Dünyaya qorxunun gözüylə baxma
Vaqif Səmədoğluna
Dünya bir pəncərədi –
Baxsan da, baxmasan da.
Çay axır, vaxt aparır,
Axsan da, axmasan da –
Dünyaya qorxunun gözüylə baxma!
Dünyaya qorxunun gözüylə baxma,
Dərin olmaz,
Sərin olmaz,
Yarın olmaz qara ağac kölgəsi!
Qara daş,
Qara qum,
Duz göyərəndə,
Çiynində qanadlı mələk görəndə
Dünyaya qorxunun gözüylə baxma.
Ruhun həbsdəsə,
Kədər xəstəsə,
Bəd xəbər kəssə –
Dünyaya qorxunun gözüylə baxma.
Nə mən arzunun sonuyam,
Nə sən sevdanın ilki.
Dünyaya qorxunun gözüylə baxma –
Dünyaya özümüz gəlməmişik ki!
Dünyaya qorxunun gözüylə baxma –
Ya qul olacaqsan,
Ya da ki quldar.
Beş günlük dünyanın feilinə uyma.
Qanı laxtalanmış azadlıq da var.
Sevən sevilmirsə,
Bəxtin kəmdirsə,
Sarı sarı deyil,
Yaşıl nəmdirsə,
Qürub qanqırmızı batan qəmdirsə –
Dünyaya qorxunun gözüylə baxma!
İçində izin azalsa,
Dizində dözüm azalsa,
Tanrıdan izin azalsa,
Dünyaya qorxunun gözüylə baxma.
Gec tapdın,
Tez itirdin?
Atam oğlu, fərq eləməz!
Nə isə tapılmalı,
Nə isə itməlidi –
Əzəli bir kələkdi;
Nə vaxtsa ötməlidi.
Qanadlı şəlaləyə,
Al badə lalələrə,
Zeytun gözlü dənizə,
Gümüşü balıqlara,
Kül altında közərən
Müqəddəs eşqə görə,
Zərli kəpənəklərə,
Kəhkəşanlı göylərə,
Allı-güllü payıza,
Quşbaşı qara görə
Dünyaya qorxunun gözüylə baxma!
Milçəkdən fil düzəlsə,
Fahişələr mələyə,
İblislər bütə dönsə –
Qorxunun gözüylə dünyaya baxma!
Eh, nə isə,
Eh, nə qəm,
Ölüm haqsa, qəmin kəm –
Dünyaya qorxunun gözüylə baxma.