(sənədli hekayə)
Düzün-dünyanın genişliyi dar gələr, bu genişlikdə balaca bir yurd axtararsan, sığınasan.
Qoyunlarının doymaz qarnını doyurmaq üçün yaxşı bir otlaq axtararsan. Qoyun da qoyundur da, ağzını atdığı yerdə yaşıl ot gördüsə başını qaldırmaz, otlaya- otlaya düz ağzı boza dirənənə qədər gedər. Sabahdan axşama otlayar, doymaz.
Çoban Novruz gərməşov çomağına dirsəklənib qoyunlara baxa-baxa fikrə getmişdi. Gözü uzaqlara baxsa da, heç o dağları, xışıldayan yarpaqları, payıza üz tutan rüzgarı görmürdü, ürəyində dünyanın min bir dərdli gərdişini götür-qoy edirdi. İllərdir çobandır, bu çöllər, bu dağlar, bu yerlər onun ayağının izini yaxşı tanıyırdı. Ancaq o bunun fərqində deyildi, buna bir anlam da vermirdi.” Ömürdür də verilib, mən də yaşayıram. Vaxtında dədəmin-anamın sözünə baxıb oxumadım, yəni heç oxutmadılar da, bir sürü qoyunu qatdılar qabağıma ki, get otar, çörəyini qazan”.
Fikrə dalsa da, bu qədər fikrin içində heç vaxt ağlına gəlmirdi ki, birdən bu qoyunun hamısı mənim olsa, bir belə qoyunum olsa neylərəm. Yox, bu onun ağlına gəlmirdi, bir belə qoyunun olmağını heç istəmirdi də. Neynirdi axı. Gözü tox sovet uşaqlığı yaşamışdı. Var-dövlət istəmək ayıbdır, birdən eşidən bilən olar ki, mən var dövlət istəyirəm, biabır olaram. Elə sovetin qoyduğu plan bəsimdir. Beş–altı qoyun, 3-4 keçi, iki dənə də inək. Düz eləyib, nəyə lazımdır sürüylə qoyun, mal-heyvan, dolanışığın olsun bəsindir. Otur kasıblığını elə də, təki canın sağ olsun.- Hə, tanrından, özündən məmnun halda bunları düşünürdü. Başqa bir həyat olduğunu, bütün peyğəmbərlərin əvvəl çoban olduqlarını, var dövlətli insanların daha gözəl bir həyat yaşadıqlarını düşünmürdü, bu barədə təsəvvürü də yox idi. Başını salıb aşağı öz dərdi-azarı ilə məşğul olub dolanırdı. Pis də dolanmırdı. Ayda bir dəfə çobanlıqdan istefa verib qoyunu örüşə aparmırdı, camaat “yenə Novruzun ayı çıxdı” deyər, bir-iki adam minnətə gedər, yola gətirib yenə də qoyunları Novruzun qabağına qatıb otardardılar. Ayda bir dəfə də kənd camaatından aylığını yığardı.
Bir dəfə də bizə gəldiyi yadımdadır. Çox soyuq və qara buludlu bir gün idi, yəqin ki, belə havada qoyunları çölə buraxmamışdılar. Hələ məktəbə getmədiyim vaxtlar idi. Soyuq olduğundan hamımız bir otağa yığışmışdıq. Mən raskaladuşkada yatmışdım, səsə gözümü açdım, bir adama xoş gəldin deyib içəri çağırırdılar. Başımı qaldırıb gördüm çobandır, yenidən başımı bürüyüb yatdım, uşaq ağlıyla məni niyə qaldırmayıblar deyə bir az acıqlandım da. Bizimkilər qonağı içəri gətirib oturtdular süfrədə, atamla-anam səhər yeməyini təzəcə yemişdilər. Anam tez odun sobasının üstündəki qaynar çaydandan çay töküb çobanın qabağına qoydu, “booy ay Novruz, soyuqdan gəlibsən, isti isti iç” dedi. Mən də başım bürüklü halda öz-özümə adam gəlmədən durardım gərək, desəm də durmadım. Çünki bizimkilər hələ yemək də təklif edəcəkdilər, bilirəm, adətləridir. Anam əl –ayağa düşdü, tələsik üç-dörd yumurtanın qayğanağı eləyib gətirdi. Səhərin dadsız havasına sarı yağla qayğanağın bir gözəl iyisi qarışdı ki. Qayğanaq gələnə qədər atam qoyun başına bir manatdan çobanın aylığını vermiş, o da pulu götürüb sayıb cibinə qoymuşdu. Yemək gələndə çoban bir az duruxdu, yeməyə başlamadan dedi, ay bacı, əlimi pula vurdum, əl-üzyuyan hardadır, əlimi yuyum, dedi. Bu an atamla anam bir-birilərinə baxdılar, çobandan bu hərəkəti gözləmirdilər. Birinci pulu saymağı qəribə gəlmişdi onlara, heç vaxt müəllimin verdiyi pulu heç kim saymazdı, müəllim etibarlı adam idi, bir də pula vurduğu üçün əlini yumağı.
Çoban əlini yuyub qayğanağını yedi, getdi.
Sentyabrın əvvəlləri idi, yağışdan sonra quruyan otların dibindən gömgöy alısın qalxmışdı. Çöllər, yaz ağzı kimi yamyaşıl idi. Çoban heç vaxt bu tərəflərə, Ağstafa çayının o tayına gətirməzdi sürünü. Həmişə çayın bu tayında, kəndin həndəvərində otarardı, bura gəlmək üçün gərək körpüdən keçəsən, həm də qoyun tütünə düşür, tütünün dibindən qalxan otları yemək üçün tütünü ayaqlayırdı. Ona görə buralara gətirmirdi. Üzü yuxarı baxanda Şinkarın meşəsi, bu yanda Kartoflu bulağı, belə baxanda Çeranus idi. Aşağı baxanda bu tayda Taxtada həmişə tütünçülər olardı, amma indi heç kim gözə dəymirdi. Bu vaxtlar buralarda işçilər qaynaşardı, Çeranusda tütün bağı asıb qurudanlar, Taxtada tütün yığanlar, ferma işçiləri olardı. Meşəlikdən talaya çıxıb o yan-bu yana boylandı, heç kim görünmürdü. Kimsəsizliyə öyrəşmiş çobanın bu sakitlik və adamsızlıqdan birdən dalağı sancdı. Öz- özünə çox uzaqlaşmayım, zamana o zamana deyil dedi. Sonra da, nədən qorxacam, kül erməninin başına, qabağıma çıxan olsa bu gərməşov çomağımla təpəsinə elə endərərəm ki, elə yerində qalar. Ağlına gələn bu fikirdən ürəklənib qoyunu bir az da yuxarı yaydı. Dəmiryolu xəttini bayaqdan keçmişdi. Son illərdə burada dəmiryolu xətti çəkənlər də olurdu, əməlli şennik idi, ancaq indi dəmir yolu çəkilib qurtardı, Bakı-İrəvan dəmir yolunun açılışı da oldu. Sonra niyəsə qatar işləmədi, elə gündə bir dəfə yük qatarı keçir, bir də yol işçiləri drezenlə gedib gəlirlər, vəssəlam.
Ermənilərin araqarışdıranlıqları başlayandan adam bir az üşürgələnir, düzdü, qorxaq millətdi, heç nə qələti eləyə bilməzlər, amma yenə də bilmək olmaz, təkliyə düşəndə hər qələti elərlər, buna erməni deyiblər, azmı görmüşük elədiklərini. Çoban Novruz bu fikirlərlə qoyunu ohalayıb otun gur yerinə çəkdi. Qoy otlasınlar, dedi, erməni-zad vecimə deyil.
Ətrafda quş belə uçmurdu. Çöl adamı çölü bilirdi, çölü səsindən, bəzən də səssizliyindən tanıyırdı, hardan hansı səs gəlsə nə deməkdir, nə işarədir duyuq düşürdü. Amma bu gün Novruzun bütün hissiyyatı qapanmışdı. İndiyə kimi heç qorxu hiss etməmişdi. Ömrü boyu biyabanda, çöllərdə olmuşdu. Bir dəfə yenə bir kəndçisinə acıq eləyib sürünü çöldə buraxıb gəlmişdi. Qoyun-keçi dağılıb püsərəng olmuşdu. Kəndə xəbər yayıldı ki, yenə Novruzun ayı çıxıb, sürüyü buraxıb gedib. Camaat meşələrə- çöllərə düşüb hərə öz qoyununu-keçisini axtardı, tapan tapdı, tapmayan da, qurda-quşa yem oldu, deyib əlini üzdü. Sonra Novruz ağlına nə gəldisə təzədən qayıdıb meşələrdə camaatın qoyun- keçisini axtardı, o gün axşamdan keçmiş, hava qaralıb lap zinrikləşənə qədər gəzdi. Neçə qoyunun cəsədini tapdı, neçəsini gördü canavar parçalayıb, neçəsini ağacların dibində yaralı tapdı. Yaralı qoyunlar üç bir- beş bir bir-birinə qısılıb yazıq-yazıq can verirdilər. Heç onda gecə vaxtı da qorxmamışdı ki, gecədi, çöldü-meşədi, erməninin qulağının dibidi, azan-təzən olar, o qədər namərd erməni var ki, qabağıma çıxsa neylərəm. Yox, dünyanın düz vaxtı, qocaların dediyi kimi Sovetin qılıncının dalı da, qabağı da kəsən vaxt idi, bəlkə ona görə qorxmamışdı ki, erməni kimdi ki, ona nəsə eləsin. Bizdə də it-qurd, azan-təzən deyəndə ayıdan-canavardan qorxmazdılar, it-qurd deyildimi hamı bilirdi ki, söhbət ermənidən gedir.
Novruz fikrə dalmışdı, qulağına motor səsi gəldi, bir az səsin səmtini tutub baxdı, aralıdan relsin üstü ilə gələn lokomotivi gördü. Stansiya sayılan yerdə işçilər düşüb relsləri qurdaladı, ora bura baxdılar, sonra yolllarına davam etdilər.
Novruz onları baxışları ilə qarşılayıb yola saldı. Qoyunları qatar yolundan keçirib üzü yuxarı yaydı. Haylayıb bir az da meşənin içinə yeritdi. Özü də irəli gedib Kartoflunun başında çöməldi, matarasında qalan bayaqkı suyun dibini boşaldıb təzəsini doldurdu, başına çəkib bir az içdi, sonra matarasının başını bir də doldurub torbasına qoydu. Burda bir az oturdu, elə bil nəyəsə dəyərlənmişdi, kövrəlmişdi, görən bu işlərin axırı noolacaq deyə qara-qara düşündü. Gül kimi yaşayırdıq.Bu erməni köpəyuşağı qınından çıxmasaydı min il də belə yaşardıq. Erməni də ki, qınından çıxdısa ya qan tökəcək, ya qanı töküləcək. Qanları dolub yenə, axmasa dincəlməyəcəklər. Kənddə bir həyəcan var, hər gün bir xəbər gəlir, hər axşam erməni hücum edəcəkmi deyə səksəkə ilə yatırıq, çünki ordan burdan eşitdiyimiz hadisələr bu nanəciblərin sinsilik etdiklərini, altdan altdan iş gördüklərini deyir. Düzdür, cavanlar kəndi qoruyurlar, ancaq üç-beş adam ov tüfəngi, finkayla, bıçaqla nə qədər qoruyacaq bu it xılından.
Ürəyindəki narahatlıq bir yana, çoban oturduğu yerdə bir az qurcalanıb arxasını bulağın üstündəki iri palıda verib bir hovur dincəlmək istədi. Qoyunlar da əmin arxayın yayılıb, bir az gözümün acısını alım, çimir eləyim,- dedi. Palıdın qalın yarpaqları payıza döndüyündən suyu çəkilib ağırlaşmışdı, bir az sərt xışıldayırdı. Bu onun qulağını dırmalasa da fikir vermədi, sanki uzaqdan gələn soyuğun üşütməsi keçdi canından, irpeyitdi, sonra özünü topladı, deyəsən meşədə kimsəsizlikdə eyməndin ha, deyə özünü qınadı.Yox, bu eymənmək deyildi, sanki bir qara yuxu basırdı onu və bu qara yuxunun içində də bir qara ağırlıq çökürdü canına. Günün bu vaxtı bu nə yuxudur, deyə özünü danmaq istəsə də, ağaca söykənib üstünə gələn ağırlığa təslim oldu, gözləri yumuldu.
Çoban balacaydı, quzu otarırdı. Quzu otarmaq uşaqlar üçün elə oynamaq bəhanəsi idi. Məhlənin uşaqları yığışıb çiling ağac oynayırdı. Başları oyuna qarışanda quzu otlaya-otlaya baş alıb getdi. Birdən kəndə hay düşdü ki, quzular itib, uşaqlar quzuları buraxıblar. Anası Təpənin başından hikkəylə çağırdı,- Ay Noyruz, ay Noyruz, a dalın yansın, a qara vurğunnu, ə quzuyu neylədin, quzu yoxdu?
Novruz tələsik əlindəki ağacı tullayıb qaradalaq üzü aşağı qaçdı ki, gedib quzuları tapsın. Anasının hələ də dalınca qarğayan, çağıran bayaqkı səsi qulağında əks- səda verirdi. Anası çağırmasa belə bayaqkı hikkəli səsi qarşı qayaya çırpılıb qayıtdığından Novruzun qulağına şapalaq kimi dəymişdi, beyninin içinə işləmişdi. O üzü aşağı qaçdıqca səs beyninə daha da işləyir, daha da dərindən yüksəlirdi. Özü də bilmirdi ki, niyə üzü aşağı qaçırdı, quzular bəlkə heç o tərəfə getməyib, bəlkə Ağtapdadı, bəlkə İvananın düzünə səpələnib, bəlkə Sarımsaqlı təpəyə qaçıb. Bilmirdi, eləcə qaranəfəs gedirdi. Qəbristanlığı keçdi, heç Vəliöyünün dərəsinə də baxmadı, bəlkə quzu ora su içməyə enib, yox, üz tutub qaçırdı. Məhəmməd yolqayırana çatıb tək dağdağanın yanından burulub hara tərəf gedim deyəndə, bomboz yolda ayağı daşa ilişib yıxıldı. Özü də bilirdi ki, quzular heç vaxt kənddən belə uzaqlaşmaz, ancaq onu nəsə bir hiss kənddən uzaqlara aparırdı. Birdən yenə anasının səsini eşitdi, hara qaçırsan, ay bəduğur, quzu hardadır, sən hara gedirsən? Yıxıldığı yerdə üzünü torpaqdan qaldırmadan ətrafa baxdı, doğrudan da, hara gedirdi, durum qayıdıb deyə tərpənmək, qalxmaq istədi. Başını qaldırdı, sağa baxdı Qaraməmmədli dərəsi, sola baxdı İsti dərə idi. Ortadan yol gedirdi, bir az aşağıda Ağ yolu keçəndə köhnə qəbristanlıqdı, orda köhnə Kümbəz vardı, o qədər oynamışdı ki, o künbəzin yanında, ancaq içinə girə bilməmişdi, içəri girməyə bütün uşaqlar qorxurdular. Özünü künbəzin içində gördü bir anda. Mən bu künbəzin içinə necə gəlib düşdüm. -Ayyyy anaaa,-deyə qışdırdı var gücüylə. Ancaq səsi qırıldı, cırcırama kimi aaaa deyə alçaq bir səs çıxara bildi. Başını torpağa qoydu, bir üzü torpaqda, o bir üzünə dəyən havadan sağ olduğunu hiss etdi, başını qaldırmaq istədi, künbəzin içi qaranlıq idi. Axı gündüzdür hələ, bura niyə qaranlıqdır. Künbəzin pəncərəsi yoxdur axı, deyə düşündü. Yox, bir neçə balaca pəncərəsi var, ordan içəri işıq düşürdü. Çünki biz o balaca pəncərə kimi yerdən içəri baxırdıq ki, görək orda nə var. Bəs mən niyə qaranlıqdayam?
Anlamırdı. Qalxmağa çalışdı. Durub oturdu. Başına ağır bir şey dəydi, deyəsən başımı künbəzin divarına vurdum dedi. Sonra başının bu tərəfinə də eyni zərbə dəydi.Mən niyə başımı divara vururam ki,-dedi öz-özünə. Qaranlığın içində yer aşağı çökdü sanki, o daha da qaranlığa batdı. Birdən ilan vuran kimi sıçradı. İki əlini üzünə çəkib yuxudan oyanan adamların etdiyi kimi, sanki özünü oyandırmağa çalışdı. Oyandı. Ətraf işıq idi. Başının üstündə üç nəfər durmuşdu, ona təpik vururdular. Başı künbəzin divarına dəymirmiş, yox, adamın təpiyi imiş başına dəyən. Hər iki tərəfdən dəyən zərbədən başı ağrıyırdı. Üç nəfər qarşısında durub nəsə deyirdi. Siluetlər gah birləşir, gah aralanırdılar. Adamdırmı, qarabasmadırmı? Dərk edəmmədi.
Fikrini topladı. Səslər bir-birinə qarışırdı. Siliuetlər bir az aydınlandı. Üç nəfər qarşısında idi, biri də səslənə- səslənə arxadan gəlirdi. Qoyunlar dağılışmış, orda burda mələşirdilər. Kartoflu bulağın başında duran 3-4 qoyun çaşqınlıqla ona baxırdı.
Çoban neyləməli olduğuna bir anda kəsdirə bilmədi. Çomağına güvəndi, qaldırıb təpələrini əzim dedi içində. Elə bu vaxt bunların ermənicə danışdığını, erməni olduqlarını bildi, yuxuda düşdüyü qaranlığı bir anda anladı. Eşitdiyi kobud səs onu daha ayıltdı, səs:
-Çoban, ay çoban, bu qoyunları biza ver,- dedi.
Çoban cavab verdi:
-Qoyunlar mənim deyil, verə bilmərəm.
-Necə sənin deyil, görürük ki, sənindir.
-Yox, mən çobanam, otarıram, qoyunlar kolxozundur.
-Nə olsun, biz də kolxozun adamıyıq, gətir kəsək kabab edək.
-Nə danışırsınız, kolxoz malını kəsmək olmaz, məndən alarlar sonra.
-Sonra alarlar, düz deyirsən. Sonra səni tapsalar alarlar, -biri kinayə elədi, arsızca gülüşdülər.
Bu yerdə o biri irəli yeriyib çobanın yaxasından tutmaq istəyəndə Çoban əlindəki çomaqla qarşısındakının təpəsinə vurdu. O ayı kimi böyürdü:- Ara, sən mənim kəndimdə məni vurursan,- deyə kobudca söydü. Çoban:
-Sənin deyil, mənim kəndimdir bura,- deyib özünü müdafiə etdi. Aralarında əlbəyaxa vuruşma başladı. Çoban, bu azğınları qorxutmaq üçün,- axşam milisə şikayət edəcəm, siz kolxoz malını oğurlamaq istəyirsiniz?- deyəndə ermənilər yenə gülüşdülər:
-Bu hələ axşama qədər yaşamaq istəyir e, tutun bunun əl qolunu bağlayaq.Türkə bax ha, gəlib burda bizə meydan oxuyur.
Dördü də birdən irəli yeriyib hərəsi bir- iki yumruq-təpik vurub yaşlı çobanı yerə yıxdılar. Ağaca meyillənən çobanı dartıb ağacdan araladılar. Çoban arxasını palıda söykədiyindən bunlara doy gələcəyinə arxayın idi. Amma bunlar onu ağacdan araladıqda çoban dayanaqsız qaldı, onu çevrələdilər. Əvvəl yüngül hərəkətlər, sözlərlə lağa qoyub onu sındırmaq istədilər. Bu çobana ağır gəldi, yenə çomağını qaldırıb qarşısındakına vurmaq istəyəndə arxadakı erməni daşla başına vurdu. Qan şoralanan başını tutanda digəri təpiklə vurdu, çobanın dizi qatlandı. Yerə yıxılmağa qoymadan havadaca hərəsi bir yandan üstünə düşüb o ki, var vurdular. Başına çomaq dəyən erməni başındakı qanı əli ilə silib Çobana,- sən mənim qanımı tökdün, hə, indi gör, mən sənin qanını necə tökəcəm,- deyib yanıdı. Döyülməkdən heydən düşən çobanın hərəsi bir yandan qamarlayıb düz bayaq lokomotivin keçdiyi dəmiryolunun yaxınlığında yerə atdılar. Aralarında öz dillərində nəsə qırıldaşdılar. Döyülməkdən heyi qalmasa da çoban ayağa qalxmağa çalışır, əl-qol atır, yerdən daş-ağac tapıb onların başına atırdı. Cibindəki bıçağını çıxarıb gizlicə erməniyə saplamağa çalışanda qarşısındakı erməni gördü, bıçağı alıb onun qarnına soxacaqlar zənn etdi, amma onlar gülüşüb,- bu bıçaqla biz qoyun kəsəcəyik, sənin kolxozunun qoyununu kabablayıb ləzzətlə yeyəcəyik, deyəndə çoban elə bildi onu buraxacaq, qoyunları aparacaqlar. Odur ki, -yox, eləməyin,- deyərkən, onlar daha da qızışır, hər yerinə vurur, qalxmağa aman vermirdilər.
Sonra erməninin ən qəddarı, ən çox vuranı, bıçağı alıb qırağa atdığı yerdən götürdüyü, bayaqdan sığallayıb hamarladığı məftili göstərib,- buna bax, ə, a türk, gör bu necədir, gedər, yaraşarmı sənə?- deyərək ədalı səslə dedi. Onların nə etmək istədiklərini kəsdirəmməyən Çoban, əvvəl dinmədi, vaxt qazanıb nə etmək istədiklərini anlamağa çalışdı. O birisi, – yaraşar, yaraşar,- deyib məftili onun əlindən alıb Çobanın ayağının birinə bağladı. Çoban ayağını dartsa da, əl-qol atıb erməniləri vursa da, özünü çəkib çabalasa da öz ayağını bu iki kinli erməninin əlindən qurtara bilmədi. Onlar məftili onun bir ayağına bərkcə sarıdılar. Eyni zamanda ermənilər öz aralarında türklərə söyə-söyə zarafatlaşaraq, gülüşərək, qəhrəmanlıq ədası ilə Çobanın ayağına bağlanmış məftildən tutub dartdılar, itələyib arxası üstə yıxdıqları Çobanı yerində fırlatdılar. Çoban əbədəyə düşmüş at kimi çabalayır, böyrü üstə dönüb qalxmağa çalışırdı, ancaq o biri erməni də köməyə gəlib ikisi birgə dartıb sürətlə fırlatdıqlarından, Çoban özünü tarazlayıb çevrilə, qalxa bilmirdi. Digər ikisi də baxıb gülüşür, yüksək və arsız səslə nəsə deyirdilər. Yerdə otlar əzilib iri bir dairə cızmışdı, sonra nə düşündüsə erməni məftili dartaraq üzü yuxarı çəkdi. Çoban dartınır, getmək istəmirdi. Ancaq onun iki yekəpər kinli erməniyə gücü çatmırdı, onlar ikisi birgə dartdıqları məftillə Çobanı dəmiryol relslərinə çəkdilər. Çoban qışqırdı, bağırdı, o da söydü, hədələdi, yaxında ola biləcək ağlına gələn adları çağırdı. Amma onun bütün cəhdləri boşa çıxdı, nə səsinə səs verən vardı, nə harayına gələn, nə də bu ermənilərə Allah insaf verirdi. Aralarındakı çarpışma bir xeyli davam etdi, çoban dörd nəfərlə vuruşmaqdan yorğun düşsə də yaşamaq eşqi güc gəlir, məğlub olmaq istəmir, dirənməyə, məftildən və ermənilərin əlindən qurtulmağa çalışırdı. Amma olmurdu, qurtula bilmirdi. Ermənilər onu lap relsin yaxınlığına qədər sürüyüb gətirmişdilər. Ayağını məftil kəsib qanatmışdı. Arxaya baxan olsa yaşıl otların üstünə damlayan qanın qırmızılığını görər, yaşılın üstündə qırmızı çiçək açdığını zənn edərdi.
Zaman o zaman, an o an deyildi. Yuxudakı qaranlığın yaxınlaşdığı an idi.
Erməni, çobanın ayağına bağladığı məftili dartaraq relsin yanında yerə çölkdü. Çobanın çırpındığına, ağzına tıxanan əski parçasının ardından zorla eşidilən boğruq bağırtıya fikir vermədən məftili relsə bağladı. Çoban gücü çatdığınca başını qaldırıb özünü geri dartmağa çalışırdı. Bunu görən erməninin biri onun başını yerə endirib dizi ilə basdırdı. İstəsəydi çobanı elə vurardı ki, huşunu ititrərdi, amma bunu istəmirdilər, bütüb faciəni gözü görə-görə yaşasın istəyirdilər. Çobanın iki ayağını relsə bağladılar.Əllərinin birini bağlayıb birini açıq qoydular.Amma elə elədilər ki, açıq əli bağlıya çatmırdı.Çoban çarmıxa çəkilmiş kimi qalmışdı. Ağzındakı kirli əski səsini də çıxmağa qoymurdu.
Ermənilər bağlayıb kənara çəkildilər, kənardan çobanın çarəsiz vəziyyətinə baxıb öz dillərində danışır, gülüşürdülər. Sonra yenə nəsə deyib rədd oldular.
Çoban relsin kənarında xırlıqda uzanmışdı. Başı yerdəydi və uzaqlaşan ermənilərin ayaq tappıltıları yerdən qulaqlarına çatırdı. Bir azdan bu tappıltı da kəsildi. Başını çevirdi. Dağın ardında enməkdə olan günəş gözünə vurdu. Gözü qamaşdı. Fikirləri qarışdı. Görəsən, qatar gəlməz ki? Düşündü. Birdən gəlsə. Düşüncəsi qırıldı. Gözünü yumdu. Qoyunlar, görəsən, necə oldu? Qoyun hayıdır, yenə düşündü.
Neyləsin? Ağzındakı əskinin pis dadı ürəyini bulandırırdı. Artıq ona da fikir vermirdi. Allahı, bəndəni köməyə çağırdı ürəyində. Beləcə nə qədər qaldı bilmədi. Bİr də başını döndərib gözünü açanda artıq gün əyilmişdi. Başına dolanan cücülər seyrəlmişdi. Başının altında əzilən otlardan yaşıllıq iyisi vururdu. Bu qoxudan bir dinclik gəldi canına. Xeyli belə qaldı. Çarə axtarırdı. Nə çabalamaq, nə özünü ora- bura vurmaq fayda verməmişdi. Bütün çarələr tükənəndə adam sonsuzluğa üz tutub, Allahım sən nə istərsən o olur deyər, özünü Allaha əmanət edər.
Vaxt getdimi, getmədimi fərqində deyildi. Canında axşamın dar vaxtının sııxıntısı vardı. Elə bu vaxt qulağına yeri silkələyən taqqıltı gəldi. Aramlı bir taqqıltı idi. Qatar səsi kimi. Aman Allah, yoxsa qatardı? Taqqıltı yaxınlaşır, yaxınlaşır, yaxınlaşır….
Çoban dartınır dartınır dartınır. Məftil ayaq biləklərini qanadır, ağrıya fikir də vermir, dartınır, əllərinin məftilni qoparmağa çalışır. Alınmır. Olmur olmur. Relsdən qopa bilmir, qopa bilmir. Qopmur. Səs lap yaxınlaşır. Qorxu.
Qorxu ətrafında insan kimi canlanır. Səs qorxuya çevrilir.
Ağlı səslə qorxu arasında sıxılır.
Dişlərini sıxır. Sıxa bilmir.. Kirli əski dişlərinin araında acı dad verir.
Qatar yaxınlaşır.
Gözünü açıb günəşə baxmaq istəyir. Gün dağların dalında gizlənib, zəif şüasını yayıb göy üzünə. Günün son şəfəqi.
Ömrün də sonumu?
Üşürgələndi.
Bütün bədənini bir cərəyan titrətdi. Bədəni spiral kimi yığılıb açıldı, açılıb bir də yığıldı.
Qatar lap gözünün qabağındadır. Qatarı görürdü.
Taqqıltı güclənib qulaqlarının deşir. Artıq səs öz gurluğunda boğulur. Eşidə bilmir.
Qatar gözünə girir. Qatar ayağına toxunur. Qatar. Qatar ayağını əzir. Qatar bədənini əzir.
Qatar qatar qatar ….
Qaranlıq.
Hər yan qaranlıq…
Heç nə yoxdur..Heç nə…Yoxdu…Yoxluq………
Relsdən aralı düşən baş hələ də hiss edir. Hədəqədən çıxan gözlər yuvasında fırlanır, görmür….
Başın hiss etdiyi ağrı azalır, azalır. Yoxluğa keçir… Bədən yoxdur, parça parçadır…. tikə tikədir… qol.. ayaq.. baş.. hərəsi bir yandadır…………
Əzilən bədən relsdən aşağı düşüb. Relsdə məftillə bağlı sadəcə ayaq qalıb.Dizdən aşağı tək ayaq……
Gecədir… Kənddə sakitlikdir. Gərgin hava var. Hamı nəsə olacağını gözləyir. Hamı nəsə ürəyimə damıb deyir…
Çoban evə gəlməyib. Bəlkə qoyunu qurd qırıb?7? .Qoyunları…itirib…bəlkə…bəlkə…
Hərə bir söz dedi.
Sabah oldu. Kəndin Bəhlul Danəndəsini çağırdılar. Həmin yerə getdilər. Çobanın hissələrini yığdılar, ələ gələn parçaları tikib adam formasına saldılar. İcevan xəstəxanasına morqa apardılar. Morqda, “çoban dəmir yolunu keçərkən ayağı relsə ilişib yıxılıb qatarın altında qalıb ölüb” yazdılar ölüm səbəbini Ölüm kağızına.
Ölüm səbəbi dağda daşda quş kimi səkən çobanın relsi adlayamaması oldu. Guya. Kİmsə bu erməni vəhşiliyidir deyə bilmədi.
Çox təsirli. Oxuduqca sona qədər hələ də ümidli idim ki, nikbin sonluqla bitəcək, xoşbəxt təsadüf nəticəsində çoban xilas ola biləcək….Çobanın son yaşantıları isə çox sarsıdıcıdır…parçalanan vücudun,
başın həyata vida akkordlarının təsviri…insanların təəssüratları…və ölüm kağızında ekspert rəyi…