24 Kasım 2024

NAZƏNDƏ SEVGİLİM

Dəydi saçlarıma bahar küləyi,

Nazəndə sevgilim, yadıma düşdün.

Hərənin baxtına bir gözəl düşər,

Sən də təkcə mənim yadıma düşdün,

Nazəndə sevgilim, yadıma düşdün.

Sənsiz dağ döşünə çıxdım bu səhər,

Ötdü qumru kimi gur şəlalələr.

De, niyə yalqızsan, sordu lalələr,

Qövr etdi nisgilim, yadıma düşdün,

Nazəndə sevgilim, yadıma düşdün.

Bir müddət dost kimi gəzdik yanaşı,

İncitdim qəlbini, mən oldum naşı.

Sənsiz, ey gözəlim, bağrımın başı

Oldu dilim-dilim, yadıma düşdün,

Nazəndə sevgilim, yadıma düşdün.

Gözlərim yoldadır, qulağım səsdə,

Səni unutmaram mən son nəfəsdə.

Ey ceyran baxışlım, ey boyu bəstə,

Ey tazə-tər gülüm, yadıma düşdün,

Nazəndə sevgilim, yadıma düşdün.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir