Azərbaycanın ilk qadın xalq şairi
“Mən ölümlər və sürgünlər, qadağalar, milli qırğınlar və soyqırımlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm.Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır.Gəncliyim, ahılığı, qocalığım keşməkeşli illərdən keçdi.”
Tək ağac
Buludlar çaxnaşır göyün üzündə,
Parlayır şimşəyin odu gözündə,
Yıxılma, tək ağac, çölün düzündə,
Yoxdur söykənməyə bir tayın sənin.
Kömürü çatmayır “kömürçülərin”,
Yandırıb səni də kömür edərlər.
Kökünü torpağa dərin at, dərin,
Hər zərbədən bil ki, yıxılmaz ərlər.
Sən tək böyümüsən əzəl yaşından,
Nə qədər tufanlar əsib başından.
Halisən dünyanın haqsız işindən,
Nə olsun, tək ağac, səhrada təksən,
Sən bu tufanlara köks gərəcəksən!
1989
Hanı
Hanı o ürək ki, onu duyaydım,
Hanı o nəğmə ki, ona uyaydım,
Hanı o çəmən ki, çiçəklərindən
Başıma solmayan bir tac qoyaydım.
Bizim dağ ətirli küləklər hanı?
Kasası şeh dolu çiçəklər hanı?
Məni uçuşlara qanadlandıran
O şirin arzular, diləklər hanı?
Hanı indi mənim o nəğmələrim?
Hanı o çəmən ki, gülünü dərim.
Gülşən o gülşəndir, çiçəklər hanı?
Nə tez gəldi ömrün bu qış tufanı?