24 Kasım 2024

KÜTLƏ ADAM

(hekayə)

Tək başına olmamaq qədər böyük bir bədbəxtlik

La Brayer

Bir alman kitabı haqqında çox gözəl deyiblər ki, o “oxuyana sirrini vermir”. Bəzi sirlər öz açarlarını daim gizləyirlər. Gecənin bir vaxtı qulyabaniyə oxşayan keşişin üzünə dərdli-dərdli baxaraq yatağında ölənlər var. Belə öz açılmalarına icazə verməyən o qorxulu sirlərdən ürəklərinə ümidsizlik çökərək, boğazları tıxanaraq ölənləri deyirəm. Vicdanları elə dəhşətli bir yükün altındadır ki, bu yük onlarla bərabər düz qəbrə gedir. Beləliklə, heç bir günahın əsl mahiyyəti üzə çıxmır.

Bu yaxınlarda bir payız günü axşamüstü Londondakı D… otelinin çayxanasında böyük tağlı bir pəncərənin qabağında otururdum. Artıq bir neçə ay çəkən xəstəlikdən yaxşılaşmışdım, daha darıxmırdım, əksinə əvvəlki kimi gücümü toplayıb öz xoşbəxtlik hislərimə qapılmışdım. Bəsirət gözünü örtən pərdə aralananda (gözlərindəki duman pərdəsi (İlliada)) insanın içinə odlu-alovlu arzular dolar, ağlı həyəcandan eyni ilə Leybnisin güclü və səmimi məntiqi, Corciesin çılğın və zərif ritorikası kimi qeyri-adi bir hala düşər. Bəzən, sadəcə, nəfəs almaq belə özü bir həzzdir. Ağrı-acının özü bir yana, mənə hətta, onu yaradan səbəblər də zövq verirdi. Məndə hamıya qarşı gizli bir maraq vardı və eyni zamanda hamını başdan-ayağa qədər araşdırırdım. Günortadan sonra vaxtımın çox hissəsini bir puronu ağzımda tutaraq, qucağıma bir yığın qəzet alıb elanları saf-çürük edərək içəridəki qarmaqarışıq qələbəliyi seyr etməklə və tərli şüşənin arxasından küçəyə baxmaqla keçirdim.

Bu küçə şəhərin ən işlək küçələrindən biri idi və gün uzunu da elə beləcə qələbəlik olurdu. Qaranlıq çökdükcə qələbəlik daha da artır, lampalar yandığında qapının qabağındakı hər iki istiqamətə tərəf insan seli sürətlə axırdı. Axşamın bu saatında heç bu qədər gur bir yerdə olmamışdım, ona görə də insan kəllələrindən ibarət olan bu çalxalanan dəniz içimi yeni və xoş duyğularla doldurdu. Nəhayət, otelin içindəkilərlə maraqlanmaqdan əl çəkib bütün diqqətimi eşikdəki səhnəyə yönəltdim.

İlk müşahidələrim olduqca ümumi və qarışıq idi. İnsan kütləsinə baxır və bu insan kütləsini mən bütöv bir tam olaraq düşünürdüm. Ancaq sonra daha ətraflı baxdım və saysız-hesabsız fiqur, paltar, əda, yeriş, üz və üz ifadələri görərək onları böyük bir diqqətlə araşdırmağa başladım.

Keçib gedənlərin çoxunda özündən razı bir iş adamı ədası vardı, sanki onların beynindəki yeganə fikir bu camaatın arasından necə keçmək fikri idi. Qaşları çatılmış, gözləri donuq idi. Biri ilə toqquşanda heç bir narahatlıq hissi keçirmir, bir an dayanıb üstünü-başını düzəldib tələsik yoluna davam edirdilər. Bəzilərinin hərəkətləri narahat idi və bunlar sayca digərlərindən daha çox idilər. Üzləri qızarmışdı, əl-qol ataraq öz-özlərinə danışırdılar, elə bil ətrafdakı camaat sıx olduğundan onlar özlərini yalnız hiss edirdilər. Birisi yerimələrinə mane olanda birdən donquldanmağı kəsir və əl-qol hərəkətlərini ikiqat artırırdılar, dodaqlarında dalğın və şit gülümsəmə ilə qarşıdakı adamın növbəti hərəkətini gözləyirdilər. İtələndiklərində isə onları itələyənə təzim edərək salam verir və təəccüblənmiş kimi görünürdülər. İki böyük sinfə ayırdığım bu qisimlərin, söylədiklərimdən əlavə başqa da diqqətəlayiq bir xüsusiyyətləri yox idi. Yaxşı geyinənlər təbəqəsindən idilər. Toplumun müstəqil işləyən əsilzadə, tacir, vəkil, alverçi, ya da birja ilə əlaqəli aristokratları və adi insanları idilər. Bunlar məni o qədər də maraqlandırmırdılar.

Katiblər qəbiləsini seçmək asandır. Burada iki diqqətəlayiq sinfə rast gəldim. Yeni iş sahələrində fəaliyyət göstərən firmalarla işləyən gənc katiblər vardı – dar pencəkli, parlayan ayaqqabılı, saçları briyantinli, dodaqları lovğa gənclər. Davranışlarındakı masa arxasında oturan adama xas olan nəzakəti bir kənara qoysaq, bu insanların hərəkət tərzləri mənə bir il, il yarım bundan əvvəlki əsilzadələrin davranışlarının eynisi kimi göründü. Onlar yüksək təbəqənin asi davranış tərzinə sahibdirlər və məncə, bu sinifin ən yaxşı tərifi də elə budur.

Böyük şirkətlərdə işləyən birinci sinif katibləri, ya da “əxlaqlı qocaları” başqaları ilə qarışdırmaq mümkün deyildi. Bunları, əyinlərində rahat otura bildikləri qara və ya qəhvəyi pencək və şalvar, ağ qalstuk və jilet, geniş və tökmə ayaqqabı, qalın corabla qaloşlarından tanımaq olurdu.

Hamısının başı bir az keçəldi, uzun müddət qələm daşımaqdan sağ qulaqları çömçəyə dönmüşdü. Şapkalarını hər iki əli ilə birdən tutub çıxarmaları, ya da düzəltmələri, köhnə tərzdə qısa saat taxmaları diqqətimi çəkdi. Saxtakarlığı bir məğrurluq kimi göstərə bilirlərsə, onlarınkı təqlid edici bir kübarlıqdır.

Dayanmadan hərəkət edən bir çox adam vardı. Onların böyük şəhərlərə yayılmış mahir cibgirlər olduğunu o saat başa düşdüm. Bu adamlara çox diqqətlə baxdım və centlmenlərin onları da öz təbəqələrindən zənn etdiklərinə mat qaldım. Pencəklərinin qollarının genişliyi və göstərdikləri həddən artıq səmimiyyətin saxtalığı, necə olsa da onları tanıtmalı idi.

Qumarbazlar daha asan tanındıqları üçün onları çox yerdə gördüm. Hər cür paltar geyinirdilər. Gözünü qan bürümüş fırıldaqçılar məxmər jilet, bahalı şərf, parıldayan zəncir və qızıl, ya da gümüş işləməli düyməsi olan geyimlərindən tut ta ki, rahiblərin, xüsusi ilə sadə hazırlanmış (heç bir şey bundan daha az şübhə oyandırmazdı təbii ki) paltarlarına qədər geyinirdilər. Amma qarabuğdayı və tərli üzləri, donmuş gözləri və solğun dodaqlarını sıxmaları onları yenə də ələ verirdi. Bundan başqa onları daha iki xüsusiyyətlərinə görə də tanıya bilirdim: danışanda alçaq səs tonundan istifadə etdikləri və baş barmaqlarının digər barmaqlarla qeyri-adi, doxsan dərəcəli bir bucaq əmələ gətirdiklərinə görə də tanınırdılar. Bu fırıldaqçıların arasında olarkən, ümumən fərqli vərdişləri olan, amma eyni növ insanlara rast gəldim. Bunlara zəkaları sayəsində yaşayan insanlar da deyə bilərik. Onlar iki şəkildə-modabaz və əsgər şəklində xalqın hesabına dolanırlar. Modabazların fərqləndirici cəhətləri onların saçlarının uzun qıvrımlı olması və gülümsəmələridir, əsgərlərin isə ilgəkləri qotazlı çarpaz xətlərlə bəzədilmiş pencəkləri və çatılmış qaşlarıdır.

Yüksək təbəqəni təqlid edənlər sinfində daha aşağılara endikcə danışılası çox dərin və qaranlıq mövzular çıxırdı. Yəhudi səyyar satıcılar gördüm. Bunların, şahin gözü kimi parlayan gözlərindən başqa, üzlərindəki hər şey səfil bir təvazökarlığın ifadəsi idi. Bütün ümidlərini itirib də gecənin qaranlığında mərhəmət axtarmağa çıxmış dilənçilərə qaşını çatan iri gövdəli, güclü-qüvvətli, peşəkar küçə dilənçilərini gördüm. Sanki təsadüfi bir təsəllinin ya da unudulmuş bir ümidin arxacınca düşmüş kimi əlacsız və bərbad görkəmi olan, ölümə çox yaxınlaşmış əlillər qorxa-qorxa və asta-asta izdihamdakılara yaxınlaşır, yalvaran gözlərlə hamının üzünə baxırdı. Sadə gənc qızlar gecə yarısına qədər uzanan bir iş günündən sonra bikef-bikef evlərinə qayıdırdılar və qoluzorlu kişilərin zəndli baxışlarından hirslənərək gözü yaşlı bir şəkildə qaçmağa çalışırdılar. Şəhərdə hər yaşda və hər cür qadın görə bilirdim. Qadınlığın zirvə nöqtəsindəkilərin valehedici gözəlliyi insana, üstü Paron mərmərindən düzəldilmiş, içi isə zirzibillə dolu Lusiyan heykəlini xatırladırdı. İyrənc və tam mənasında məhv olmuş, cırcındır içində cüzam xəstələri vardı, üzləri qırış-qırış, ləl-cəvahiratlı və boyalı qarı nənələr gənc görünmək üçün son cəhdlərini edirdilər, bədənləri yetişməmiş uşaqlar, illərlə işləmiş ustalarla əxlaqsızlıqda yarışmaq üçün azğın bir arzu ilə yanırdılar. Saysız-hesabsız sərxoş vardı, kimisi cırıq, sökük və yamaqlı paltarlar içində açıq-aşkar səndələyirdi, üzləri yara-xora içindəydi, gözləri sönükdü, bəzilərinin paltarı kirli-paslı idi, amma buna baxmayaraq qalın dodaqlı, qırmızı sağlam sifətləri ilə yenə də özlərini sıxaraq, qoçu ədası ilə yırğalanaraq yeriyirdilər, digərləri isə bir zamanlar yaxşı olmuş, indi də diqqətlə təmizlənmiş paltarları geyinirdilər, bunlar təbii olmayan sərt addımlarla yeriyən, amma üzləri dəhşətli dərəcədə solğun, gözləri iyrənc şəkildə vəhşi və qırmızı, qələbəliyin içindən sürətlə gedərkən titrəyən barmaqları ilə əli çatan hər şeyi tuta bilən adamlar idi. Bunlarla bərabər hamballar, şirniyyatçılar, kömürçülər, xidmətçilər, musiqiçilər, meymun oynadanlar, küçə müğənniləri, onların pul yığanları, hər cür pərişan sənətkar və yorğunluqdan halı qalmamış fəhlələr vardı. Bütün bunlar elə hay-küy salır, elə canfəşanlıq göstərirdilər ki, insanın qulaqlarını deşir, gözlərini acışdırırdı.

Gecə qaranlıq çökdükdə qarşımdakı səhnəyə marağım daha da artdı. Təkcə izdihamın xarakteri hiss olunacaq dərəcədə dəyişməmişdi (səliqəli insanlar getdikcə yox olmuş, onların yerinə daha qaba və yersiz cəsarətləri olan insanlar gəlmişdi, vaxt keçdikcə bütün alçaqlar öz yuvalarından çıxmağa başlamışdı), neft lampalarının qürubdakı günəşlə birgə öləziyən işıqları axır ki, parlamağa başlayaraq hər şeyi titrək və parlaq bir şəkildə işıqlandırırdı. Hər şey qaranlıq olsa da, qaraağacdan ustalıqla düzəldilmiş bir əl işi kimi əzəmətli idi.

Pəncərənin önündən sürətlə axıb gedən bu işıq dünyası hər üzə, sadəcə, bircə an baxa bilmə fürsəti versə də, işığın güclü təsiri məni insanların üzlərini araşdırmağa sövq etdi və bu bir an mənə kifayət etdi ki, o zaman içinə düşdüyüm əqli durumda o tək və qısa baxışla sanki uzun illərin tarixini oxuya bilim.

Alnımı pəncərəyə söykəyərək hay-küylü qələbəliyi araşdırarkən birdən gözümə bir üz sataşdı, bu, altmış beş-yetmiş yaşlarındakı bir adamın qırışmış üzüydü və ifadəsində heç bir mütləq özünəməxsusluq olmadığından mənim bütün marağımı, bütün diqqətimi özünə çəkdi. Onu görəndə ilk düşüncəmin bu olduğunu xatırlayıram: Reç bu adamı görsəydi şəkillərindəki şeytanları ona oxşadıb çəkərdi. Üzünün ifadəsini ani olaraq analiz etməyə çalışarkən qəribə və paradoksal müşahidələr yarandı gözlərimin qabağında: dərin bir zəka, ixtiyarlıq, xəsislik, açgözlülük, sakitlik, pislik, qana susamışlıq, zəfərə, nəşə, böyük bir dəhşət, sonsuz bir ümidsizlik təsəvvürü yaradan müşahidələr. Qəribə bir şəkildə canlanmış, diksinmiş və sehrlənmişdim. “Kim bilir, bu adam öz bağrında necə çılğın bir tarix gizləyir!” dedim öz-özümə. Sonra da içimdə o adamı bir də görmək, tanımaq arzusu duydum. O saat paltomu geyinib şapkamla əsamı əlimə alıb özümü birbaşa küçəyə atdım, artıq o gözdən itmiş olsa da, qələbəlikdəki insanları itələyə-itələyə onun getdiyi tərəfə getdim. Düzdür, bir az çətinlik çəkdim, amma axırda onu gördüm, bir az yaxınlaşdım və onu ehtiyatla, diqqətini çəkməyəcək şəkildə yaxından təqib etməyə başladım.

İndi onu rahatca araşdıra bilirdim. Qısa boylu idi, çox arıq və son dərəcə əlacsız görünürdü. Paltarları kirli və köhnəydi, arada bir lampaların altından geçəndə ani düşən işıqda parçalarının kirli də olsa, yaxşı olduğunu görürdüm. Bilmirəm, ya gözlərim məni aldatdı, ya da bərk-bərk bürünərək düymələdiyi ucuz, qısa plaşının arasından gözümə bir almaz, bir dənə də xəncər dəydi. Bunlar marağımı bir az da artırdı və mən yad adamı getdiyi yerə qədər təqib etməyə qərar verdim.

Gecənin qaranlığı daha da çökmüşdü, şəhərin üstünü qalın və nəmli bir duman bürümüşdü. Çox keçmədən leysan başladı. Yağış qələbəliyə qəribə təsir etdi, birdən-birə hərəkət daha da artdı və qələbəliyin üstündə bir çətir dünyası peyda oldu. Dalğalanmalar, itələşmələr və uğultu on qat çoxaldı. Şəxsən mən, yağışı heç vecimə almırdım. Bədənimdə gizlənmiş qızdırmalı xəstəlik üçün təhlükəli olsa da, nəmlik mənə xoş gəlirdi. Ağzıma bir dəsmal bağlayıb yeriməyə davam etdim. Yaşlı adam insanların sıx olduğu küçədə yarım saat çətinlik çəkə-çəkə yeridi. Mən gözdən itirməmək üçün ondan bir addım geridə gedirdim. Bir dəfə belə dönüb arxasına baxmadığından məni görmədi. Axırda bir küçəyə döndü. Burada da izdiham vardı, amma bu qələbəlik keçib gəldiyi küçədəki qədər gur deyildi. Bu küçəyə girəndə hərəkətlərində bir dəyişiklik oldu. Daha yavaş və hara getdiyini bilmədən qərarsız addımlarla getməyə başladı. Küçəni məqsədsiz şəkildə bu tərəfdən o tərəfə və əksinə, bir neçə dəfə keçdi. Elə bir izdiham var idi ki, o hər dəfə küçəni adlayanda az qalırdı gözümdən itsin. Küçə dar və uzun idi. O bir saata qədər burada gəzdi. Bu müddət ərzində küçədəkilərin sayı xeyli azalaraq günorta vaxtı Brodveydə, Parkın yanındakılar qədər olmuşdu. Londondakı qələbəliklə ən gur Amerika şəhərindəki izdiham arasındakı fərq bu qədər çoxdur. O təkrar burulanda olduqca işıqlı və qaynar bir meydana çatdıq. Yad adam yenə də əvvəlki hərəkətlərini etməyə başladı. Başını aşağı əydi, gözləri çatılmış qaşlarının altında böyüyərək ətrafa, ona tərəf gələnlərə baxmağa başladı. Öz yolu ilə əzmlə və arxayınlıqla irəliləyirdi. Ancaq meydanı keçərək yenə də eyni yerə gəldiyini görəndə təəccüb etdim. Meydanı bir neçə dəfə fırlanması məni əməlli-başlı çaşdırmışdı. Bir dəfə qəfildən dönəndə az qaldı məni görsün.

Bir saatı da beləcə keçirdik, izdiham çox seyrəlmişdi. Yağış sürətlə yağırdı. Hava sərinləşmişdi. İnsanlar çəkilib evlərinə gedirdilər. Gəzgin səbirsiz bir hərəkət etdikdən sonra meydanın yanındakı izdihamın seyrək olduğu bir küçəyə girdi. Bu küçə boyunca yarım kilometr qədər yolu elə sürətlə getdi ki, bu qədər yaşlı bir adamdan mən bunu, əsla, gözləmirdim, hətta təqib etməyə də çətinlik çəkdim. Bir neçə dəqiqədən sonra böyük və qaynar qazan kimi bir bazara çatdıq. Yad adamın buranı yaxşı tanıdığı hiss olunurdu , o alıcılarla satıcılar arasından zorla, məqsədsiz şəkildə geçərkən onun ilk müşahidə etdiyim halı yenə də üzə çıxdı.

Burada da, təxminən, bir saat yarım yeridik. Təqibi davam etdirərkən, məni görməsin deyə çox ehtiyatla hərəkət etməyə çalışırdım. Yaxşı ki, ayaqlarımda rezin galoş vardı, ona görə də heç səs çıxarmadan yeriyə bilirdim. Hətta, mənim ona baxdığımı da görmədi. Heç bir şeyin qiymətini soruşmadan dükanlara girib çıxır, bir kəlmə danışmadan ətrafındakı nəsnələrə çılğın və boş baxışlarla baxırdı. Artıq onun davranışları qarşısında mən, tamamən heyrətə düşmüşdüm, buna baxmayaraq, ona olan marağımı müəyyən qədər təmin etmədən də təqibdən əl çəkə bilmirdim.

Hardasa bir saat yüksək səslə on biri vurdu. İnsanlar tələsik bazarı tərk edirdilər. Dükançının biri darvazasını bağlayarkən yaşlı adamı itələdi, elə bu vaxt yaşlı adamın tir-tir titrədiyini gördüm. Birdən özünü yola atıb narahatlıqla ətrafına boylanaraq inanılmaz bir sürətlə əyri-üyrü dar küçələrdən keçərək qaçmağa başladı. Axırda yenə də həmin o gur küçəyə çıxdıq, D… Otelinin küçəsinə. Ancaq artıq küçənin görünüşü bayaqkı kimi deyildi. Yağış hələ də şiddətlə yağırdı, yanan neft lampaları hələ də işıqlandırsa da, küçədə, sadəcə, bir neçə adam qalmışdı. Yad adamın rəngi qaçdı. Bayaq qələbəlik olan küçədə bir az boş-boşuna gəzdikdən sonra dərindən bir köks ötürüb çaya tərəf döndü və daha bir çox küçəyə girib çıxdıqdan sonra ən axırda böyük teatrlardan birinin qabağına gəldi. Tamaşa qurtarmışdı və tamaşaçılar axınla qapılardan bayıra çıxırdılar. Yaşlı adamın, sanki boğulurmuş kimi nəfəs alıb özünü izdihamın içinə atdığını gördüm. Üzündəki o dəhşətli iztirab azalmış kimiydi. Başı yenə sinəsinin üstünə əyildi. İndi o, ilk gördüyüm zaman olduğu kimi görünürdü. Tamaşaçıların çoxunun getdiyi tərəfə gedirdi. Bu dəyişkən davranışlarını heç cür izah edə bilmirdim.

O yeridikcə izdiham dağılırdı. Yenə də əvvəlki kimi narahat idi və vurnuxurdu. Bir müddət on-on iki nəfərlik bir məzhəkəçi qrupa yaxından baxdı. Bu qrupdakılar da bir-bir çıxıb gedirdilər. Axırda o qaranlıq, dar və kimsəsiz bir küçəyə çatanda geridə, sadəcə, üç adam qalmışdı. Yad adam dayandı, bir an dərin bir fikrə qərq oldu və sonra bütün şübhəli əlamətlərini, sanki göstərirmiş kimi bir sürətlə şəhərin kənar səmtlərinə aparan bir yolu tutub getməyə başladı. Bu yollar əvvəl keçdiyimiz yerlərdən çox fərqli idi. Bura Londonun ən iyrənc, ən pis qoxulu bölgəsiydi və hər şey ən pis yoxsulluğun və ən ciddi cinayətlərin nişanlarını əks etdirirdi. Bəzi yerlərdə rast gəlinən, küçə lampalarının zəif ışığında bir-birinin üstünə əyilmiş köhnə, yüksək, qurd yemiş taxta binalar, sanki aralarında heç keçid yoxmuş kimi görünürdü. Səki daşları yerlərindən çıxarılaraq sağa-sola atılmış, boş qalan yerlərində gur otlar bitmişdi. Tıxanmış kanallardan ətrafa iyrənc qoxular yayılırdı. Hər tərəfə bir tərk edilmişlik havası hakim idi. İrəli getdikcə yenə də insan səsləri eşitməyə başladıq və axırda Londondakı ən səfil qələbəliyin yaratdığı böyük qrupların irəli-geri getdiyini gördük .Yaşlı adama sönməkdə olan bir lampanın canlanması kimi yenə də bir sevinc gəldi. Bu dəfə daha titrək addımlarla getməyə başladı. Bir dalana dönəndə birdən qarşımızda bir işıq parladı, əyyaşların xarabalıqlardakı ən böyük məbədlərindən birinin qarşısındaydıq, cin adlı içkinin-bu qorxunc iblisin saraylarından birinin qabağında dururduq.

Artıq dan ağarırdı, amma hələ də o möhtəşəm qapıdan çoxlu sərxoş girib çıxırdı. Yaşlı adam sevinc qışqırığı ilə itələşərək içəri girdi, onun əvvəlki davranışları yenə də özünə qayıtdı və izdihamın içində məqsədsiz bir hərəkətlə var-gəl edərək gəzməyə başladı. Ancaq bir az sonra qapılara edilən hücum buranın bağlandığını xəbər verdi. Həmin an, belə bir ciddi-cəhdlə təqib etdiyim bu qəribə məxluqun üzündə gördüyüm ifadə ümidsizlikdən belə daha dolğun idi. Yenə də dayanmadan, çılğın bir enerji ilə Londonun izdihamlı mərkəzinə geri qayıtdı. O iri və çevik addımlarla qaçarkən, mən onu böyük bir heyrət içində təqib edirdim. Mən hələ də bu, son dərəcə maraqlandığım araşdırmamı davam etdirməkdə qərarlıydım. Biz irəlilədikcə günəş yüksəlirdi. Bu izdiham şəhərin ən populyar hissəsinə, D…Otelinin küçəsinə çatdıqda gördük ki, buradakı insanların təlaşı və fəaliyyətləri dünən axşamkından heç də az deyildir. Burada, sürətlə artan bu qarışıqlığın içində yad adamı uzun müddət təqib etdim. O, hər zamankı kimi irəli-geri yeriməkdə idi və gün boyunca o küçənin qarışıqlığından çıxmadı. İkinci axşamın kölgələri düşərkən özümü ölü kimi yorğun hiss etdim və gəlib düz gəzginin qarşısında durub dimdik üzünə baxdım. Məni, sanki heç görmədi və qürurla yeriməyinə davam etdi. Mən isə təqibi kəsərək düşüncələrə daldım. Axırda öz-özümə dedim, “Bu yaşlı adam, böyük cinayətləri ustalıqla işləyəcək bir tipdir.” Tək başına qalmağı rədd edir. O qələbəliklərin-kütlənin adamıdır. Onu təqib etməyim mənasızdır, çünki nə bu adam haqqında, nə də onunla bağlı artıq heç bir şey öyrənə bilməcəyəm. Dünyanın ən pis qəlbi Hortul Animeydən də pis bir kitabdır və bəlkə də bu Tanrının böyük lütflərindən biridir.

Ruscadan çevirdi: Ayişə Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir