04 Temmuz 2024

Əlimdə qələm (klaviatur), qarşımda kitablar, başımın üstündə dam, pəncərəm örtülü… Əsən küləkdə üşümürəm, yağan yağışda islanmıram. İstəyəndə isti çay içirəm, istəyəndə sevdiyim yeməyi yeyirəm.

Ancaq sən, əsgər qardaşım, bu saat gecənin bu vaxtı bəlkə hansısa çölün düzündə gecələyirsən, başının üstündə qaranlığı qoruyan dam, örtməyə pəncərən yoxdur.Sən hər istədiyində isti çay içə, sevdiyin yeməkləri yeyə bilmirsən.Sən bəzən güllə yeyirsən, bəzən qəlpə, bəzən də qəm yeyirsən.Dostunu yanında yaralı görəndə.Bəzən də sevinirsən hər düşməni məhv edəndə, hər bayraq sancanda.

Bəzən yaralıya, şəhidə deyirik ki, döyüşə getməsəydi, yaşayardı, cavan canına heyif.Yox, mən artıq bu sözü demirəm.İndi Azərbaycan bütöv bir cəbhədir.Çünki düşmən elə hiyləgər, elə azğın, elə insalıqdan kənardır ki, döyüş meydanına deyil, evində eşiyində işiylə-gücüylə məşğul olan dinc insanlara raket atır, həm də  qadağan olunmuş raket. Yəni, bu qarı düşmən ki, var, heç fərqi yoxdur ya ev olsun, ya cəbhə.Gəncə, Mingəçevir, Bərdə, Ağcabədi, Goranboy, ya digər kəndlər cəbhə deyil ki.Amma orda da insanlar vurulur, oraya da bombalar, raketlər atılır.

Əsgər qardaşım, indi sən səngərdəsən, sən orda güllənlə, topun-tüfənginlə tarix yazırsan, mən də burda sənin şəninə şeirlər, yazılar yazıram.Sənin adını bəlkə heç kim bilməyəcək, amma mənim yazımı oxuyanlar adımı bilib mənə gülümsəyəcəklər.Kim daha qəhrəmandır? Bu suala utanıram cavab verməyə, çünki qəhrəman sənsən.Kimsədən sağ ol  gözləmədən canını fəda edirsən. İnan ki, mən də özümü sənin qədər səngərdə hiss edirəm, deyəcəm, amma demirəm. Ayıb edirəm. Mənim başıma güllə yağmır ki, bu saat. Özümü səngərdə hiss edirəm desəm də, yükünə, yaralarına həmdərd olsam da ağrını sən özün çəkirsən, hər canın ağrısı özünündür.

Burdan biz ürəklə, ərklə, cürətlə “igid əsgər, irəli” deyirik ha, mən onu da deməyə utanıram.Bəs sən niyə igid olub irəli getmirsən, deyə özümə deyirəm. Sonra da öz üzümə saxta-saxta gülümsəyib, hərənin öz sahəsi var, ya da vaxtı gələndə gedəcəm, bəhanələri ilə təsəlli verirəm.

Əsgər qardaşım, mən qorxağam.Bunlar hamısı bəhanədir.Mən sənin qədər cəsarətli olsam, “sonunu düşünməz, qəhrəman olar”dım. Amma görürsən, mən əlimə aldığım qələmin kölgəsində gizlənmişəm.Bəs sənin işin, təhsilin, sevgilin, arzuların yox idi? Var idi. Bəs sən onları necə buraxdın? Sən bunu bacardın, əsgər qardaşım. Çünki sən cəsarətlisən. Sən sevdalısan. Dünən hərbi komissarlıqda bir hadisənin şahidi  oldum. Bir ana hirslənib etiraz edir ki, mənim oğlum oxuyur, onu niyə aparırsınız? Qoyun oxusun qurtarsın. Hərbi Komissarlığın nümayəndəsi cavab verir ki, oğlunu biz çağırmamışıq, o özü gəlib könüllü yazılıb, sonra bir də gəlib təkrar müraciət edib.

Qadın susdu.Sən beləsən, əsgər qardaşım, mənim kimi qələmin arxasında gizlənməmisən, anana da demədən gizlicə könüllü yazılırsan.Vətən sənin qara sevdandır.

Əsgər qardaşım, sən o soyuq səngərdə odlu güllənin, bombanın altında mərdcə durursan deyə mən burda qələmə sığınmışam.Hər atəş açılanda, hər üşüyəndə, hər bomba düşəndə, silah dostunun şəhidliyinə canın yananda haqqını halal et, əsgər qardaşım və düşün ki, hər kəs döyüşçü ola bilmir.Bu vətənin mənim kimi kitabı-dəftəri, qələmi üzünə pərdə edən qorxaq oğulları da var və biz sənə güvənirik, səninlə qürurlanırıq, sabaha sənin çiynində gedirik, əsgər qardaşım. Sən var olduqca mən varam, əsgər qardaşım. Mənim Vətənim sənsən.

MAHMUD MÖVLUD OĞLU

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir