21 Kasım 2024

“Mən dünyaya qərib gəldim”- deyən şair Əliağa Aslan Qubadlı rayonu Qaracallı kəndində dünyaya gəlmişdir. 2009-cu ildə ağır xəstəlikdən vəfat edən şair , “Ayrılıqlar içində” ,”Kərəm ahı” ,”Ayrılıqlar sevgilərdən başlayır” , “Məni sən öyrətdin ayrılıqlara”, “Mən dünyaya qərib gəldim”, “Bu dünya qonaq saxlamır” və “Qəfil gələn ayrılıq” adlı kitabların müəllifidir. Əlağa Aslanın üç şeirini sizə təqdim edirik.

TORPAQ RƏNGİNDƏYƏM

Çox dərdlərin qatdım başın,

Çoxlarının çatdım qaşın

Yaşamağın atdım daşın,

Ta həşri -can həngindəyəm.

Dərd gül açdı, mən saraldım,

Qaldı bir kölgəm, qaraldım.

Qara bəxtimtək qaraldım,

Daha torpaq rəngindəyəm.

Uzaqdan baxın, gəlməyin

Nə doğma, yaxın? – gəlməyin.

Gen gəzin, yaxın gəlməyin.

Mən ağrılar cəngindəyəm.

NƏ BİLİM?

Həsrət gözü düşən cana yeriklər,

Kədər ruha, qüssə qana yeriklər.

Hara qondu yuvasından periklər?!

Gecə şaxta, gün ayazdı, nə bilim?!

Ümidliydim yolum, izim gül aça,

Çox döydüm ki, bəlkə dizim gül aça.

Bu gedişlə çətin bizim gül aça,

Bu nə bahar, bu nə yazdı, nə bilim?!

Baxtı gülən, udan gəldi üstümə,

Haqsız dedi: Utan! – gəldi üstümə.

Əli qələm tutan gəldi üstümə,

O nə yazdı, bu nə yazdı, nə bilim?!

Sevdim mənə ərk eləyən o anı,

Hanı duyan, dərk eləyən o anı?!

Ruhum məni tərk eləyən o anı

Yazan hansı günə yazdı, nə bilim?!

DƏRD GƏLİR

Zaman hər yetəni başa çəkdisə,

Demək insanlığa, lələ, dərd gəlir.

Zalım bıçağını daşa çəkdisə

Mələ, yazıq quzu, mələ, dərd gəlir.

Yamanlıq etdiyim düşmür yadıma,

Tanrım dar günümdə yetib dadıma.

Mənim ünvanıma, mənim adıma

Bağlayıb bir ağır şələ, dərd qəlir.

Haqq yolun dərvişi, şamanı keçib,

Yaxşı yolda qalıb, yamanı keçib.

Yoxsa yaxşılığın zamanı keçib ?!

Kimə əl verirsən, ələ dərd gəlir.

Qəribdi söhbətim, sözüm bir az da.

Haqqa arxayınam özüm bir az da.

Dözməyib neynəyim, dözüm bir az da,

Dərdimin üstünə hələ dərd gəlir.

Şairin doğulduğu Qaracallar kəndi

1 thought on “Dünyaya qərib gələn Əlağa Aslan

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir