvəz etmək və s. formatında verilə bilər. Haqqında danışdığım sınaq imtahanında da rəsmi sənəddən – çox güman ki, AR Prezidentinin Fərmanından götürülmüş bir parça ilə yanaşı, “bədii üsluba aid bir ifadənin işlədilməsi yanlış sayılar “kimi doğru cavab tələb edən bir sual qoyulmuşdu və formata uyğun, normal bir tapşırıq idi. Bəs niyə imtahanda həmin məzmun xəttinə uyğunsuzluq bir yana, formata tamamilə zidd olan bir sual saldılar ? Bu tapşırıq testologiyada məzmun xətlərini belə tətbiq edə bilməyən çox naşı əllərin məhsuludur ! Yəqin ki, bu təhsilsizlik bunkerləri “müəllimlərin daha savadlısını, hazırlıqlısını seçmək üçün “ çox çətin sual hazırladıqları ilə öyünürlər, Özü də bu, hələ misal çəkilməsi mümkün olan cəmi 2 tapşırıqdır. Başqa qüsurdan xali olmayan xeyli tapşırıq da var!
Bütün ixtisas sualları bitirib 41- ci tapşırığa və nömrəsini qeyd etdiyim bir neçə başqa tapşırığa qayıtdıqda anladım ki, tapşırığın düzgün həlli yoxdur ! O tapşırığın üzərində itirdiyim dəqiqələrə heyfim gəldi … Çünki mən tapşırıq tərtib edənlərin obyektivliyinə, qüsursuzluğuna tam əmin olaraq, qüsuru özümdə axtarmaqla, nəyi isə başa düşmədiyimi zənn edərək təkrar- təkrar eyni motivlər üzərində düşünməklə keçirmişdim…50- ci tapşırıqdakı mətni və sualın qoyuluşuna qarşı yaranan şübhəm isə məni digər suallara da tənqidi mühakimə ilə yanaşmağa vadar etdi…
41- ci sualın səhv olduğunu nəzarətçi qıza dedim. “Ola bilməz !”- deyə etiraz etdi. Mən israr etdikdə isə o :Bizə belə şey üçün icazə verilməyib, ( yaxud bu barədə deyilməyib )“ məzmunda bir cavab verdi, yaxına gəlmədi. Nəzarətçilərdən bir gənc oğlanı da işarə ilə yanıma çağırdım, səhv sualı işarə etməsini xahiş etdim, həm də bir neçə şübhəli sualın da olduğun qeyd etdim, o isə zalın arxa hissəsində kimə isə üzünü tutub dediyimi ona çatdırdı. Mən sualın qeyd ediləcəyini gözləməkdə ikən, birdən internet kəsildi, ortalığa bir səs-küy, vurnuxma düşdü ki, gəl görəsən… Bəziləri kömək üçün fürsət tapıb sualların cavablarını soruşurdu, bəziləri internetin kəsilməsi vahiməsini yaşayırdı… Nəzarətçilər isə, sanki uşaqları sakitləşdirməyə çalışır, internetin tezliklə bərpa olunacağını və itirilən dəqiqələrə görə əlavə vaxt veriləcəyini bildirirdilər…Verildi də…amma inanmıram ki, o 13 dəqiqə kimin üçünsə faydalı oldu.
“ Daha vaxt verildi də, nə istəyirsiniz ? “- internetin kəsilməsi ilə bağlı yaranan ajiotajdan hətta şoka yaxın bir vəziyyət yaşayaraq emosiyalarına hakim ola bilməyən müəllimələrə ( hətta təzyiq dərmanına ehtiyacını duyanlar da var idi ) gənc nəzarətçinin cavabı bu oldu.
İmtahandan çıxarkən … “ N” nömrəli məktəbin həyəti məğlub ordunun tərk etdiyi şəhər meydanına oxşayırdı. O biri imtahanlardan sonrakı təlatüm, pafoslar, təbriklər, yüksək balla çıxan müəllimlərin ürək sözləri və məntiqi qələbəyə çatmaq üçün həmkarlarına tövsiyələri.. . görünmürdü, eşidilmirdi… Yəni bunları onlardan soruşan da yox idi – KİV nümayəndələri görünmürdü, hər halda əlində mikrofon müəllimlərə tərəf yönələn və ya kameranı hazırlıqlı vəziyyətə gətirən media işçiləri də gözə dəymirdi…o məsumlar isə İmtahandan çıxantək gözə görünməyə çalışmadan həyətin çıxışa yönəlirdilər …İkibir- üçbir yığışıb kimisə gözləyən bir neçə qrup müəllim isə öz aralarında yavaşcadan sualların anlaşılmazlığı barədə danışırdılar. İlk baxışdan müvəffəq olmadıqları təəssüratı yaratsalar da, yanıldığım tezcə məlum oldu : nəticələrini soruşduqda 30-40 arası bir rəqəm söyləyərkən simalarından vəziyyətinə şükr edən bir insanın məmnunluqları duyulurdu…
İmtahandakı əyintilər təkcə bununla bitmir.
Dövrünün əyintilərindən cana doymuş şairimiz Qasım bəy Zakir demişkən:
“ Gərçi vilayətdə (imtahanda) çox idi əhval,
Müyəssər olmadı şərh edəm əlhal..
Bir parasın yazıb eylədim irsal…
( Bu şərt ilə, nə dil bilsin, nə dodaq )”
Bildiyimə görə, keçən il Azərbaycan dili və ədəbiyyat müəllimlərinin də şans imtahanı, xüsusilə, könüllülər üçün təşkil edilmiş 31 avqust imtahanı da çox “ yaddaqalan “ olub, 31 avqust – çoxlarında stres yaşadan kompeks yaradan bir tarix kimi xatırlanır…
Olanları təhlil edərək, özüm də istəmədən qəribə nəticələrə gəlirəm. Mirzə Cəlil demişkən : “Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir”. Deyirəm, görəsən, Azərbaycan dili müəllimləri, öz xalqının doğma dilini öz yurddaşlarına və başqa xalqların nümayəndələrinə öyrədən və ya onları öyrənməyə yönləndirən bu xoşməramlı, cəfakeş, pak məxluqlar kimin qəzəbinə keçdilər, niyə belə qəzəbə tuş gəliblər? Axı, hamısını demirəm – əlbəttə, yazıda da eyham vurduğum kimi, yedəkdə gedənləri də olmamış deyil,–hər il buraxılış və qəbul imtahanlarında əldə edilən ən yüksək nəticələrdə əməyi danılmaz olan, müxtəlif çapda dərsliklərin, tapşırıq vəsaitlərinin yazılmasında, lüğətlərin hazırlanmasında fəaliyyət göstərən, müxtəlif məzmunlu, fərqli üsluba malik möhtəşəm əsərlərin redaktəsini keyfiyyətlə yerinə yetirməyi bacaran bu zəkalı insanların arasında bir nəfər də yox idi ki, bilik və bacarıqları, səriştələri 100% keyfiyyət göstrəricisinə – 60 bala uyğun gəlsin ? Bu, imtahan üsulu deyil, bu suallar qiymətləndirmə meyarlarına belə uyğun gələn, ölçülə bilən göstəricilər deyil! İllərlə dərs dediyi şagirdlərlə bərabər, öz üzərində də çalışan zəhmətkeş Azərbaycan dili və ədəbiyyat müəllimləri ana dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, təhsilimizi — milli dəyərlərimizi xilas etməyə, qorumağa, təbliğ etməyə həmişə ön sıralarda hazır ikən, onlara qarşı belə mövqe tutmaq, ögey- doğmalıq etmək , onlara divan tutmaq deməkdir. Düşündükcə öz dilinin, vətəninin, millətinin təəssübünü çəkən həmkarlarımı, mübaliğə nə qədər yersiz olsa da, işgəncəyə məruz qalmış möhtəşəm simalarla, xalq qəhrəmanları, dünyəvi alimlərlə müqayisə edirəm ! Və düşünərək suallara cavab axtarıram : Niyə belə etdiniz ? Axı, məsələ 35 % -lik maaş artımında deyil, bizə daha dəyərli olan meyarlar, faizlər var! Axı, müəllimlərin ümidləri qırıldı, xəyalları puç oldu, özləri üçün ucaltdlqları yüksək abidələr yandırıldı ! Bu, onların ruhlarının, mənəvi “ öz”lərinin yandırılması demək idi, bəlkə də bu cismani özlərindən daha ağrılı bir əzab idi! Axı, suallar imtahana uyğun deyildi! Axı, bu, imtahan deyildi, işgəncə idi, inkvizisiya idi…”Sertif-inkvizisiya…”
N sayılı məktəbin müəllimi Bəsti Quluyeva