21 Kasım 2024

Qarabağın işğalından 27, Qərbi Azərbaycanın işğalındansa 32 il keçir. Bir igidin ömrü olan bu illər ərzində çox şey unudulub, çox şey yaddan çıxmalıydı, əslində. İnsan yaddaşı unutqandır, biz həmişə yaddaşdan gileyliyik. Bizə edilənləri, gördüyümüz tarixi zülümləri tez unudub taleyimizlə tez barışmağımızı irad tutaraq hamı, “Eh Qarabağ da getdi, yəqin daha qaytarılmayacaq” deyə köks ötürürdü.Bir yandan da hamı ürəyində çox inanır, bir çox insan hələ də özünə ev eşik düzəltmirdi ki, yurduma qayıdacam.Ancaq dövlətin Qarabağ qaçqınlarına ev tikib verməsi insanların inamını bir az sarsıtdı ki, demək, daha torpaqlar qaytarılmayacaq, yoxsa dövlət niyə bizə ev versin.

Düzdü, Qarabağ qaytarılmadı.Erməni xaincə aldığını, dünyaya car çəkib mənimdir dediyi, üstündə qondarma dövlət qurmağa çalışdığı o gözəl məkanı, o xarüqə yerləri, əlbəttə ki, qaytarmaz.

Qaytarmadı, bütün dünyanı da öz tərəfinə çəkib yalanlarına inandırdı.Qarabağı erməni qaytarmadı, ali baş komandanın dediyi kimi, “Biz getdik və götürdük.Səndən soruşan kimdir ki, verirsənmi.Qarabağ bizimdir”.

Bəli, Qarabağ qaytarılmadı, Qarabağ qan tökülərək, igid əsgərlərimizin qanı bahasına erməninin bağrını dələrək geri alınır, sadəcə qaytarılmır. Qonşuya pay verib pay alan kimi deyil, qanlı döyüşlə alınır, tarixə şanlı səhifə yazılaraq alınır.Bu gün ürəyimiz sevincdən o qədər doludur ki, igid əsgərimiz, mərd insanlarımız haqqında danışdıqca danışmaq istəyir adam.

Bir müddət əvvələ qədər söhbət düşəndə bu qədər vaxtdan sonra kim gedib alacaq Qarabağı, kim yaşayacaq orda, deyə şübhə edən bir nəfər olanda ona cavab verən mütləq beş on nəfər olurdu ki, Qarabağ mütləq alınacaq.Hardan gəlirdi bu inam.Bu illər ərzində nə sadə insanlar, nə də dövlət Qarabağı unutmadı, hər an, hər yerdə Qarabağ deyildi, beynimizə həkk oldu, yaddaşımızın ən oyaq yerində daim sızıldadı.Qarabağ özünü unutdurmadı.

Digər yandan biz Qarabağı itirəndən sonra qədrini bildik.O günə qədər Qarabağ bizim üçün digər yurd yerlərimizin biriydi.Ancaq itirəndən, düşmən ona qiymət verəndən sonra bizim üçün dəyərləndi. Düşmən Qarabağı istəməyə başlayanda biz oyandıq, həm də yaxşı oyandıq, bütün xalq, o yerlər haqqında təsəvvürü olmayanlar belə mübarizə aparmağa başladı.Bu bir kimlik mübarizəsiydi.

Yadıma düşür, 1988-ci ildə, hadisələrin təzə, qızğın vaxtı Qərbi Azərbaycanda kəndimizdən Xaqani adlı oğlan Karvansara rayon mərkəzinə gedir, erməni gədələri onu tək görüb yaxınlaşaraq de ki, “Qarabağ ermənilərindir” deyirlər.O, “Yox, Qarabağ bizimdir” deyir.7-8 nəfər əli zopalı erməni deyir, de ki, sizindir, Xaqani deyir, yox Qarabağ bizimdir.Türkü tək görəndə quduzlaşan ermənilər orda Xaqanini o qədər döyürlər ki, Xaqani yarım ay xəstəxanada yatır.Bizim daha nə qədər bilmədiyimiz belə adsız qəhrəmanlar var.Xalq hər qarış torpağın təəssübünü çəkir.

32 ildir Qərbi Azərbaycanı, 27 ildir Qarabağı ayağımız unutsa da ürəyimiz unutmadı, daim içimizdə bir qaysaq bağlamayan qanayan yara oldu. Bizi içdən-içə ovdu.Bu günün bu şanlı tarix günlərində hamımız əsgər kimi hazırda durmurşuq.Artıq biz Qarabağdan keçmiş deyil, gələcək zamanda danışırıq.Artıq paralanmış ürəyimizin bir parçası yerinə qoyulur, qalır digər parçaları.Gün gələcək parçalar yerinə oturub Vətən bütünləşəcək.

AYİŞƏ NƏBİ

1 thought on “Qarabağ keçmiş deyil, gələcəkdir

  1. Qarabağla birlikdə Qərbi Azərbaycanı da yaddan çıxarmırsınız, çox sağ olun.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir