Ədəbiyyatın ömrü hardan başlayır
Hər dövrün öz ədəbi sualları, öz yaradıcılıq axtarışları və öz böhranları var. Azərbaycan ədəbiyyatı da bu gün yeni bir mərhələnin astanasındadır. Bir tərəfdən, yeni müəlliflər meydana çıxır, kitablar nəşr olunur, ədəbi tədbirlər keçirilir, sosial şəbəkələrdə bədii mətnlər paylaşılır. Digər tərəfdən, bütün bu fəallığın içərisində cavabını gözləyən mühüm bir sual var: Biz bu gün hansı ədəbiyyatı yaradırıq və gələcəyin oxucusuna nə təqdim edə biləcəyik?
Ədəbiyyatımızın əsas problemi yazanların azlığı deyil, yazılanların nə qədərinin zamana və oxucuya qaldığıdır.
Məsələ təkcə kitabların sayı, nəşrlərin çoxluğu və ya yeni imzaların meydana çıxması deyil. Əsas məsələ bədii sözün keyfiyyəti, düşüncə dərinliyi və zamanla dialoq qurmaq bacarığıdır.
Süni intellekt də yazı yazırsa, yazıçının missiyası nədir?
Bu gün dünya sürətlə dəyişir. Süni intellekt mətnlər yaradır, şeirlər yazır, roman strukturları qurur, hətta müəyyən üslubları təqlid edə bilir. Belə bir şəraitdə ədəbiyyat qarşısında yeni və prinsipial bir sual dayanır: İnsan yaradıcılığını maşının yaratdığı mətndən fərqləndirən nədir?
Əlbəttə, texnologiyanı ədəbiyyat üçün təhlükə elan etmək doğru olmazdı. Süni intellekt yazıçıya araşdırmada, mətnin işlənməsində, tərcümədə və yeni ideyaların formalaşmasında kömək edə bilər. Lakin ədəbiyyat yalnız sözlərin düzgün ardıcıllığı deyil. O, insanın ağrısı, yaddaşı, sevgisi, qorxusu, vicdanı və yaşadığı zamanla münasibətidir.
Bir mətnin qrammatik baxımdan mükəmməl olması onun böyük ədəbiyyat nümunəsi olması demək deyil. Ədəbiyyatın dəyərini müəyyənləşdirən başlıca amil insan təcrübəsinin bədii həqiqətə çevrilməsidir.
Deməli, müasir Azərbaycan yazıçısının qarşısında təkcə yaxşı yazmaq deyil, həm də insanı, onun dəyişən dünyasını və mürəkkəb daxili aləmini yeni bədii vasitələrlə ifadə etmək vəzifəsi dayanır.
Ədəbi tənqid olduğundan daha prinsipial olmalıdır.Bu gün ədəbiyyatımızın ən ciddi problemlərindən biri də obyektiv və tələbkar ədəbi tənqidə olan ehtiyacdır.
Yeni kitab çap olunur, təqdimat keçirilir, müəllif haqqında xoş sözlər söylənilir. Ancaq bütün bunların ardınca həmin əsərin bədii dəyərini, dilini, kompozisiyasını, ideya yükünü və ədəbiyyatımıza gətirdiyi yeniliyi araşdıran ciddi müzakirələr nə dərəcədə aparılır?
Ədəbi tənqid müəllifi tərifləmək üçün deyil axı. Onun vəzifəsi əsəri təhlil etmək, uğurlu tərəfləri göstərmək, nöqsanları əsaslandırmaq və oxucunun estetik zövqünün formalaşmasına kömək etməkdir.
Tənqidin olmadığı yerdə meyarlar zəifləyir. Meyarların zəiflədiyi mühitdə isə istedadla iddia, sənətlə şöhrət, həqiqi yaradıcılıqla özünüreklam arasındakı sərhədlər bulanıqlaşır.
Ədəbiyyatın inkişafı üçün yalnız yaxşı yazıçılar deyil, həm də onların əsərlərini obyektiv qiymətləndirə bilən yaxşı tənqidçilər lazımdır. Ən əsası isə tənqid şəxslərə deyil, mətnlərə yönəlməlidir.
Ba.qa bir sual çıxır, sosial şəbəkələr ədəbiyyatı dəyişir, düzdür, bəs keyfiyyət necə dəyişir?
İnternet və sosial şəbəkələr yazmaq, çap olunmaq və oxucuya çatmaq imkanlarını xeyli genişləndirib. İndi müəllifin əsərinin oxucuya çatması üçün mütləq ənənəvi nəşriyyatdan və ya ədəbi jurnaldan keçməsi vacib deyil.Bu, müsbət hadisədir. Çünki yeni istedadların üzə çıxması üçün əlavə imkanlar yaranıb. Ancaq digər tərəfdən, sosial şəbəkələrdə populyarlıqla ədəbi keyfiyyətin eyniləşdirilməsi təhlükəsi də mövcuddur.Çox bəyənilən mətn həmişə yüksək bədii dəyərə malik olmur. Çox paylaşılan şeir mütləq böyük poeziya nümunəsi deyildir. Oxunma sayı ədəbi meyar olmamalıdır.
Ədəbiyyat sürətli istehlakın deyil, düşüncənin və daxili təcrübənin sənətidir. Bir neçə saniyəyə oxunub unudulan mətnlə illər sonra yenidən oxunmaq ehtiyacı yaradan əsər arasında ciddi fərq var. Əsas məsələ sosial şəbəkələrdən imtina etmək deyil, bu platformalarda da ədəbi keyfiyyətin qorunmasına nail olmaqdır.
Bu mənada müasir Azərbaycan ədəbiyyatı öz zamanının insanını nə qədər tanıyır?
Bəlkə də, bütün məsələlərin mərkəzində dayanan əsas sual budur.
Bu gün Azərbaycan insanı hansı hisslərlə yaşayır? Onun qorxuları, arzuları, mənəvi ziddiyyətləri, ailə münasibətləri, tənhalığı, sosial problemləri və gələcəyə baxışı müasir nəsrdə və poeziyada əks olunurmu və necə əks olunur?
Ədəbiyyat yalnız keçmişin qəhrəmanlarını, tarixi hadisələri və milli yaddaşı təsvir etməklə kifayətlənməməlidir. Bunlar bizim mənəvi sərvətimizdir və qorunmalıdır. Ancaq müasir ədəbiyyat bu gün yaşayan insanın da portretini yaratmalıdır.Müharibənin, itkilərin, qayıdışın, köçün, sosial dəyişikliklərin, mənəvi sarsıntıların və yeni həyat reallıqlarının insan psixologiyasında yaratdığı izlər ciddi bədii araşdırma tələb edir.
Yazıçı hadisəni sadəcə təsvir etməməli, onun arxasındakı insan taleyini görə bilməlidir. Ədəbiyyatın gücü də məhz bundadır: hamının gördüyü hadisədə başqalarının görə bilmədiyi həqiqəti üzə çıxarmaqdır ustalıq.
Bütün bunlarla yanaşı biz ədəbiyyatın gələcəyi üçün narahat olmaqla nə etməliyik?
Bu suala cavab olaraq ilk onu deyə bilərik ki, Azərbaycan ədəbiyyatının inkişafı üçün bir neçə istiqamətdə daha ciddi yanaşmaya ehtiyac var:
Gənc müəlliflərin yaradıcılığına diqqət artırılmalı, onların əsərləri obyektiv meyarlarla qiymətləndirilməlidir.
Ədəbi tənqid daha müstəqil, prinsipial və analitik xarakter daşımalıdır.
Müasir dünya ədəbiyyatı ilə tərcümə və yaradıcılıq əlaqələri genişləndirilməlidir.
Kitabın təbliği ilə yanaşı, mütaliə mədəniyyətinin formalaşmasına diqqət yetirilməlidir.
Süni intellekt və rəqəmsal texnologiyaların ədəbiyyata təsiri elmi və yaradıcı müstəvidə araşdırılmalıdır.
Ədəbi mühitdə şəxsi münasibətlərdən daha çox əsərin bədii keyfiyyətinə üstünlük verilməlidir.
Bunun üçün də əsas məsələ baxılmalıdır: ədəbiyyatın nüfuzu necə qorunmalıdır?
Bu gün Azərbaycan ədəbiyyatının qarşısında duran ən mühüm vəzifə sadəcə daha çox yazmaq, daha çox çap olunmaq və daha çox görünmək deyil, yazılanların bədii dəyərini artırmaq, müasir insanın ruhuna toxunmaq və milli ədəbiyyatımızı dünya ədəbi prosesinin fəal iştirakçısına çevirməkdir.
Süni intellektin mətn yaratdığı, sosial şəbəkələrin diqqəti saniyələrə böldüyü, informasiya bolluğunun düşüncəni arxa plana keçirdiyi bir zamanda ədəbiyyatın özünəməxsus missiyası daha da aydın görünür. Ədəbiyyat insanı insana tanıtmalıdır. Onun görmədiyini göstərməli, susduğunu dilə gətirməli, unutduğunu xatırlatmalıdır.
Bəlkə də, bu gün Azərbaycan ədəbiyyatının özünə verməli olduğu ən vacib sual budur: Gələcək nəsillər bizim hansı əsərimizi oxuyacaq və həmin əsərdə bizim dövrümüzün hansı həqiqətini tapa biləcək?
Çünki ədəbiyyatın həqiqi ömrü kitabın nəşr olunduğu gün deyil, oxucunun onu yenidən açdığı gündən başlayır.
ikim.az