LAYLALAR ÇALIRDI HƏKƏRİ BİZƏ
Vətəndağlı ləqəbli şairin “Yalquzağın ulartısı” kitabından bir neçə şeiri sizə təqdim edirik.
Vətənimə gedəydim kaş
Oturmuşam qərib eldə,
Fikirlərim min bir yerdə,
Cəhd elədim gedəm bir də,
Vətənimdə olaydım kaş,
Gedən yerim olaydı kaş!
Düşmüşəm dərdin izinə,
Palçıq çıxıbdır dizimə,
Dönüb baxıram özümə,
Yolumu azmayaydım kaş,
Gedən yolum olaydı kaş.
Dərdimi böldüyüm biri,
Əl çatmayan ümid yeri,
Mən ölmüşəm, sənsə diri,
Boyuna dolanaydım kaş,
Həp yanımda olaydın kaş.
Səyavuşam, üzüm qara,
Vətənimiz düşüb dara,
Görən haçan varıb ora,
Öz elimə gedəydim kaş,
Qubadlıma dönəydim kaş.
**
Yurdum hardasan
Gözlərim axtarır hər yerdə səni,
Hər zaman göydə də, yerdə də səni.
Həkk olub yaddaşa məhv edir məni,
Dərdimi bölənim, söylə, hardasan?
Səni görməyəndə dərdim böyüyür,
Hərəsi bir dağa, bir selə dönür,
Başımda ağlımı ürəyim döyür,
Sevincim, kədərim, söylə hardasan?
Həkəri, Bərgüşad, vətən həsrəti,
Qubadlı, Zəngilan, Laçının dərdi,
Kəlbəcər, Cəbrayıl, Xocalı birdi,
Ey qisas zamanım, tez gəl, hardasan?
Vətən dərdi dağlayıbdı sinəmi,
Od vurub odladıb məhv edib məni,
Elə bil əridib mum edib məni,
Mənim dərd ortağım, söylə hardasan?
Səyavuş vətənə qalıbdır həsrət,
Hər gün şəhid verən əzmkar millət,
Komandan, əmr elə toplansın dövlət,
Təbrizli, Şuşalı, elim hardasan?
**
İNDİ SƏN HARDASAN, İNDİ MƏN HARDA
Sakitlik çökübdür evlərimizə,
Laylalar çalırdı Həkəri bizə,
Faciə gəlirmiş ellərimizə,
Elə bil yatmışdıq fil qulağında,
İndi sən hardasan, indi mən harda?
Bu sükut çevrildi hərb meydanına,
Kəndimiz tutuldu güllə-barana,
Hamı birdən düşdük düşmən toruna,
Ata bir yandaydı, oğul bir yanda,
İndi sən hardasan, indi mən harda?
Faciə yaşatdı həyat bizlərə,
Çoxu əsir düşdü oldu biçarə,
Dağıldı məhv oldu itdi şəcərə,
Elimiz-obamız qalandı oda,
İndi sən hardasan, indi mən harda?
Kiminin cəsədi çöllərdə qaldı,
Kiminin cəsədin sellər apardı,
Kimi zorla qaçıb canın qurtardı,
Babam darda idi, atam da darda
İndi sən hardasan, indi mən harda?
Allah qovuşdurdu ata-babamı,
Qaçırıb gətirdim bacı-anamı,
Həmin gün anladım fani dünyanı,
Kəndim, elim-obam qaldı o tayda,
İndi sən hardasan, indi mən harda?
Bu dünya dağ çəkib bizə dağ basdı,
Alnımıza qaçqın damğası yazdı,
Diriykən öldürüb qəbrimi qazdı,
Elimi axtardım dağda, aranda,
İndi sən hardasan, indi mən harda?
Bir sevgi yaşadım elimtək nakam,
Elimə, sevgimə həsrət qalmışam,
İndi cəfa çəkən qərib olmuşam.
Səyavuş yurd arar boranda, qarda,
İndi sən hardasan, indi mən harda?
Alnımıza qaçqın damğası yazdı..(((
Sonu bilinməyən bir acının içindəyik.
Sağ olun.
İnşallah bir gün dönersiniz veteninize