İnamın Uğur Günü
Ürəyinizdə Günəş olsun, sayğılı insansevərlər!
İnsanlığın ən qədim beşiyi olan Azərbaycan zaman-zaman antiinsanlığın ən ağır basqılarına uğradı. Bu gün olduqca çətin, mürəkkəb bir tale yaşamaqdadır. Dini, siyasi poliqona çevrilibdir. Hər şeyimiz – şüurumuz, mənəviyyatımız, Vətənimiz, mədəniyyətimiz işğal altındadır. Bu işğalın sonu varmı, olacaqmı?! – Bu suala emosional həvəslə, əsaslı izahı olmayan ümidlə, quruca Azərbaycan sevgisiylə cavab vermək olumsuzdur. Asif Ata bu suala cavab vermək üçün 22 il düşündü, işlədi, mübarizə apardı. Mübarizəsinə göstərilən təpkilər, özünə qarşı yönələn təqiblər bu sualın cavabının nə qədər dərinliklərdə olduğunu aydınlaşdırırdı. Getdikcə ona çatırdı ki, bu sualın nisbi cavabı yoxdur. Bütöv cavabı isə bulmaq üçün nağıl qəhrəmanlarımız kimi oddan keçməli, imtinalar yaşamalı, qurbanlar verməlidir. Özü üçün belə bir yolu seçməkdən dala durmadı, həyatın qaranlıqlarının üstünə yeridi. Ancaq bu qaranlıqlardakı gizlinləri üzə çıxarmağa təkcə alimliyinin gücü çatmırdı. Filosofluq, peyğəmbərlik gərək idi. Filosofluqla Mənaya yetmək, Dünyanı kəşf eləmək olur, peyğəmbərliklə Mənaya, Dünyaya İnam yaratmaq, İnsanlığın sorunlarını çözüb ortadan qaldırmaq. Ona görə də yazdı: Zəmanə inamını inamsızlıq saydım.
İnam yaratdım.
Zəmanə idrakını idraksızlıq saydım.
İdrak yaratdım.
Zəmanə mənəviyyatını mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.
Zəmanə iradəsini iradəsizlik saydım.
İradə yaratdım.
Zəmanə Amalını Amalsızlıq saydım.
Amal yaratdım.
Zəmanə əməlini əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağrıldım.
Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın…
Bu istəyi ortaya qoymaq hər zamanın, ya da belə deyək, hər zamandakıların işi deyil, zamandan üstün olanın işidir. Böyük hünər, böyük cəsarət tələb olunurdu. Özünü zamana qarşı, gedişə qarşı qoymaq – əzabın son həddini yaşamaq demək idi. Hər yanda səs-küylər başladı, həşirlər çoxaldı, dedi-qoduları aləmi bürüdü, qısqanclıqlar, paxıllıqlar qaynadı, şər-böhtan yerə-göyə sığmadı. Hökumətaltı ədəbi qurumlarla, rəsmi strukturların (özəllikcə sovet DTK-sının) basqısı hədd tanımadı. Asif Atanı özünü uydurmaqda, yekəxanalıqda, heç kimi saymamaqda suçlayırdılar. Burada bir haşiyə çıxmaq yerinə düşər: bu yaxınlarda ədəbi ortamın nümayəndələrindən biri – Firuz Mustafa Asif Ata ilə bağlı bir yazısını paylaşmışdı. Sağ olsun, bu yazıda onun sayğısı da görünürdü. Ancaq köhnə təbliğata xas olan bir sözü də deməyi unutmayıb: “acıdilli, özündən müştəbeh idi”. Qınamıram. Yolu böyük həqiqətlərdən başlayanı anında anlamaq, dəyərləndirmək çətindir. Asif Ata dünyanın dediyini demədi, toplumun dediyini demədi, özündən razı adlandırıldı. Vətənsizliyə, həqiqətsizliyə qarşı döyüşdü, sözlə oynayanlarla barışmadı, onlara qarşı hiddətini yazdı, acıdilli sayıldı.
Ağla-qaradan başqa rəng tanımadı deyirlər. Biz isə deyirik: yarımhəqiqəti həqiqət saymadı, yarımqeyrəti qeyrət saymadı, yarımziyalılığı ziyanlılıq saydı, Nisbini Mütləq saymadı. İnsanlığı pərdəyə çevirmədi, ləyaqəti pərdəyə çevirib arxasında gizlənənləri ifşa elədi. Yeni ölçü yaratdı: “ya hər şey, ya heç nə!”. Dünyanın dediyini demədi, dünyanın dediyindən yeni ölçü yaratmaq alınmazdı. Öz dediyini dedi, öz dediyi olmasaydı, ya da dünyanın dediyini desəydi Ocağa gərək qalmazdı. Asif Ata özünü dağın başına qoymamışdı, dağın başına qalxmışdı. Buna görə çağdaşları onu qınayırdı, niyə aramızda deyilsən, səni aramızda görmürüksə necə sevə bilərik deyirdilər… Bunların hamısı fərqli yaşantıların ortaya çıxardığı görsənişlər idi. Bütün bunlara qohumların üz döndərməsi, təhlükəsizlik qurumlarının amansız təqib eləmələri də əlavə olunurdu. Bu gedişlərə sinə gərmək, dözüb ayaqda durmaq nə qədər böyük güc tələb edirdi. Hardan idi bu güc?! Asif Ata deyirdi: Moskvada oxuyarkən dünyanı öyrənməyə başladım. Filosofları oxudum, tarixi oxudum, ədəbiyyatı oxudum, dinləri araşdırdım, mifologiya ilə uğraşdım, incəsənəti öyrəndim. İnsanın dəyərini aradım, görmədim. Yurdumun ləyaqətini aradım, bulmadım. İnsanın öz qiymətini tapması üçün yeni ölçü gərək idi. Yurdumun ləyaqətini bərpa eləmək üçün ilkin dəyərlərini öyrənməli, zənginləşdirməli,- bunun üçün zamandan üstün olan Amal yaratmaq tələbi dururdu qarşıda…
Platonu oxuduqca Nəsimiləşdim, Nəsimiliyin yüksəkdə olduğunu anladım. Hegeli oxuduqca Fizuliləşdim, Fizuliliyin yüksəkdə durduğunu bəlirlədim. Bəşəriyyətə böyük dəyərlər verən Azərbaycan yenilənməlidir. Yeni insan gərəkdir- yeni şüur, yeni düşüncə, yeni nəfəs gərəkdir – Yeni Azərbaycan yaratmalıyıq-Özümləşən, Dünyalaşan.
Buna görə sıxışdırılırdı, buna görə işdən qovulur, buna görə ailəsi dağılırdı. Ancaq bütün bunlar üzdə baş verirdi, içəridə başqa əhvallar böyüyürdü. Xəyalları zənginləşir, düşüncələri dərinləşirdi. İnsan sevgisi, Azərbaycan sevgisi içinin gücünə çevrilirdi. Bu gücü qıraqdan heç nə əyə bilmirdi. Qohumların üz döndərməsindən, ailənin dağılmasından yaranan fəlakətlər belə, içinin gücündən üstün deyildi.
Asif Ataya görə insanı qurtarmaq dünyanı qurtarmaq deməkdir. Dünya insandan başlayır – gedişi, nizamı, gözəlliyi, əyriliyi, düzgünlüyü, fəlakəti, səadəti insanın böyüklüyü, kiçikliyi ilə şəkillənir. İnsanın naqisliyi dünyanı eybəcərləşdirir, xalisliyi gözəlləşdirir. Ona görə də “İnsanlaşın – İnsanlaşdırın” çağırışı elədi, Mütləqilik ölçüsü yaratdı. Dinlərin, siyasi doktrinaların ölçüsü ilə barışmadı. Dinlər, siyasi doktrinalar insanı aldatdı, alçaltdı. İnsanı hər şeyə inandırdılar, özündən başqa. İnsanın özünə inamı gərəkdi. Bunun üçün özünü tanımalı, dərk etməlidir. Asif Ata İnsanın özünüdərki yolundan bütün əngəlləri qaldırır, İnsanlığı bayraq edib İnam səviyyəsinə yüksəldir. Bizə görə Asif Atanın 85 illik ömür yolu bu kontekstdə araşdırılmalı, öyrənilməlidir. Onu öyrətmən kimi, alim kimi, filosof kimi dəyərləndirmək yetərsizdir. Bu açıdan onun şəxsiyyətini dərk eləmək də olumsuzdur. Asif Atanı ədəbiyyat, sənət faktına çevirmək onun ləyaqətini bəlirləyə bilməz. Sənət zamanı dəyişmir, zamanın çatışmazlıqlarını izah edir. Asif Ata isə zamanın çatışmazlıqlarını izah eləmir, zamanın çatışmazlıqlarını ortadan qaldıran, başqa sözlə, zamanı dəyişən ideya sistemi ortaya gətirir. Əslində bu, yeni era başlamaqdır. Biz də onun Evladları, davamçıları olaraq, Yeni Eranın – İnam Erasının, İnsanilik erasının sorağını çatdırırıq. Onu öyrətmən sevgisi ilə xatırlamaq, onun çalışmalarını yubileyləşdirmək yerinə, ruhani ömrünü davam edirik. Gedişi dəyişməyin, insanı dəyişməyin yollarını öyrənirik, öyrədirik. Səfərlərimiz, görüşlərimiz, mərasimlərimiz, kitab çaplarımız bu Amala, bu əmələ qulluq göstərir. Asif Atanın dediyi kimi: addım-addım, ağac-ağac, hal-hal, fərd-fərd.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
11 Ata Ayı, 42-ci il. Atakənd.
(sentyabr, 2020. Bakı).
SOYLU ATALI