04 Temmuz 2024

BAXIMSIZ BAYRAĞA BALLADA

İl dəyişir,

Gün dəyişir, sevinirik…

Ömür axır, bizsə bayram edirik.

İl dəyişir…

Zaman köhnə zamandı

Ahı amanıyla,

Yaxşı yamanıyla.

İl dəyişir

Nə mən dönüb ari irq oluram,

Nə ari taxtından enir.

Nə solan üzümə geri qayıtmır

Gənclik təravətim,

Nə əllərimin üstə damar göylüyü gedir.

Nə bayrağım boy alır dikildiyi dirəkdən

Durur durduğu yerdə

Köhnə neft buruğunun tam təpəsində.

Kölgəsi qısalır

Günlərin uzununda,

Saralır asıldığı bu sarıca dirəkdə.

Sinə gərir bu tərs avand küləkdə.

Külək də dəli külək,

Nəfəsi yelli külək

Hirsli əsəbi külək

Özünü çırpa-çırpa

Tikə parça elədi müqəddəs Bayrağımı.

Neft buruğu üstündə sərvaxt döyüşçü kimi

Dözdü dayandı bayraq fədakar duruşuyla.

Ancaq zaman, bilirsən, soldurur hər canlını.

Dəli külək döyə-döyə üzdü süzdü bayrağı.

Əvvəlcə qırmızıdan bir parçaçıq qopardı

Düşdü yerə al qızmızı parçacıq,

Allandı mazutlu bu nəmli torpaq.

Mazutlu yerdə təzə

bir şey görən it cumub tələsik imsilədi.

Qırmızı parçada iştahı öldü, elə oralarda it veyilləndi.

Bir gün yaşılının bir ucu qopdu

Düşdü o da o yerə

İt yenə axıdıb ağız suyunu, gördü yemək deyil geriyə durdu.

Axırda göy parça üzülüb qopdu,

İt yenə qaçaraq imsilədi qayıtdı.

Yatdı mazut arxının qırağında kor-peşman.

Küləyin dişlərində tikə-parça olaraq

Qara yeri eylədi rənglər ilə al-əlvan.

Hər gün burdan keçəndə söhbətə tuturam mən

Balaca Alpərimi böyük vətənpərvərimi

Sınmasın bayrağını tikə-parça görərək.

Baxaraq o bayrağa hər bu yoldan keçəndə

Təzələyirdik vətən, yurd, bayraq sevgimizi.

Onun körpə qəlbinə eşq axıdırdı bayraq

Eşqi idi əsgər, vətən və torpaq.

Neft buruğu möhtəşəm duruşuyla

Himn kimi, şeir kimi vüqarlı,

Bayraq onun ucalığı adıydı.

Dəli külək kükrəyən neçə belə gün keçdi….

Bu gün təkcə ağacı qalıbdı bayrağımın.

Gördü balaca Alpər başdaşı tək dikilən boş ağacı,

-Hanı bayrağım?- dedi ürkək həyəcan ilə.

-Külək aparıb,-dedim,-

O da yaman sevirmiş sənin can bayrağını.

Bayrağımı Bayrağı

Üçrəngli bayrağımı.

Alpərin bayrağını.

– Külək də mənim kimi sevirsə bayrağımı

Qoysun yerində dursun.

Susdu, sonra dilləndi:

-Heç bayrağı da apararmı ki külək?

 Çox güclüdür əsgərimiz aslantək,

Küləyə verməz bayrağı, verməz, ana, bilirəm.

-Uzaqdadır əsgərimiz səngərdə

Orda durub ayıq sayıq keşikdə,

Burda bizə əmanətdir bu Bayraq.

– Onda mənə bir qılınc al, bir də silah

Qırım çatım küləyi, xilas edim Bayrağı.

Çıxdı yumruq davasına küləklə

Yumruqladı baş gözünü  küləyin.

–  Qorxma daha, öldürdüm mən küləyi,

Aparammaz daha bizim bayrağı-

deyə əsgər salamı verdi mənə qürurla.

Beləcə il dəyişir, həyat həmin həyatdır

Zaman uçub getsə də yenə köhnə zamandır.

Mən Dədə Qorqud olsam, sən də ki, Dəli Domrul

Döndərməz, zamanın axarı çox yamandır.

2008

1 thought on “Ayişə Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir