06 Temmuz 2024

Bu günlərdə fikrimiz- zikrimiz bir yerə tuşlanıb: cəbhəyə. İllərin üst-üstə qalaqladığı nifrətimiz bu gün əzmə döndü, cəsarətə, qeyrətə, qüdrətə döndü.Bu gün “mən” sözü aradan çıxdı, “biz” sözü dillərdə çiçəklədi. Şanlı Ordumuz qürurumuzu artırır.Ordumuzun hər zəfərini görüncə ümidimiz bizi yaşamağa səsləyir.

Hər gün döyüşə getmək üçün bütün arzularını, həyat planlarını, xəyallarını bir tərəfə buraxıb, Vətən adına ayağa qalxan minlərlə gəncimizi gördükcə fəxr edirik.”İndiki gənclər…” deyə ağız büzüb tənqid edənlər olurdu bəzən, indi bizim belə qüdrətli gəncliyimiz olduğunu görüb onlar da utanırlar yəqin. Gənclərimiz dastan yazır, tarix yazır. Sabahlarda əbədiləşdirirlər özlərini.

Hər döyüşə gedən əsgərin ardından bir də ürəyinə daş bağlayan analar var.Əsgər yola salan salan analar çəkilib bir qıraqda gizlin ağlayıb gözünün yaşını silir, gülə-gülə çıxır oğlunun qarşısına.Oğlu da ananın belə güclü olduğunu görüb gücünə güc qatır.

Hərdən elə bilirəm ki, analar oğullarını yola salanda üzəvari cəsarət, mərdanəlik göstərir, ancaq yaxınlaşıb danışanda, görürəm ki, əsgərliyi, döyüşə getməyi bir namus məsələsi, bir qürur məsələsi kimi qəbul edib ürəklə yola salırlar. Gülümnaz müəllimənin dedikləri isə məni buna bir daha inandırdı.Gülümnaz müəllimə deyir: İki oğlum var, əsgərliklərini başa vurublar, baxıram dünəndən sözlü adama oxşayaraq nəsə deməyə çalışır, amma deyəmmirlər.Axırda dedim, oğul, nə deyəcəksinizsə deyin.Dedilər ki, ikimiz də könüllü orduya yazıldıq.Mən onları təbrik etdim, yaxşı eləmisiniz, borcunuzdur, dedim.İkisi də bir-birinə baxdı, biz də dünəndən sənə deməyə qorxuruq ki, kədərlənib ağlayacaqsan, sən ki, sevinirsən.

Qəribə hisdir, oğlunu döyüşə göndərir və sevinc hissi duyursan, qürur hissi duyursan. Kədər də olacaq təbii ki, kədər yox ola bilərmi? Adi günlərdə üstünə titrədiyin, əmin amanlıqda belə dualarınla qoruduğun oğlunu güllə qabağına göndərirsən.Ancaq qürur hissi kədəri, qorxunu basdırır.Neçə gündür oğlundan xəbər ala bilməyən Səmayə ananın gələn hər zəngə ürəyi əsdiyi, bir zəngdə də oğlunun səsini eşidincə sevincdən necə hönkürdüyünü görüncə buna əmin oluram.

Dəyişir insan. Savaş dövrünün insanı fərqli olur.Savaş, insanın içindən daha bir insan çıxarır elə bil.Bu insanda mərhəmət, cəsarət, igidlik adına duyğular daha qabarıq olur.Heç bir siyasət insanın içindəki iç məni öldürmür. Vətən də fərqli görünür.Canlı bir insan kimi sənə üz tutur elə bil.

Biz vətənsiz olmağın nə demək olduğunu qaçqın, köçkün, didərgin, savaş ölkəsi olaraq gördük, daddıq. Odur ki, 30 illik basdırılmış nifrət duyğumuz gücə çevrilib bu gün bizi qələbəyə aparır.

Ayişə Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir