06 Temmuz 2024

Danışmağa o qədər söz var ki, deyiləsi, görüləsi, söhbəti ediləsi o qədər kəm kəsir, mövzu var ki… Hansının ucundan tutdumsa, fikrim irəliləmədi.Bütün mövzuları, bütün həvəsləri və bütün həyatı bir savaş qoxusu bürüyüb.Bu gün nə desək, nə düşünsək, nə eləsək hamısı savaş ahəngindədir.Savaş…Savaş…savaş…  

Həyatımızın yönünü dəyişən, həyatın özünü dəyişən, fikirləri, istəkləri dəyişən savaş….

Son bir ildə ömrümüzə çökən pandemiya da sakit savaş idi, mən pandemiyadan heç yazmadım.Çünki bu hər kəsin öz əli ilə qoruna biləcəyi bir “savaş” idi.Çox rahat bir şəkildə bəlli qaydalara əməl edir və özünü qoruyursan, özünü qoruyursansa, demək ətraf da qorunur.Bu bəsit qaydalara əməl etməyənlər pandemiyanın təbii ki, qurbanı oldu.

Bu savaş isə, erməni ilə edilən savaşdır, başına od-alov yağan, masada atəşkəs edib arxadan vuraraq dinc əhalinin üstünə raketlər yağdırılan bir savaşdır.Burda qorunmaq səndən asılı deyil.

Bu gün bazar günü, insanların rahat bir nəfəs alaraq heç yerə tələsmədiyi, vaxtını özünə həsr etdiyi, tam sərbəst olduğu bir gündür.Amma savaş düşüncəsi bütün rahatlıqların üstünə kölgə salır.Eyni anda iki his yaşayarıq, düşməndən azad edilən hər qarış torpağımız üçün o qədər sevinirik ki, içimiz içimizə sığmır, sevincdən az qalır ürəyimiz yata.Elə eyni anda da şəhid xəbərləri gəlir, Gəncədəki vəhşi raket hücumunda həyatdan məhrum olan 1 yaşlı Mədinənin, 15 yaşlı Nigarın, anasının, birlikdə ölən bütöv bir ailənin, daha neçələrinin ağrısı ürəyimizi dağlayır.

Savaş bu, sevinclə kədəri eyni anda yaşayırıq.Aldığımız hər acı xəbərə Vətən sağ olsun deyib, qəlbimiz sevinclə kədərin qovuşuq yeri olaraq həyata davam edirik.

Savaş əhvalıdır bu.

İnsanların fərddən xalqa, millətə yüksəldiyi məqam.Baxdıqca heyrət edirəm, bizim içimizdə nə qədər güc, nə qədər sevgi, nə qədər nifrət var imiş.Kimi dindirirsən içindəki sevgi və nifrətin böyüklüyünü görürsən.Hər kəs fərdi düşüncələrini bir kənara qoyub ümumi bir işi- vətəni, torpağı, yəni qürurunu düşünür.Sanki xalq tək nəhəng bir insandır.Xalq anlayışı canlı şəkildə qarşımızdadır. Eyni düşünmək, eyni hiss etmək, eyni sözü demək.Qələbəmizin səbəbi də elə bu olacaq.

Mənim “MƏN” mənəvi inkişaf konsepsiyamda fərddən “Mən” yaratma prosesini izah  edirdim.Addım addım, an-an, məqam-məqam yüksəliş, hiss-hiss arınma…illərlə davam edən bir proses. Son savaş günləri mənə bu səhnənin ani yaşandığını, insanların birdən birə hər birinin yüksək bir Mən olduğunu göstərdi.Bəlkə savaşdan sonra bu yüksəliş səngiyəcək, hər kəs əvvəlki mənəviyyatına qayıdacaq, bilmirəm, amma kimlərdəsə bu hiss əbədi yer edəcək.Savaşın həm də bir arınma olduğu fikri, deyəsən, burda təsdiqlənir, təəssüf ki.

Yaxşı ki, bu sabah hələ sakitlikdir, yəqin qələbə ümidləri tükənib.Təki elə olsun.Bundan sonrakı bazarlarda daha xoş ürəkaçan söhbətlər edək.Danışacaq o qədər çox mövzu var ki.Sağlıq olsun.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir