21 Kasım 2024

Havaya hakim olan savaş qoxusu özüylə nə gətirir, deyə soruşsam, cavablar bəllidir.Ancaq bütün cavabları silib ikisini saxlasaq, bunun biri ağrı, o biri də qürur olar.

İnsanlar belə ərəfədə, hardasa eyni hisləri yaşayırlar, bu məqamda insanlar ikiyə bölünürlər: qəhrəmanlara və qorxaqlara. İndi dayanıb özümə baxıb düşünürəm, bu gün qəhrəmanmı olmaq asandır, qorxaqmı?  Mənə elə gəlir, bu məqamda qorxaq olmaq daha çətindir, çünki havadakı savaş qoxusu insanda qorxu hissinin yerinə qüruru yerləşdirir.

     Əvvəl mən də savaş olsun, erməninin bizdən çaldığını, xaincə oğurladıqlarını geri qaytaraq, mənliyimizin yaralanmış qürurunu zəfərlə tamamlayaq, deyirdim.Bu, oğlum balaca olanda idi, onda biz birgə əsgər xəyalları ilə dava-dava oynayır, əsgər oyuncaqları ilə savaş səhnələri qururduq, ağlarla qaralar döyüşürdü. Elə ki, oğlum böyüdü, qorxum da böyüdü.Yanından yel ötəndə ürəyim ağrıyan, dırnağına daş dəysə qəlbim sökülən oğlumu düşmən üstünə, güllə qabağına göndərmək mənə çox ağır gəlirdi, gerisini düşünə bilmirdim.”Torpaqmı, oğulmu? ” çarpazının arasında qalırdım, qorxurdum.

        Yadınızdadırmı iyul döyüşü? Yenə şəhidlərimiz oldu və hətta, karantin günü olsa da xalq küçələrə çıxdı, yürüş edib şəhidləri ilə vidalaşdı, həmrəy oldu, tək vücuda döndü. O günün gecəsi mən də o insanlara qarışdım, kədərlə qürurun birləşməsindən xalqın daha bir təzahürünü gördüm.Gecənin üstünə çökən qaranlığı xalqın “haqq, vətən, şəhidlər ölməz” hayqırışları  dağıdınca, mənim də ürəyimə çökən qorxu dağıldı. O gecə o izdihamı, o iradəni görəndə qorxumun yerini cəsarət, ümidsizliyin yerini ümid tutdu.İnsanların tək vücud olub milli kimliyini göylərə qaldırdığı, düşmənə nifrətini hayqırdığı o mübarək gecədə qorxularım yoxa çəkildi, o gündən sonra inamla, oğlum gedəcək, döyüşüb qəhrəman kimi qayıdacaq düşüncəsi mənə hakimdir.

           İndi bu gün hərbi komissarlığa yığışan kütləni görüncə mənim kimi hamının qəlbindən qorxunun çəkilib getdiyinin şahidi oldum.Sabah ertə, saat altıdan insanlar gəlib axşam qaranlıq qatılaşana, hardasa gecənin bir vaxtına qədər əsgər yola saldılar. Alqışlarla. Darvaza açılır. …Beşinci avtobus yola düşür, deyilir.Hamı qapıya yaxınlaşır.Alqışlayırlar.Dualar edirlər.Avtobusun pəncərəsindən baxan gəncləri görüncə mən də kövrəlirəm.Kim bilir nə düşünürlər.Nə düşünsələr də əminəm ki, ürəklərində qorxu hissi yoxdur.Aralanan avtobusun pəncərəsindən dönüb qalanlara baxırlar.Bəli, bir də onlar gedincə geridə qalanlar var, qalanlar gedənlərdən daha ağrılıdır. Avtobusun arxasınca,- mən indi tək tənha qaldım, onu böyüdüncə gözümlə od götürmüşəm, indi hara getdiyini, başına nə gələcəyini bilmirəm,-deyə hayqırıb erməniyə lənət oxuyan analar vardı. Ananın qarşısına milli qəhrəman çıxdı, ona təsəlli verdi, ümid verdi.

Ağır işdi savaş.Həm gedənlər, həm də qalanlar üçün.Ağrılı işdir.Bir o qədər də qürurlu.Əlbəttə ki, alaq otları olacaq, ancaq bütünlükdə bu həmrəyliyi, bu bütünlüyü, bu duyğunu görüncə ermənini kiçik görməyimizə haq verdim. Çünki indiyə qədər uduzmağımızın səbəbi “erməni nədir ki, yumruq qaldırsam yox olar” deyə düşməni kiçik görməyimiz idi.İndi, haqlısınız, deyirəm, erməni biz böyüdükcə kiçilir.Kiçildikcə də hiylələri də çoxalır.

Bütün əsgərlərimizi sağ salamat, qələbəylə qayıtsınlar diləyi ilə ümid doluyam.

Ayişə Nəbi

1 thought on “Biz böyüdükcə düşmən kiçilir

  1. Məqalənizi oxuduqca eyni hissləri keçirdiyimizi görürəm..

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir