İNSANIN KÖLƏLİYİ VƏ AZADLIĞI HAQQINDA
…Mədəniyyət aristokratik prinsipə, keyfiyyətcə seçim prinsipinə əsaslanıb. Mədəni yaradıcılıq bütün sahələrdə kamilliyə, ali keyfiyyətə can atır. İdrakda da, sənətdə də, ruhi kübarlıq və hissi mədəniyyətin formalaşmasında da belədir. Həqiqət, gözəllik, doğruluq, məhəbbət kəmiyyətdən asılı deyil, bunlar keyfiyyətdir. Aristokratik seçim prinsipi mədəni elitanı, mənəvi aristokratiyanı yaradır. Ancaq mədəni elita həyati qaynaqlardan aralanmaq, yaradıcılığın tükənməsi, çürümə və ölüm qorxusuna görə qapanmış, təcridlənmiş, özünü təsdiq halında qala bilməz. Hər bir qrup aristokratizmi labüd olaraq çürüyür və quruyur. Mədəni dəyərlər keyfiyyətsiz insan kütləsinə tezliklə yayıla bilmədiyi kimi, beləcə mədəniyyətin demokraitkləşməsi də baş verməyə bilməz. Həqiqət o mənada aristokratikdir ki, insan toplumunun sayından, rəyindən və tələbindən asılı olmayaraq, idrakda keyfiyyətə və kamilliyə çatdırır. Ancaq bu o demək deyil ki, həqiqət seçilmiş azlıq, aristokratik qrup üçündür, həqiqət bütün bəşərindir və bütün insanlar ona qovuşmalıdır. Qapalı elitanın qürur və xudbinliyindən çox ikrah doğuran bir şey yoxdur. Böyük dahilər heç vaxt belə olmayıblar. Hətta demək olar ki, mədəni cəhətdən kübar, mürəkkəbləşmiş, həyati proseslərin genişliyi və dərinliyi ilə əlaqəsini itirmiş insanlar silki saxta bir şeydir. Özünü mədəni elitaya aid edənlərin tənhalığı saxta tənhalıqdar. Bu hər halda sürü tənhalığıdır. Sürü kiçik qrup olsa da, bu, peyğəmbərlərin və dahilərin tənhalığı deyil. Dahi ilkin reallığa, həqiqi mövcudluğa yaxındır, mədəni elita isə obyektivləşmə və sosiallaşma qanunlarına tabedir. Məhz bundan mədəniyyətpərəstlik, yəni bütpərəstliyin və insan köləiyinin bir forması yaranır. Həqiqi mənəviyyat aristokratı xidmət etməli olduğunu dərk edir, əlahiddəliyini yox. Həqiqi aristokratizm ətraf aləmdən, kütlədən asılı olmadan mənəvi azadlığa qovuşmaqdır, öz daxili səsini, Allahın səsini və vicdanın səsini eşitməkdir. Aristokratizm şəxsiyyət hadisəsidir, çevrilməylə, konformizmlə, keyfiyyətsiz aləmə köləliklə barışmayan şəxsiyyət… … Yaradıcıdan daha çox tükədiciyə çevrilən mədəni elitanın eqosentrizmi və təcridlənməsi həyatın ədəbiyyatla əvəzlənməsinə gətirib çıxarır. Ədəbiyyatın süni atmosferi yaranır və insanlar burada kabus mövcudluğu sürürlər. Mədəni insanlar ədəbiyyatın, sənətdə son sözlərin köləsinə çevrilir. Bu zaman estetik mühakimələr şəxsi deyil, elit-qrup səciyyəli olur. Mədəniyyət və mədəni dəyərlər insanın yaradıcılıq aktı ilə yaradılır və burada insanın dahi təbiəti aşkarlanır. İnsan mədəniyyətə böyük töhfələr verib. Ancaq buradaca insan yaradıcılığının faciəviliyi ortaya çıxır. Yaradıcılıq aktı, yaradıcılıq niyyəti və yaradıcılıq məhsulu arasında uyğunsuzluq var. Yaradıcılıq atəşdir, mədəniyyətsə artıq atəşin soyudulmasıdır. Yaradıcılıq aktı uçuşdur, obyektivləşmiş dünyanın ağırlığı üzərində, determinizm üzərində qələbədir. Mədəniyyətdə yaradıcılıq məhsulu isə artıq aşağıya cəzbdir, çöküşdür. Yaradıcılıq aktı, yaradıcılıq atəşi subyektivlik səltənətindədir, mədəniyyət məhsulları isə obyektivlik səltənətində. Mədəniyyətdə sanki insan təbiətinin həmin təcridlənməsi, kənarlaşması baş verir. Elə buna görə insan mədəni məhsulların və dəyərlərin köləliyinə düşür. Mədəniyyət özlüyündə həyatın dəyişdirilməsi və yeni insanın zühuru deyil. O, insan yaradıcılığının geriyə, qurtulmaq istədiyi obyektivləşmiş dünyaya qayıdışıdır… …Aydın anlamaq lazımdır, yaradıcılığın mədəni dəyərlərdə obyektivləşməsi nədir və buna qarşı nə mənada üsyan etmək lazımdır. Burada böyük anlaşılmazlıq ola bilər. Yaradıcılıq aktı yalnız yuxarıya yox, həm də başqasına, dünyaya, insanlara doğru hərəkətdir… Yaradıcılıq aktı kənara heç bir çıxış tapmadan yaradıcının daxilində boğula bilməz. Lakin yaradıcılıq aktının gerçəkləşməsini qətiyyən obyektivləşmə ilə eyniləşdirmək olmaz. Obyektivləşmiş aləm yalnız sənətkarın yaşamağa dücar olduğu bir dünyanın halıdır. Və yaradıcılıq aktının kənara hər bir təzahürü bu aləmin hökmünə düşür. Yaradıcının faciəvi vəziyyətini və yaradıcılığın onun tərəfindən törədilən faciəviliyini anlamaq vacibdir. Obyektivləşmiş dünyadan kölə asılılığına qarşı, yaradıcılıq məhsullarında yaradıcı təcrübənin korşaldılmasına qarşı mübarizə ondan ibarət deyil ki, yaradıcı özünü öz yaratdıqlarında ifadə etməkdən və gerçəkləşdirməkdən əl çəksin, bu, ağılsız tələb olardı, – mübarizə yaradıcılıq aktı vasitəsilə obyektivləşmənin qapalı çərçivəsinin maksimal qırılmasından, yaradıcının yaratdıqlarının maksimal ekzistensiallığından, maksimal subyektivliyin dünyanın obyektivliyinə müdaxiləsindən ibarətdir. Yaradıcılığın mənası dünyanın dəyişikliklərinin qabaqlanmasındadır, bu dünyanın obyektiv kamillikdə dondurulmasında yox. Yaradıcılıq dünyanın obyektivliyinə, materiyaya və zərurətə qarşı mübarizədir… …İnsan elm və sənət normalarının köləsi olub. Akademizm bu köləliyin silahıdır. Bu, yaradıcılıq atəşinin sistematik, təşkilatlanmış söndürülməsidir, yaradıcı şəxsin sosial qrupa ram olması tələbidir. İnsan sivilizasiyanın idrakına qul olub. Ancaq bu idrak ilahi Loqos deyil, bu, ortabab, normal, sosiallaşmış, orta mənəvi səviyyəyə və insanların ənənəvi birliyinin aşağı səviyyəsinə uyğunlaşmış şüurun idrakıdır. Beləcə bütöv şəxsiyyət ram edilir və onun fövqəlrasional qüvvəsinə yol verilmir. Beləcə də sivilizasiyanın xeyiri, qanuna çevrilmiş və sosiallaşmış, sosial adiliyə qulluq edən xeyir insanı kölə edir. İnsan ideal mədəni dəyərlərin köləliyinə düşür. İnsan elmi, sənəti, mədəniyyətin bütün keyfiyyətlərini bütə çevirir və bu, onu köləliyə salır. Sientizm, estetizm, mədənilik müştəbehliyi – insan köləliyinin nə çox forması. Bir vaxtlar ideal dəyərlər arxasında peyğəmbərlər və dahilər, yaradıcılıq ilhamı və alovu durardı. Ancaq peyğmbərlərə və dahilərə heykəllər qoyulduqdan, adlarına küçə verildikdən sonra artıq yeni peyğəmbərliyə və dahiliyə dözməyən ilıq ara mədəniyəti yaranır… Həmişə mədəniyyətin qanunbazlığı və fariseyliyi ortaya çıxır və həmişə də profetik rühün üsyanı labüdləşir. Mədəniyyət – böyük nemətdir, insanın yoludur və barbarlara onu inkar etməyə imkan vermək olmaz. Ancaq mədəniyyət üzərində ali məhkəmə labüddür, mədəniyyətin məhşəri var. Bütün yer üzü kimi, mədəniyyət də yeni həyat üçün dəyişməlidir, o, öz aralıqlığında, qanunbaz ilıqlığında sonsuz qala bilməz… Sivilizasiya və mədəniyyətin sövq etdiyi yalan var. Zahirdə isə yekdillik hökm sürür. Yalana qarşı həqiqəti qoymaq lazımdır, bu həqiqət təhlükəli və dağıdıcı görünsə də. Həqiqət həmişə təhlükəlidir. Yalan ona görə artır ki, məqsədlər vasitələrlə əvəzlənir. Və vasitələr elə çoxdan məqsədə çevrilib ki, artıq məqsədə çatmaq mümkün deyil. Sivilizasiya vasitə kimi yaranıb, ancaq insanı despotcasına idarə edən məqsədə dönüb. Mədəniyyət bütün dəyərləri ilə mənəvi həyat üçün, insanın mənəvi yüksəlişi üçün vasitədir, lakin o, insanın yaradıcı azadlığını əzən özündə-məqsədə çevirilib. Bu, vasitə və məqsədləri ayıran obyektivləşmənin qarşısıalınmaz nəticəsidir. Sivilizasiyanın aktualizmi insandan artan fəallıq tələb edir, ancaq bu tələbi ilə o, insanı kölə edir, onu mexanizmə çevirir. İnsan qeyri-insani aktual prosesin, texniki və sənaye prosesinin vasitəsi olur. Bu aktualizmin nəitcəsi heç də insan üçün deyil, insan bu nəticə üçündür. Bu aktualizmə qarşı mənəvi reaksiya seyr ixtiyarı tələbidir. Seyr nəfəsdərmədir, insanın zaman axınının köləliyindən qurtulduğu ani qazanmaqdır. Köhnə mədəniyyətdə təmənnasız seyr böyük rol oynayırdı. Ancaq sırf seyr mədəniyyəti insanın passivliyi, dünyada fəal rolunun inkarı ola bilər. Buna görə də seyr və fəallığı birləşdirmək lazımdır. Ən əsası, insan həm mədəniyyətə, həm texnikaya münasibətdə hakim olmalıdır, kölə yox. Güc prinsipi elan edildikdə və güc həqiqətdən uca, dəyərlərdən uca tutulduqda, bu, sivilizasiyanın sonu və ölümü olur. Və onda insanı saran yeni azman inancları, kobud gücə qalib gələcək yeni mənəvi yüksəlişi gözləmək lazım gəlir.
tərcümə edən: Asif Hacılı