21 Kasım 2024

Günəşin işığı bizdə, odu özündədir. Od, bir ucu bizdə, bir ucu mənbədə olaraq mənbədəkini bizə daşıyır, biz mənbədən aldığımızı mənbədəki ilə eyni bilirik. Çünki bizə gəlib çatan, yaradılış baxımından, tərkib baxımından mənbə ilə eynidir, amma şiddət baxımından, yəni güc və miqdar baxımından fərqlidir.

Biz atəşi, odu əlimizə ala bilərikmi, xeyr, əlimiz yanar, canımız yanar. Hikməti də “alsaq”, söyləsək dilimiz yanar. Dilimiz yanmasın deyə Uca yaradan öz hikmətini bizə səpələnti şəklində, məcazi olaraq, müxtəlif formalarda – yəni bizi “aldadaraq” ovudaraq, yanıldaraq göndərir. Yanıldaraq dedimsə, bu əks tərəfə yönləndirmək mənasında deyil, birbaşa təqdim etməmə, dolayı yolla bildirmə, göndərmədir. Birbaşa təqdim etsə, biz hikmətin gücünə, yükünə dayana bilərikmi, bu yükü götürə bilərikmi? (“Mən hikməti dağlara yüklədim dağlar dözmədi”.) Əlimizi uzadınca ovcumuza qor atəş qoyulsa, ütülən, qarsalanan, yanan əlimizin ağrısından ağlımız başımızdan çıxmazmı. Qoru ani reflekslə əlimizdən yerə atıb əlimizi ağzımıza təpməzikmi. Yanığın beynimizə sıçrayan ağrı şiddətindən hər şeydən imtina etmərikmi? Edərik.

Əgər bu yükü, Allahın hikmətini, ilahi sirləri, yaradılış mənalarını peyğəmbərlər çətinliklə daşıyıblarsa (“Vəhy gələrkən dəvənin belində olardısa dəvə çökərdi”), biz birbaşa hikmət tələb etməklə onu ala bilsək də, bizim maddi tutumumuz buna yetərli olarmı, “sirkə öz qabını çatlatmazmı”. Axı, O bizim “köksümüzü açıb genişlət”məyib, O (cc), sadəcə, öz peyğəmbərinə “Ağır yükünü səndən götürmədikmi (yüngülləşdirmədikmi)?! (Elə bir yük ki) sənin belini bükürdü” (İnşirah, 2-3), deyir.

Niyə biz yox, məhz O (sav)? Niyə Yaradan Ondan sonra başqa heç bir kimsəyə eyni şəkildə davranmadı, bizlərdən birinin köksünü açıb təmizləmədi, genişlətmədi, “qəlbimizin üstündəki o qara nöqtəni” oradan qoparmadı, eyni yükü yükləmədi?

Niyə son halqa oldu, axı hələ həyat davam edir, insanlıq, bəşər davam edir, peyğəmbərlik isə sona çatmışdır. Çox deyilir ki, peyğəmbərliyin sona çatması ilə yer üzündə fitnə fəsad, dərd bəla, şeytanlıq sona çatmadı. Bu günün fitnə fəsadına çarə olaraq yeni bir peyğəmbər axtarılır. Bu axtarış bir yanılmadırmı? Yeni bir

peyğəmbər gəlsə, o da bir ömür yaşayıb gedəcək, fitnə fəsad ondan sonra da yenə davam edəcək. Peyğəmbər bir insandır, ondan ilahilik gözlənilməməlidir. Artıq insan özü düşünməlidir ki, 124 min peyğəmbər gəldi getdi, dünya düzəlmədisə, 125 mininci də gəlsə eyni olacaq. Çünki gecə ilə gündüzün tarazlığı kimi yaxşı ilə pisin, imanla küfrün, savaşla barışın da tarazlığı var.

Bəs niyə Allah şeytana qiyamətə qədər möhlət verdi, onu yox etməyə gücü çatmırdı bəlkə? Əlbəttə, çatırdı, yox edərdi də, amma etmədi, çünki tarazlıq təmin olunmalıdır, tarazlıqda, hər bir yaradılışda bizim bilmədiymiz bir hikmət var.

Hər şey öz əksi ilə mövcuddur.

Varlığın var olma səbəbi, hikmətlər silsiləsi, sirlər boxçası var.

Bəli, peyğəmbərlik sona çatmışdır, çünki bu “Hikmətdə son nöqtədir” (İbn Ərəbi). Yaradılış hikməti şah əsərini bir dəfə yaradır. Biz bunu sorğu sual etmirik, bu artıq həll olunmuş bir məsələ, cavabı tapılmış bir sualdır. Peyğəmbərliyi araşdırmaqdansa, öz “qəlbimizin üstündəki o qara nörtəni” qoparıb hikməti qəbul edəcək hala gətirək. Bu bizim gücümüz daxilindədir. Kaş ki, biləydik.  Axı “alim təftiş edər, arif isə qəlbini parlatmaqla məşğul olar” (Hədis). Çünki “qəlb bədənin əsli və dibidir” (İbn Ərəbi).

Əgər hikmət və sir Ona (sav) verildisə, o zaman biz zavallıları niyə yaratdı, bizim hikmətsiz və sirsiz, sevgisiz olaraq yaşamaqla Allahın uca varlığına, sonsuzluğuna nə faydamız var? Biz yaradılmasaq bütöv bir halda, formasız bir kütlə olaraq qalacaqdıq. Məsələn, başımızda saç dənə dənədir, bir-birindən ayrılmış tellərdir, ancaq saçımız tellərə ayrılmasa, bütöv bir kütlə şəklində olub başımıza bütöv bir topa palçıq kimi qoyula bilərdi. Bütöv bir kütlənin forması və görkəmi tel-tel olan saçın gözəlliyini ifadə edərmi? Maddəsi eyni olan cisimlər eynidirmi, eyni dərəcədə xeyirlidirmi, eyni funksiyanı daşıyırmı? Əlbəttə, yox. Saç tel-tel olunca daha gözəldir, başı daha yaxşı qoruyur, başa ağırlıq etmir və s…

Biz də bir bütünün parçaları olduq fərd-fərd. Allahın hikməti ilə özümüzə məna qazanaq deyə.

Hər varlığın öz yaradılma səbəbi, öz missiyası, öz fəaliyyət sahəsi var. Fərqində olmasaq da biz yerlə göyün ortasında hər ikisi ilə birbaşa əlaqədəyik, sanki bir ötürücü kimi göyü yerə, yeri göyə daşıyırıq. Nəhəng bir boşluğu dolduran zərrələrik, zərrələr olmasa boşluq fəlakət quyusu kimi tükürpərdici bir səslə uğuldayar. Biz insanlar o uğultu səsini uduruq və öz varlığımızla, varlığımızda nəfəsimizlə yuyub yoğurub daha gözəl, daha mənalı səslərə çeviririk.

“Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir” (Taha, 7). Hz.Peyğəmbər “iki zühur arasında” (doğum kiçik zühur, ölüm böyük zühur) “Şübhəsiz, biz səni şahid olaraq göndərdik”(Fətih, 8) ayəsinin yerinə yetməsi kimi şahid oldu, Allahın varlığına və birliyinə şahidlik etdi.”Allah məxluqu bir zülmət içində yaratdı, sonra üzərinə öz nurunu səpdi ” (Hədis), qutlu hz. Məhəmməd(sav) nurunu. Hikmət silsiləsinin son nöqtəsi, son halqasını.

Fərqindəsinizsə, yazı sualla doludur. Sualların cavabları özlərindədir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir