21 Kasım 2024

Macro image of human eye

Hər dövrün  bir dəbi, bir hakim düşüncəsi və bir qaragürühu vardır. Bu dövrün qaragürühu da azadlıq havasına oynamaqdır. Azadlıq düşüncəsi ilə buxova bağlandığını bilməyən qafil gənclər hansı ziyanda olduqlarının fərqində deyillər. Fərqində olmadıqlarının da da fərqində deyillər, çünki gənclər hər şeyi bildiklərini zənn edirlər. Sən zənn etdiyini et, bəs gerçək nə deyir, burda fikir haçalaşır.

Keçmişdəkilər az sözlə çox mətləb ifadə ediblər, gözləri sanki bir rentgen kimi ağı qaradan seçib, qılı qırx yarıblar və bu istedadlarından bizə bir çox deyimlər qalıb. Bu deyimlər bu gün ultra həssas aparatların, modern şüa cihazlarının görə bilmədiyi nöqtələr, zərrələrin bölündüyü hissəciklər, dilə gəlməyən incəliklər, var olmadığını sandığımız  izlərdən xəbər verir. Əskilər adamın üzünə baxanda ona göz dəydiyini, gözünə baxanda ora kimin şəkli düşdüyünü görür, aşiq olanın üzündən eşqini oxuyur, boylu olanların kirpiyindən boylu olduqlarını bilirdilər. Axı hər hiss, hər  duyğu bir prosesdir, bir yazı kimi bəlli bir səthə, eləcə də insan üzünə hopur. Hər duyğunun, hissin, düşüncənin öz parametri, gediş tərzi, trayektoriyası, yapışıqlığı, rəngi, qabarıqlığı, qabariti, ömrü, istiliyi-soyuqluğu və s.özəllikləri var.

Dövrünün tanınmış Allah dostu Ədəviyyəli Rabia həyatında heç evlənməyib. Ona bir çoxları evlənmə təklif etmişlər, ancaq o qəbul etməmiş. Dostlarından İbrahim Ədhəm həzrətləri də ona evlənmə təklifi edib, o bunu da qəbul etməyib. Aradan bir  xeyli zaman keçib. Bir dəfə Hz. Rabia başqa şəhərə gedəsi olur. O ərəfədə İbrahim Ədhəmin karvanı yola çıxacaqmış.  İ.Ədhəm hz. Rabiaya, gəl mənim karvanıma qoşul, bu səhralıqda tək yola çıxılmaz deyir. Hz.Rabia razılaşmır, ona belə cavab verir,” Sən mənə evlənmə təklif etdin, mənə qadın kimi baxdın, mən səninlə yola çıxmaram, haramdır”, deyir.

Hz.Rabia evlənmə təklif etmiş, rədd cavabı alaraq artıq bu fikri başından çıxarmış, ona dost münasibəti bəsləyən adamla yola çıxmır. Çünki həssas idi, üzdə olmayan, dərinlərdə baş verən hissi prosesləri, duyğuların təsirlərini yaxşı bilirdi. Bilirdi ki, duyğu, hiss ölmür ötürülür, dəyişir, bir enerji transferi yaranır. Yaşanmış heç bir şey itmir, kül altındakı köz kimi qorunur, yaddaşın ən alt qatında gizlənir. Beynin də işlətmədiyimiz faylların qoyulduğu bir D diski vardır, burada unudulan, unutmaq istədiyimiz, zamanla silinən bilgilərimiz saxlanır.

Bu günün insanı çox şeyi bilmədiyi kimi özünün bu funksiyasını da bilmir, əsasən də gənclik müasirlik havasıyla insanın ilkin həsaslığından xəbərsizdir, həyat beş gündür, oldu bitdi qurtardı yanılqısıyla səhvlər edirlər. Etdiyi hər hərəkətin, dediyi hər sözün onun həyatına təsir etdiyini, hər kəlimənin, hərəkətin onda izi qaldığını bilmir.

 İndiki gənclik üç-beş ay sevgili olub ayrılır və dost qalırlar. Sevgili olmuş iki insan dost qala bilməz. Hər nə qədər aralarındakı hiss, sevgi ölsə də, amma bir yaşanmışlıq var, yaşanmış və izi qalmış bir duyğu var və bu yaşanmış hiss istər- istəməz insanda iz qoyur. Bu iz sonradan itir, qarışır, bu başqa söhbətdir.Ancaq bir birinə sevgi hissi yaşamış iki insan heç nə olmamış kimi, gəl dost qalaq deməklə dost ola bilməzlər. Bunun bəlli uzun zamana və iradəyə ehtiyacı var. Əsl sevgini tapana qədər keçdikləri təcrübə yolu, sevgili olub ayrılmalar, sevirdim, amma sonra gördüm yanılmışam, bu əsl sevgi deyilmiş deyərək sevgili kimi görüşüb, sonra ayrılanlar bu səhvlərinin gələcək həyatlarına yön verdiyini bilmirlər. Deyəcəksiniz ki, bəs əsl sevgini necə tapaq, görüşmədən, danışmadan sevginin əsl olub-olmadığını necə bilək? Hər zaman dediyimi yenə deyirəm, sevgi özü özünü göstərir, sadəcə, bunu görəcək göz olmalıdır.Bu gözü də sən özün öz içində yetişdirməlisən, qəlb gözünü açmalısan. Necə, nə cür, bu fərdi yanaşma və fərdi görüşlədir.

 Qıza baxan gözlər, nifrət dolu da olsa, sevgi dolu da olsa üzündə bir iz qoyur. Biz indiyə qədər, sadəcə, qızların üzündə göz izi olduğunu sanırdıq, sən demə göz izi elə oğlanların da üzündə qalırmış. Ancaq oğlanların yapısı daha qaba  olduğundan biz bunu çox vaxt hiss etmirik. Qızların özü, üzü zərif və aydın olduğundan biz  bunu tez görürük və “üzündə göz izi var, sənə kim baxdı yarım”, deyə mahnısını da oxuyuruq. Adicə gözdəymə  məsələsinə baxaq. Hədisdə də “gözlərinizlə bir-birinizi öldüyrməyin” deyilir, yəni gözdəymənin çox ağır fəsadları olduğunu bildirir. Bunu ətrafımızda, həyatımızda da çox görmüşük. Materialistlər bu düşüncəni qəbul etməsə də, ancaq əksini də iddia edə bilmir, onlar da dolaylı ifadələrlə eyni mənanı dilə gətirirlər.

1-ci yazı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir