
Azərbaycan Rusiyadan ayrıdıqdan, imperiyanın caynağından qopandan bu günə hansı çətinliklərdən keçibdir, bunu bir Allah bilir. Azərbaycanın azad olması, öz müstəqilliyini elan etməsi, ərazi bütövlüyünü bərpası neçə can, neçə igid, neçə mərd insan itirməyimiz bahasına başa gəldi.
Bu günlərdə təsadüfən olduğum bir yerdə başımı qaldırıb baxanda divarda Birinci Qarabağ savaşında şəhid olmuş oğullarımızın şəkillərini gördüm. Bu şəkillərin başında belə yazılmışdı: “Dərələyəz şəhidləri”.
Bu şəkildəki Dərələyəz mahalından olan şəhidlərdən biri də Hüseynov Aqil Haqverdi oğludur. Onun qardaşı indi burada yanımda olmasa, bu şəkli divardan asmasa idi, yəqin ki, rəhmətlik Aqillə bağlı heç bir məlumatım olmayacaqdı, onu tanımayacaqdım. Məlum olur ki, Şəhid Aqilin dədə-babaları 1948-ci ildə Qərbi Azərbaycandan deportasiya olunaraq Azərbaycanın Bərdə rayonuna gəliblər, orada yaşayıb, sonra Bərdədən köçüb Şuşada məskunlaşıblar. Tarixin gedişatı, Azərbaycanın vəziyyəti elə gətirir ki, erməni-rus birləşmələrinin o vaxtkı hücumundan qaçaraq, məcbur qalıb onlar yenidən Bərdəyə qayıdaraq burada yerləşiblər. Bir qədər sonra isə Bərdədən də Bakıya üz tutublar.
Aqil Birinci Qarabağ müharibəsində silahını götürüb düşmənlə savaşan mərd oğullarımızdan biri olub. Xatırladım ki, Aqil Hüseynov əslən Qərbi Azərbaycandan olsa da, 1973-cü ildə Bərdə rayonunda dünyaya göz açıb. Ailədə iki qardaş bir bacı olublar. Aqil Haqverdiyevlər ailəsinin sonbeşiyi olub.
Divardakı 100-lərlə Dərələyəz şəhidinin şəkillərdən baxan gözləri, baxışları adama çox söz deyir. Onların hər birinin qəlbində yarımçıq qalan arzuları vardı. Şəhidlər bu baxışları ilə o nakam arzularını bizə ötürür və sanki bizi unutmayın deyirlər.

Onların bu dünyadan gənc ikən getdilər. Arxada gözüyaşlı ata-ana, qardaş-bacı, oğul-uşaq qoydular. Düzdü, bu gün onların ruhu şaddır. Çünki İkinci Qarabağ savaşında onların törəmələri onların qanını yerdə qoymadılar. Həm qisasımızı aldılar, həm də torpağımızı.
İnanıram ki, Dərələyəz şəhidlərindən olan Aqilin də ruhu şaddır. Çünki bir zamanlar rus-erməni hərbi birləşmələrinin onun dədə-babalarına yaşatdıqlarının cavabını düşmənlərimiz artıqlaması ilə aldılar.
Aqil Haqverdiyev Gəncə batalyonunda Ağdərə istiqamətində vuruşarkən, 1993-cü il aprelin 3-də şəhid olub. Hətta döyüş yoldaşlarının dediyinə görə, ermənilər Aqilin başına pul da qoyubmuş. Neçə dəfə mühasirəni yarıb camaatı xilas edib. Neçə dəfə döyüş yoldaşlarını çətinlikdən çıxarıb. Nə qədər erməni leşini yan-yana düzüb. Təbii, bu sözlər havadan səsləndirilən sözlər deyil, bu sözləri təsdiq edən şahidlərdən hələ də həyatda olanları var.
Ancaq çox təəssüflər olsun ki, müəyyən qurumların, yaramaz məmurların laqeydliyi ucbatından illərdir onun həsrətiylə yanıb tutuşan ailəsi bir çox problemlərlə üzləşib. Elə biləsən, belə bir adda, sanda oğlumuiz, igidimiz, şəhidimiz olmayıb. Elə biləsən ki, vətən dara düşəndə Aqil silahlanıb düşmənə qarşı sinəsini irəli verməyib. Elə biləsən ki, torpaqlarımızın azad edilməsi uğrunda düşmənlə savaşıb al-qan içində şəhid düşən Aqil Hüseynov deyilmiş.
Qardaşının dediyinə görə, şəhid Aqilin ailəsinə Kürdəxanıda ev verilsə də, o evin sənədlərini illərdir əldə edə bilmir. Sual olunur, niyə, nəyə görə? Şəhidə olan borcumuzu belə ödəyirik?
Yaxşı olar ki, ruhu bu torpaqların üzərində əbədiyyətə qədər dolaşacaq olan oğulların geridə qalanlarına heç olmasa adicə bir hörməti göstərə bilək. Onları sossial- maddi məslələrdən ötəri incitməyək.
Hazırda Aqil Haqverdiyev Bərdədə şəhidlər xiyabanında uyuyur.
Aqilə və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
İklim.az