BİR MƏKTUB YAZASAN GÜL YARPAĞINA
şeirlər
***
heç bilirsən səndən sonra nə qədər,
qəm ayları,
kəm ayları başladı…?
neçə-neçə,
çeşid-çeşid,
növbənöv
sənsizliyin sən ayları başladı.
sonra belə ürəyimin tellərin
bir-bir qırdı ağrılar,
elə qırdı,
içimdəki qırıqların
sızım-sızım,
cızım-cızım
ninniləri, nanayları başladı.
çətirimin altında yağış yağdı selləmə,
elə yağdı,
belə yağdı,
çilə çəkdi gözlərim.
solğunluqda,
qırğınlıqda
bir ağlağan gülə çəkdi gözlərim.
heç bilmədim necə çəkdi,
niyə çəkdi gözlərim,
ki,
sonra da bir ömürün
nəm ayları başladı.
sonra da ki…
hər gün gecə seansında,
divarda-
xatirəmin kinoları başladı.
***
elə ağrılıdı..elə ağrılı
susasan..səsindən duyan olmaya.
itə də, qurda da yiyə çıxasan,
sənin bu dünyada yiyən olmaya.
ağlayıb qalasan divar dibində,
yanından keçənlər baxıb keçələr.
ayağına dolaşan bir ac pişik tək,
ömrünə dolaşa qara gecələr.
səhər gözləyəsən..səhər gəlməyə,
çırpına gözünün yaş qapaqları.
lələk əvəzinə bir qələm sala,
ovcunun içinə quş qanadları.
bir məktub yazasan gül yarpağına,
gəlməyən səhərə pay göndərəsən.
göyünü itirmiş uşaqlar var ha..
onlara bir parça göy göndərəsən.
elə ağrılıdı..kiritməyələr,
ağlayıb, hönkürüb ..sonra güləsən.
bir dizin qalanda qucaqlamağa,
başını dizinə qoyub öləsən
***
yarpaqlarının dərdini çəkdiyi yerdə..
ağaca anladammazsan payız niyə gəlir.
yarpağa anladammazsan niyə tökülür,
quşa anladammazsan
o dəcəl uşaq daş atıb niyə yuvasını uçurdur..
yola anladammazsan getmək istəmədiyini..
yol getməklərə çəkər ayaqlarını,
gəlməklərə bir az müşküldü.
saçlarına anladammazsan niyə ağardığını..
əllərinə niyə titrədiyini,
gözlərinə niyə dolduğunu
barmaqlarına heç nəyi anladammazsan..
mutlu günlərin üçdə bitdiyi yerdə..
dördün hələ sıra gözlədiyini,
beşin nə vaxt sevinəcəyini..
altının..yeddinin…….eeeeeeeee..e!
saylara heç anladammazsan üçdən o yandakı ilğımları,
üçdən bu yandakı təkrarı..
və heç nəyi anladammazsan hər şeyə,
hər şeyi anladammazsan heç nəyə
heç nəyə