-Əminə qızım, xalan poçtla bir şeylər göndərib. Poçta get, al.
-Yaxşı, nənə. Nədir görəsən, çox maraqlı gəldi. Krımdanmı göndərdi?
-Hə.
-Ayyy, nədir görəsən?!
-Danışmaq yerinə gedib göterəsən bəlkə?
-Hə, düzdü.. Mən getdim.
-Diqqətlii ol!
Mən artıq eşitmirdim. Binadan çıxaraq,poçta yolumu tutdum. Qarşıma çıxan insanların hamsına demək istəyirdim: xalam Krımdan bizə paket göndərdi! Krımdan!!! Hərkəslə sevincimi paylaşmaq istəyirdim.
Krım- sehirli bir kəlmə! Bir yer adı. Uşaqlığımdan həmişə eşitdiyim kəlmə. Yanında da Vətən. Atamdan eşidəndə, gözləri ışıl ışıl parıldayardı. Uşaq idim, elə də anlamazdım, atam o sözləri deyərkən niyə bu qədər həyəcanlanırdım, sevinir və ,qürurlanırdım? Babamgildən eşidəndə, gözlərin dərinliyində kədər, acı, xatirələr görürdüm. Maraqlı gələrdi, görəsən o dərin xatirələrdə nə var. Nənəm Kırım deyəndə gözləri yaşla dolardı. Üzülürdüm, duyğularım altüst olurdu. Məndə ise Kırım sözü xəyallarımı oyandırırdı, gələcəklə bağlı xəyallar.
Hə, Kırımdan bir poçt paketi gəlmişdi. Həyəcanla poçt binasına girdim, qəbzi uzatdım vəzifəli xanıma. Mənə diqqətlə baxdıı:
-Sən Leylanın bacısı qızısan? soruşdu.
-Hə, dedim.
– Xalamı hardan tanıyırsınız?
-Eyniı sinifdə oxumuşuq. Bu çılgınlığı da ancaq xalan eləyə bilərdi.
Kefim korlandı, xalamı çok sevirdim. Niyə belə dedi. Əsəbləşdim də biraz. Mən düşünərkən poçt işçisi depoya keçdi və oradan mənə səsləndi:
-Xalan nə göndərdi, bilirsən?
Cavab vermədim, özümə də maraqlı gəlirdi..
-Hamsi! Təsəvvür eləyə bilirsən? Hamsi! Poçtla hamsi göndərilərmi? Al, xalan göndərib!
Hamsi. Nədi bu hamsi? Pis bir şey olmalıdı, çünkü poçtalyon çox əsəbi idi..
-Bu gün gəlib götürməsəydin, atacaqdım! Hər tərəfi qoxusu bürüyüb!
Sonra anbardan çıxaraq mənə iyli bir paket uzatdı.
-Al, tez get. Səndən sonra buranın havasını dəyişəcəm.
Paketi aldım, təşəkkür edib poçtdan çıxdım. Paket kəskin balıq qoxuyurdu. Düşündüm ki, bu hamsi balığı olmalıdı. Amma xalam ta Krımdan niyə balıq göndərsin ki? Paketi özümdən uzaq tutaraq ,insanların olmadığı yoldan nənəmin evinə tərəf getdim. Ağımda bir çox sual var idi. Krımdan göndəriləcək başqa bir şey yox idi? Evə girəndə nənəm məni gözləyirdi. O da mənim qədər həyəcanlıydı.
-Əminə, qızım sənsən? Gətirdin paketi?
-Hə nənə, gətirdim.
Əlimdəki paketi nənəmin qarşısına qoydum.
-Hamsi varmıymış içində. Xalam niyə balıq göndərib ki?
Nənəm həyəcanla paketi açmağa başladı. Əlləri titrəyirdi həyəcandan. Xalam paketləməsini çox yaxşı etməsinə baxmayarq, balığın suyu tənəkə qutusundan sızmışdı. Nənəm qutunun qapağını açanda, içində balaca balıqlar gördüm. Nənəm əllərini tənəkeəyə saldı və balıqları ovcuna aldı, qoxladı və ağladı.
-Xarab olub? Niyə ağlayırsan? Nənə, üzülmə balıq üçün. Başqa balıq alarıq, dedim.
-Leyla xalan sənin yaşında olanda, dedi nənəm, mən xəstələndim. Məni xəstəxanaya yatırtdılar. Anan, dayın, xalaların başıma yığışdı.
‘’- Ana, ürəyin nə istəyir,sənə nə bişirib gətirim? deyə soruşurdular.
Dedim:
-İstədiyim bir şey var amma, burda tapa bilməzsiniz.
Dayın dedi:
– Sən de, biz taparıq.
-Bir hamsi olsa da yesəm, dedim.’’
-Təbii ki o vaxtı tapa bilmədilər, çünki bu hamsi sadəcə Qaradənizdə olur, Kırımda.
-Nə özəlliyi var ki bu hamsinin, mən soruşdum.
-Qaradəniz hamsisi çox ləzzətlidi, amma mənim üçün başqa bir dəyəri var, dedi nənəm.
-Necə bir dəyər?
-Bu hamsidə Vətən qoxusu var, qatarda aclıqdan ölən anamın əllərinin qoxusu var, sürgün edildiyimiz kəndimizin qoxusu var.
Nənəm çox danışmazdı. Gözlərinin yaşını da bizdən gizli gizli silərdi ki görməyək. O acı günlərdən də heç söz açmazdı. İndi də yenə çox danışmadı. Sadəcə gözyaşları sel oldu. Ağlayırdı, amma gözlərində xoşbəxtlik var idi. Xoşbəxt idi, çünki həsrət qaldığı Vətən Kırıma dönüş başlamıştı.
Elvina Murza Dəmir
12.05.2020
Azərbaycan türkcəsinə uyğunlaşdıran: Aysu Nəzərli
Vətən həsrətli hekayələr ürəyimizi sızladır, yaralarımızı qanadır. Hamı öz vətəninə, elinə – obasına qovuşsun. Elvina xanıma təşəkkürlər! Qələminizə qüvvət 💕
Allah milletimizi dertte beladan korusun, milletimize mutlu ve ferah bi gelecek yazsın…
Təbrik edirəm. Gözəl hekayədir. Davamı gözləyirik…