04 Temmuz 2024

Hər şeydən öncə insan gəlir. Doğulan heç kim hansısa dini nişanla doğulmur, hər kəs Allahın qulu olaraq doğulur, yəni ki, dünyaya gəlmək də, harda, hansı millətdən, hansı dindən olmaq da bizim seçimimiz deyil. Bəlli bir yaşa qədər ata-anamız, millətimiz hansı dindənsə, biz də o dindən oluruq, ta ki, ağlımız yaxşını-pisi bir-birindən ayırana, düşüncəmiz, imanımız formalaşıb bəlli bir yönə meyl edənə qədər.Biz milli dinimizi kütləvi olaraq dəyişmirik, orda-burda fikirlə imanı qarışdıranlar olur, müxtəlif səbəblərdən dəyişənlər olur, o da olsun.Rəngarənglikdir.

İndi gəlirəm bu günkü savaş günlərində orda- burda kiməsə irad tutan, ağıl öyrədən çoxbilmişlərə.Əvvəl onu deyim ki, düşmən əsgərləri aclığı, soyuğu, çətinliyi bəhanə edib döyüş meydanından qaçarkən, bizim igidlər mərd mərdanə hər çətinliyə sinə gərib dayanır.O soyuqlar, o yağışlar bizim əsgərin də üstünə yağır, bəlkə bir gün yeməyi gecikir, bəlkə paltarı islanır, bəlkə üşüyür, amma bunları bəhanə etmir.Mərdcə davranır.Üstəlik hələ də axın-axın könüllülər gedir.

Onlar bizi qoruyur, biz də bunun dəyərini bilməliyik.Xalq olaraq əsgər adı gələndə ürəyimiz əsir, əsgər üçün əlimizdən gələni etməyə, əl çatmayanda da, sadəcə, sevməyi, onlara uzaqdan sevgi və dua göndərməyi bacarırıq.Bu gün bizim səmamızı düşmən raketi yarsa da, Gəncədə, Bərdədə can alsa da, digər cəbhədə-qəlbimizdə mənəvi səmamız dualarımızla hörülüb, cəbhəyə sevgimizi, duamızı raketdən iti göndəririk.

Cəbhədə kimlər var bu gün? Bu gün cəbhədə azərbaycanlılar var, onların arasında Azərbaycan türkü, rusu, yəhudisi, tatarı, ləzgisi, talışı, zaxuru, avarı və ümmumilikdə buraya vətən deyən hər milli azlıqdan insanı var və ürəklə gedib ürəklə döyüşürlər.Bu gün cəbhədə “kim hansı dindəndir” söhbəti getmir, hansı millətdənsən, hansı irqdənsən deyilmir.Bu bir qürurdur ki, bu gün cəbhədə bir ad var: azərbaycanlı, Azərbaycan vətəndaşı. Bizim əsgər, mərd əsgər.

Əsgərimiz zəfər qazanır.Hər azad olunan yerə bayraq taxanda sən hansı millətdən, hansı dindənsən demirik, sən Azərbaycan əsgərisən deyir, hər əsgəri eyni sevirik.Zəfər çalan hər əsgər sevincini öz ana dilində ifadə edir, kim ürəyində özü ilə həmişə hansı dildə danışırsa sevinəndə, kədərlənəndə də o dildə Allaha ya şükür edir, ya dərdini söyləyir. Rus əsgərə deyə bilməzsən ki, sevinəndə xaç çəkmə, bura Azərbaycandır.Xeyr, qoy çəksin, o qəlbində inamını indiyədək xristiyan adətincə yaşayıbsa, bu gün cəbhədə də xaç çəkərək sevinəcək. Bu onun haqqıdır.İslam dinindən olan hansı məzhəbdən olmasına baxmayaraq əzan oxuyub döyüş meydanında namaz qılacaqsa, bu da onun haqqıdır.Yəhudi öz adəti ilə, talış, ləzgi, zaxur, avar, kürd öz adəti ilə sevinəcək, zəfər çalan əsgər zəfər hayqırışı edib dağlara çöllərə sevinc nərəsi çəkəcək.Hərə istədiyi kimi sevinəcək. Rus Dmitriy Solnçev, Deniz Pronin, zaxur Fəqan Məmmədov, yəhudi Daniel Zarbailov və digərləri Azərbaycan əsgəridir. Ermənidən azad etdiyi kənddə, şəhərdə, hər yerdə istədiyi dində, dildə, adətlə, ibadətlə sevinə bilər. Bu onun haqqıdır.Çünki o qalib əsgərdir.Azərbaycan əsgəridir.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir