04 Temmuz 2024

*

Sağlığında əfsanə, indi oldun bir düha,

Belə dastan yazanlar ümid verir sabaha,

Əmin oldu el-oba, millət, vətən bir daha,

Bildi bütün məmləkət qiymətini, General,

Qəhrəmanlar yaşadır millətini, General,

*

Doğulanda anadan adın qoyuldu Polad,

Yurdun hər səngərində qaldı izin, qoydun ad,

Sənin amalın idi vətəni etmək azad,

Canından çox sevirdin dövlətini, General,

Qəhrəmanlar yaşadır millətini, General,

*

Tarixlərdə hər millət belə oğul yetirməz,

Tabutun əllərində vətən boyu gətirməz,

Belə igid itkini vallah yer-göy götürməz,

Dinləmədik doyunca söhbətini, General.

Qəhrəmanlar yaşadır millətini, General,

*

Kabusuna çevrildin düşmənlərin cəbhədə,

Adından əfi düşmən qovrulurdu şübhədə,

Səni durduranmadı min bir hiylə, min hədə,

Sındıra bilmədilər qeyrətini, General,

Qəhrəmanlar yaşadır millətini, General,

*

Satan satqın Babəki sata bildi səni də,

Məkrli düşmən tapıb ata bildi səni də,

Ölməzlər cərgəsinə qata bildi səni də,

Düşmənlərin bilirdi hörmətini, General,

Qəhrəmanlar yaşadır millətini, General!

*

Mübariz İbrahimov, bu da Polad Həşimov,

Döyüş yolları olub, sərhəd, Qarabağ, Murov,

İndi gərək ağzından ordu püskürsün alov,

Ucaltsın şərəfini, şöhrətini, General,

Qəhrəmanlar yaşadır millətini, General!

*

Sonda saxlaya bildin Tovuzu, kənd Ağdamı,

Bütün dünya tanıdı bu cəngavər adamı,

Göz yaşına bürüdün ata yurdun Vəndamı,

Vətən, bu xalq itirməz zəhmətini, General.

Qəhrəmanlar yaşadır millətini, General,

*

Şair Abduləzizli

Vəndam

1 thought on “General

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir