
Bayramlar insana sevinc, fərəh gətirir. İnsana saf sevinc gətirən, ona haram olmayan xoşbəxtlik verən olay, gün, hərəkət heç bir dində qadağan edilmir. Eləcə də milli bayramlar bir mədəni eyləmdir. Mədəni tədbir olan milli bayramlardan niyə qorxuruq, bunun dinə nə zərəri var, milli bayramlar qadağan edilməlidirmi, bayram edilmə şəkli dəyişməlidirmi, yoxsa dində olmayan bütün adətlər birdəfəlik həyatımızdan çıxmalıdırmı?
Bir çox dindar haramdır deyə özü, ailəsi, yaxınları üçün Novruz bayramını qadağan edir. Novruz bizim bayramımız deyil, novruz oda sitayişdir, zərdüştçülükdən qalmadır, deyə yanlış bir düşüncə dolanır aralıqda. Bu da novruzla sevinmək istəyən insanların sevincini qursağında qoyur, insan bilmir novruza-yeni günə, yazın gəlişinə, təbiətin oyanışına, astronomik fəsil dəyişiminə, günəşin- işığın bolluğuna, bir sözlə gözəl bir günə adət-ənənəmizə uyub sevinib bayram etsin, yoxsa “dinə zərərdir zərər” deyib qara çarşabına bürünüb qaşqabaqlı bir halda yazın gülünü-çiçəyini qaramat, hissiz və fərəhsiz qarşılasın.
Burda deyə bilərsiniz ki, Novruz bayramı olmasa, novruzu bayram etməsək yaz gəlməyəcək, ya da çiçəklərin açılışına, təbiətin oyanışına bayramsız, adət etdiyimiz dəfə-daraqsız sevinə bilmərikmi? Novruz bayramındansa gedib ibadət edib savab qazansam daha yaxşı olmazmı?
Fikirlər, fikirlər… hərə bir şey deyir, ucundan qulağından nəsə eşidib özünü biliklə sananlar da heç susmur, hətta uşaqları tonqala baxmağa qoymur ki, əttövbə günahdır. Elə bircə bunu deyim ki, işdi-şayət tonqal zərdüştçülükdən qalmadırsa, atəşpərəstlikdə od müqəddsədir, müqəddəs olanı da ayaqlar altına atmırlar, baş üstündə tuturlar, bəs elə isə niyə tonqalın üstündən hoppanırlar, atəşə, oda hörmətsizlik, günah olmur bu? Demək, Novruzun atəşpərəstlikdən gəlmə fikri boş çıxdı.
Hər şeyin öz yeri var. Bəzən bayramlar savab yerinə də keçir. İnanmırsınız? Onda bir düşünün, axı Quranda bir neçə yerdə, ey insan, heç düşüməzmisən, deyir. Əgər yazın gəlişini elliklə bayram edib yeni günümüzü, mövsümü sevinclə qarşılamaqmı, yoxsa qaramat hislərlə təbətin oyanışının, mövsüm dəyişikliyinin belə fərqində olmamaqmı? Əlbəttə, könül xoşluğu daha da sevincli ab-havadır. İnsan, könlü xoş olanda daha güclü olur, ibadətini daha sağlam beyinlə edir, inancını daha arı-duru şəkildə yaşayır.
Əgər islama baxırıqsa, hz.Peyğmbərin (s) həyatını örnək alırıqsa, o dinə əks olmayan adətləri və milli ənənələri heç vaxt qadağan etməyib. Cahiliyyə dövründə ərəblərdə əsas iki bayram olurdu. İbn-i Hişamın rəvayətində deyilir: “O zaman Nəcranın ərəb əhalisinin dinində hündür xurma ağacına sitayiş etmək vardı, onlar hər il bu ağac üçün bayram keçirərdilər. Bu bayram günündə ağaca gözəl paltarlar asar, onu qadın zinət əşyaları ilə bəzəyərək bütün günü onun ətrafında ibadət edərdilər”. Bu bizim yeni ildə yolka bəzəməyimizin qədim ərəb örnəyidir. Öz bütləri üçün qurban kəsənlər, onun ətrafında fırlanıb ibadət edənlər də vardı. O vaxt ərəblər qəbilələr şəklində yaşadıqları üçün hər qəbilənin öz bütü və ona uyğun ibadət şəkli vardı. Ancaq bayramlarında içki, musiqi, əyləncə və təzə paltar geyinmək bütün qəbilələrin ortaq cəhətləri idi. Ərəblər, əslində, əsasən türklərdən götürdükləri iki bayramı qeyd edirdilər: novruzu və mihricanı. Novruz yazın gəlişi, mihrican da payızın gəlişi idi.
Bir hədisdə (Ebu Davud, “Salat”, 245) Ramazan və Qurban bayramının onların iki bayramından xeyirli olduğu deyilir. Burada onların iki bayramı dedikdə, novruz və mihrican nəzərdə tutulur. Ancaq hz. Peyğəmbərimiz belə bu bayramları qadağan etməmişdir. Sadəcə, digər iki bayramın- ramazan və qurban bayramının daha xeyirli olduğunu dilə gətirmişdir, bayram etməyin deməmişdir. Burdan da aydın olur ki, əgər iki dini bayramı qeyd ediriksə, onun yanında milli bayramları da qeyd etməyimiz dinə və inancımıza zərər vermir. O zaman bu niyə günah olsun? Bunu günah kimi təbliğ edənlər dar düşüncəli insanlardır. Çünki milli şüurumuz bu bayramlara köklənib, ənənəvi milli bayramlara çox önəm verirsə, bu xalqı xoşbəxt edirsə, inancına da mane deyilsə, onda bunu həyatımızdan niyə çıxaraq? Bir halda ki, hz. Peyğəmbər (s) əyləncə üçün bayramda tay-tuşları ilə dəf çalıb əylənən hz. Ayişəyə qadağan qoymamış, hətta özü hz. Ayişə ilə bərabər o zaman keçirilən oxatma yarışlarına baxmağa getmişdir. Rəvayətə görə bir dəfə hz.Peyğəmbər evə gələndə hz.Ayişənin evdə dəf çalıb əyləndiyini eşidəndə evə girmir, gözləyir qızlar əyləncəsini qurtarandan sonra evə girir ki, onlar utanmasınlar.
Bütün bunlardan onu görürük ki, dinə zərər verməyən heç bir ənənə və adət qadağan edilməmiş, onun keçirilməsinə mane olunmamışdır. Milli bayramlar milli ruhumuzun ifadəsidir. Milli ruhumuz isə dindən uzaq deyildir, inancına və ruhaniyyatına bağlıdır.
Novruz bir təbiət hadisəsinin bayram edilməsidir.Onun başlanğıc tarixi bilinmir. Novruzun mənşəyi ilə bağlı müxtəlif fikirlər var. Bir fikrə görə Novruz “Yaradılış bayramıdır”. Yəni təbiətin yazda dirilməsi Tanrının dünya və insanı yaratmasının simvoludur ki, bu da bir bayram səbəbidir. Dörd çərşənbə də dünyanın təməli olan hava-su-od-torpağı, bu dörd ünsürü təmsil edir və yaradılışın tamamlanması artıq bayramdır.
AYİŞƏ NƏBİ
Çox maarifləndirici və eyni zamanda milli bayramlarımızda dini qadağaların olmamasının aydın şəkildə sübutudur daha çox yayımlanmadını istərdim