Asif Ata : FÜZULİLİYİMİZ – AŞİQLİYİMİZ
I. Eşq – İnam
Füzulidə Eşq – İnam səviyyəsindədir; sevgili İlahi Varlıqdır; Aşiq – Eşq Möminidir.
Füzulidə Eşq – Dindir; Aşiq – Dindardır. Füzuli Eşqdən başqa din tanımır.
Xublər mehrabi-əbrusinə qılmazsan sücud, Dinini döndərgil, ey zahid ki, yaxşı din deyil.
Eşqdən kənardakı Din – Dinsizlikdir Füzulidə; Eşqdən kənardakı səcdə – Səcdəsizlikdir; Eşqdən kənardakı Etiqad – Etiqadsızlıqdır.
Eşq möminliyindən başqa möminlik yoxdur Füzulidə.
Hər yana baxsam, sürahi tək sücud etmək işim, Qanda olsam, badə tək düşmək ayağa adətim.
Səcdə Aşiqlik İzharıdır, İnam Təsdiqidir. Füzuli Səcdə vasitəsiylə Səcdəsizliklə döyüşür, Aşiqlik vasitəsiylə Zahidliklə döyüşür.
Eşq evi məscidə qarşı durur Füzulidə.
Ey olan sakini-məscid nə bulubsan bilməm, Buriyasında onun buyi-riyadan qeyri?
İmana gəlmək Füzulidə Eşqə gəlmək olur:
Eşqsizlik – küfrdir; Zahid əslində kafirdir, İmansızdır.
Görməyincə hüsnünü imanə gəlməz aşiqin,
Yüz peyğəmbər cəm olub, göstərsələr min möcüzə.
Sevgiliyə üz tutmaq Füzulidə Allaha üz tutmaqdır; Hürufi davamçısıdır əslində Füzuli.
“Sevgili – Allahdır!” – deyir Füzuli, Allahlığı sevgilisində görür.
Ey Füzuli, yarə göndərdim üzüm əğyardən, Xəsmi çox gördüm, sığındım sidqilə Allahimə.
Eşq vasitəsiylə Füzuli həqiqətsizliklə döyüşür, əslində İnam vasitəsiylə İnamsızlıqla döyüşür.
Müəzzin naləsin alma qulağə, düşmə təşvişə,
Cəhənnəm qapısın açdırma, vaizdən xəbər alma. Aşiqlik İnamçılığı yaranır Füzulidə.
II. Eşq – İdrak
Füzulidə Aşiqlikdən Yüksək İdrakilik yoxdur. Aşiqlik İnsanı kamal əhli eləyir.
Eşq – İdrakı Ucalıqdır Füzulidə – ömrün İdraki hasilatıdır.
Həyat sərf edibən dərd qılmışam hasil, Sirişki-alü-ruxi-zərd qılmışam hasil.
Dərd – İdrak Dərsidir Füzulidə, Müdriklik Məktəbidir, kamillik yoludur, İnsanı Zaman üzərində Yüksəldən.
Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur, Nə hasil bivəfa dəhrin həyati-müstəarindən.
Eşq İnsanı Gerçəklik üzərində Yüksəldir, bu İdraki Yük-səlişdir. İdrakın Yüksəlməsidir həqiqətçilik Dərdiylə, əzabıyla, səbriylə,
Dözümüylə bir yerdə.
Eşq insanın İdrak Göyüdür, İdrak Eşqdə Göyləşir, Əsilləşir, Saflaşır.
Olma xali durdkeşlər söhibətindən, ey könül, Gər dilərsən edəsən ayineyi-idraki saf.
Eşqsizlik – Füzulidə İdraksızlıqdır; Aşiqi Eşqdən qorumaq – naşılıqdır. Eşq divanəliyində sonsuz İdrakilik var, Eşqsiz Beyində İdraksızlıq Yuva qurub.
Eşq sevdasından, ey naseh, məni məəni eylədin, Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin.
Eşqdə Aşiqlik Müdrikliyi yaranır – Ağlasığmaz.