Yun Kitabələrimiz-xalçalarımız
May ayının 2-sində “Aydınlığa doğru” İB-nin binasında Qərbi Azərbaycan Haqqıxlı Qadınlar Şurasının toplantısı keçirildi.”Doğmalaşaq yadlaşmayaq” devizi ilə keçirilən toplantıda Qərbi Azərbaycan xalçaçılığı və xalça sənəti, xalçaçılğın keçmişi, milli mənəvi dəyərimiz olan xalça sənətinin milli kimliyimizi və milli ruhumuzu ifadə etməsi haqqında çıxışlar və müzakirə oldu.
Haqqııxlı Qadınlar Şurasının sədri Ayişə Nəbi türk etnosunda xalçanın əhəmiyyəti və xalçalardakı naxış və çeşnilərdə qədim Göytürk, Orxon-Yenisey əlifbasındakı hərflərin işlənməsindən və xalçanın bir “yun kitabə” olduğundan bəhs etdi. Şəfiqə Həsənova xalçanın quruluşu, toxubma qaydaları və rənglərin mahiyyətini açıqladı. Elza İbrahimova Haqqıxlı qadınlarının xalçaya qarşı həssaslığını və xalça toxuyanların adlarını çəkərək bu el-obanın incə ruhlu qadınlarını xatırlatdı. Məsmə Qocayeva öz təcrübəsindən bəhs edərək xalçanın çeşnisinin və naxışlarının necə toxunduğunu və bir xalçadan digər xalçaya göz yaddaşı ilə ötürülməsini dilə gətirdi. Filologiya üzrə fəlsəfə doktoru Xalidə İbrahimova tolerantlıq mövzusuna toxunaraq, Qubanın Xınalıq kəndində şahidi olduğu, keçən əsrin əvvəllərində toxunmuş və üzərində ay- ulduzlu bayrağımızın olduğu xalçadan söz açdı və diqqətdən kənarda qalan bu nadir sənət əsərini izah etdi. Həqiqət Vəliyeva və Gözəl Mehdiyeva da xalça haqqında öz fikirlərini dilə gətirdilər.
Milli mənəvi dəyərimiz olan xalça haqqında hazırladığımız video çarx göstərildi.Video çarxda Azərbaycanın bir çox bölgəsində və İrəvanda toxunan xalçalar göstərilərək, bu xalçaların eynisinin Haqqıxlıda da toxunduğu əyani şəkillərlə təqdim olundu. Bu da göstərir ki, İrəvan, Zəngəzur, Göyçə, Qaraqoyunlu, Haqqıxlı və s. yerlərimiz Ermənistanın istismarında olsa da Azərbaycandır və biz ruhən bir bütövük. Görüşümüz çay süfrəsi arxasında doğmalaşaraq yekunlaşdı.
Haqqıxlı Qadınlar Şurasının Mətbuat xidməti













