02 Temmuz 2024

Qardaş Türkiyənin tanınmış yazarı Kövsər Yaşıldaş xanım yurdumuzda müharibə başlayandan “qəlbimiz sizinlədir” deyərək bizə dəstək verirdi. Kövsər xanımla indiyədək bir neçə geniş və metafizik söhbətimiz artıq mətbuatda yayınlanıb. Bu dəfəki qısa söhbətimizin isə mövzusu savaşdır.

Ayişə Nəbi: Savaş qan, şiddət, ağrı və göz yaşıdır.Başqa bir fikirdə müharibənin arınma olduğu söylənməkdədir.Müharibənin arınma olduğu fikri ilə razısınızmı?

K. Yaşıldaş: Sülh və əmin-amanlıq haqdır. Haqq anlayışı maddi və mənəvi aləmlərlə əlaqədardır.Yəni, bütün aləmləri əhatə edir və hər zərrəyə sirayət edir. Allahın varlıqlarına bir qarşılıq gözləmədən, verdiklərinə əngəl olmağa çalışan və onu öz mənfəətləri üçün saxlamağa çalışanlara bu icazə verilmir, verilməz. Ancaq insan acgöz bir ruha sahibdir. Özünə aid olmayan hər şeyə toxunur. Həyatı duyaraq yaşamaq əvəzinə onu məhv etmək istəyir. Bunun özünün olmasını istəyir və bu istəmə halı hərəkətə gəldikdə, mübarizə aparır və nəticədə onu məhv edir. Üstünlüyü, sahib olduğu maddi dəyərlər ilə ölçər. Lakin üstünlük Ədəbdədir. Ədəbin, ədəbdən üstünlüyü olar. Ət və sümüyün üstünlüyü yoxdur. Maddəyə və əşyalara sahib olmağın da heç bir üstünlüyü yoxdur. İnsanlığın müharibəsi, insan dünya səhnəsinə ilk çıxandan bəri başlamışdır. Nə üçün? Çünki enerji mərkəzləri arasında ciddi qarşıdurma var. Bədənində yorucu və ağrılı bir savaş gedir. Bu müharibəni öz içində həll etmək əvəzinə, onu xaricə vurur və ona aid olmayanlara əl uzadır. Öldürür və yox edir. Ancaq öldürməli olduğu bir nəfsi və məhv etməli olduğu bir ehtirası var. Bu dağıdıcılığın səbəbi, onu idarə edə bilməməyidir. Müharibə bir arınmadır. Ancaq bu, başqalarını, digər ölkələri, başqa insanları, başqa bir irqi deyil, insanın öz nəfsini arındırma prosesi olmalıdır.

Ayişə Nəbi: Azərbaycan-Ermənistan müharibəsi davam edir. Biz öz vətənimizi torpağımızı müdafiə edərək öz ölkəmizdə döyüşürük. Mülki insanlara bir güllə belə atmadıq. Ancaq ermənilər bizim şəhərlərimizə raketlər atır, mülki şəxsləri, uşaqları və günahsız insanları öldürürlər. Dünya bunu görür susur. Niyə dünya haqsızın tərəfindədir?

Kövsər Yaşıldaş: Dünyanın alnına başdan “savaş və ölüm” dünyası olmaq yazılmış. Qəlb bunu necə qəbul edər? “Bütün dünyada sülh və əmin amanlıq olsun” deyə günahsız və haqlı insanlara məhəl qoymamaq və onların hayqırışlarına qulaq tıxamaq, ancaq şəxsi mənfəət məsələsidir. Yalnızca nəfsinlə savaşmaq əmr edilmişdir. Bu, bütün dinlərin baş tacı olan bir sözüdür. Başqasının canını, malını, torpağını və namusunu ələ keçirmək üçün edilən mübarizə savaş deyildir.  Bunun bir adı yoxdur. İnsanlıq xəzinəsində bunun heç bir tərifi yoxdur. Sülh savaşın ziddi deyildir. Sülh özü Huzurun təmsilçisidir. Barışı məhv etmək üçün əllərindən gələni edən qaranlıq qüvvələr var. “Savaş zəruri və həyati olmalıdır. Millətin həyatı təhlükəyə məruz qalmadıqca, savaş bir cinayətdir, ” deyən Mustafa Kamal Atatürk kimi bir bilgə gəldi getdi bu dünyadan. Ancaq dünya insanlığı hələ də anlamaqda israr etdiyi  qlobal bir problemlə üz-üzədir.

Bir məsum öləndə, biz o məsumla birlikdə ölürük. Bir ölkəyə hücum edildikdə, hamımız bundan təsirlənirik. Şüurlarımız, ruhlarımız sarsılır və zədələnir.

Ayişə Nəbi: 30 ildir məcburi tərk etdiyimiz yurdlarımızı, vətənimizi geri almaq üçün mübarizə aparırıq. Haqqımızı, bizim olanı istəyirik.   Ancaq dünya bizi barışığa səsləyir. Biz 30 ildir barış dedik səbr etdik, gözlədik və itirən də daim biz olduq. Bu 30 ildə oradan gələn qaçqınların  böyük çoxluğu artıq bu dünyadan gedib. Ömür bitsə də, gec olsa da haqlı haqqını alır.Biz Allah qatında da haqlı olduğumuzu düşünürük.Elə deyilmi?

 Kövsər Yaşıldaş: Yanılmırsınız. Sahib olduğumuz şeyləri qorumaq ona yiyə durmaq insanlıq vəsifəsidir. Bu insanın bir ərdəmidir. Bu ilahi bir həqiqətdir. Sahib olduqlarımıza layiq olmaq bizim həqiqətimizdir. Həqiqət bizə qədər uzandısa, Həqiqətin də haqqını vermək bir haqdır.

Çünki Həqiqət də haqqını almaq istər. Üstəlik çatdığı insandan, ümmətdən, xalq topluluğundan gözlər bunu. Onu Hərəkətləndirər. Yəni səssizlikdən səsə dəvət edər. Durğunluq davam edərsə, o toplumda,  o vaxt Həqiqət başqa alternativlərə yol tapar. Lakin geridə qalan toplumun vay halına! O həqiqətin haqqını verəmməmişdir.

Həqiqət yolunda olan insanlar sahib olduqlarını qoruyan insanlar, insanlıq üçün müsbət bir xal qoyar xəzinəyə. Həqiqətin tərsinə qaranlıq işlərə bulaşanlar isə insanlıq xəzinəsindən qopararlar, onların qısa müddətdə işləri alınar. Uzun müddətdə isə qarşılığı, əvəzi ağır olar. Sanmasın ki, kimsənin etdiyi qarşılıqsız qalacaq. İblis belə möhlət verilənlərdən oldu. Onun yox edilməsi ona bir mükafat olardı. Hər an onu ödəmək mumkundur. İnsan da möhlət verilən varlıqlar arasındadır. Həqiqətin yolunda olanlar azdır, lakin təsiri çoxdur. Qaranlıq enerjidən bəslənən insanların, təəssüf ki, Həqiqətin yanında olanlara qarşı görməzdən gəlmə kimi bir xisləti var. Bu insanlıq tarixindən bəri belədir. Bu dünyanın meyarı savaşın və ölümün kölgəsində oldu daima və bizə belə diktə etdirildi. Ancaq savaş anlayışı yerinə barışı, ölüm anlayışı yerinə təzələnməyi qoya bilsə, insanlıq çox şey qazanar.

Ayişə Nəbi: Allahın bir lütfüdürmü… Bu an bütün insanlarda elə bir həssaslıq və elə bir əhval-ruhiyyə var ki, hamı bütöv bir ürək kimidir, hamı Vətən deyir də başqa bir şey demir. Hər kəs fərdi həyatını sanki unutmuş da, cəbhə, Qarabağ, zəfər deməkdədir. Baxdıqca heyrət və qürur hissi adamı bürüyür. Allah çətin anlarda insana nə qəribə hislər bəxş edirmiş. Sanki bir ay əvvəkil insanlar deyilik, ürəyimiz bir başqa cür döyünür, dualarımız, diləklərimiz heç tanımadığımız, ancaq artıq doğmamız olan əsgərlərimiz üçündür, hər şey Qarabağ üçün, hər şey Vətən üçündür. Hamının tək bir kimliyi var, o da Vətəndir.

Kövsər Yaşıldaş: Bəzi yerlərdə yaxşı və məsum insan olmaq buna görə çətindir. Üstünlüyün, görünən, çətin və maddədən ibarət olduğunu zənn etmə sevdasına düşən pis insanların dünyasında olduqları üçün. Özünü bilməyən, dünya səhnəsində insan rolunu mənimsəyəmməmiş, yoldan azmağı peşə etmiş, insan sifətini haqq etməyənlər var. Əyriyi doğrudan ayırammayan bir insan düşünün. Yaradılmışın ən hünərlisidir, lakin yalan və şər işləyə bilmə özəlliyi olan insandır! Kaş ki, bu pis ruhlu, özünü bilməz insanlara yaxınlaşıb belə deyə biləydik: “Qorxma. Sənin qorxuların dünyanı yıxılmağa doğru aparır. İnan ki, bu pis hərəkətlərin ölümlərə səbəb olacaq. Bunu etmə! Əgər pis işlər görməyə davam etsən, yalnız sən deyil, bütün hər kəs, hamımız, sənin ucbatından payımıza düşəni yaşayacağıq. Bunu özünə də, insanlığa da etmə.”

Pis insanların etdiklərindən, yalnız o və onun kimilər deyil, məsum və haqlı olan insanlar da, bir Birləşimiş Sahə Dairəsi içində təsirlənir. Pis işlər, pis düşüncələri və savaş hayqırtıları bütün varlıqlarda əks edir və bütün varlıqlarda əks səda verərək qarşılığını alır.

Zülmə uğrayanlar, onlara edilənə razı olmamalıdır. Buna qarşı dirənməli və məsumiyyətlərini, yurdlarını, torpaqlarını qorumalıdır. Əgər məsumlar haqsızlığa razı olarlarsa, Rəhman da onların razı oluşundan razı olur ki, bu insanlıq üçün yaxşı olmaz. Bir kimsə özünə edilməsini rəva görmədiyi bir hərəkətə izin verməməli, gərəkli mübarizəni canı bahasına da olsa göstərməli və bu durumda ancaq yardımını Allahdan istəməlidir. Allah, birini digərindən əsla üstün tutmaz. Çünki hər insanın ağlı, fikri, vicdanı qüsursuz bir şəkildə yerli yerindədir. Ağlını işlətmirsə, ifadə edə bilmirsə, bunun üçün mübarizə etmirsə, hər cür zülmə baş eyib də susursa, bunun cəzasını və sonuclarını Allaha yükləməməlidir. Yox, deyə bilməyin çətin olduğu yerlərdə zülüm qaçınılmazdır. Çünki zülmə uğrayan “xeyr” deməmiş, səssiz qalmış və xeyir tapmamışdır. Həqiqəti istəyirsək, barışı arzu edirsək milli və insani dəyərlərimizə sahib çıxmalıyıq.

***

Yaşamların sona çatdığı yerin tam ortasında dayandım.

Rüzgar mənə niyə burada olduğumu soruşanda, mən o səssizlikdə  məsumların çığırtılarını eşidirdim. Onlarla bərabər vururdu ürəyim. Amma mənimki görünəndə, onlarınkı isə sonsuzluqda.

Həqiqət, Bizim bəlirlədiyimizdir. Yaşamın arzu etdiyi yerdəyk indi. Və biz, arzu edilən yerdə Həqiqəti inşa edirik… (Kövsər Yaşıldaş).

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir