Bu günün xəbəri möhtəşəmdi.Bu xəbər əvəzsizdi.Bu zəfər ömrümüzə ömür qatdı.
Ali baş komandanın xalqa müraciəti olacaq deyəndə əlimizdəki işi, dilimzidəki sözü, beynimizdəki fikirləri bir kənara qoyduq, hamılıqla televizorun qabağında sıraya düzüldük.Dörd gözlə nə deyəcəyini, nə xəbər verəcəyini gözlədik.Hərə bir fikir dedi, amma hamı yəqin Şuşanı almışıq deyə içindən keçirdi.Bir-birimizə dinməyə macal vermədik ki, gözlə, qoy özü desin.Bu, artıq bizim üçün sanki bir ayindir, bir həsrətin vüsalıdır.Hər xəbərlə ruhumuz göylərə qalxır, yerimizdə dura bilmirik.Amma evdə, öz aramızda sevinirik.Qanunlar çərçivəsində küçəyə çıxmırıq.
Nəhayət, ali baş komandan ekranda göründü və o möhtəşəm xəbəri dedi:
ŞUŞA AZADDIR! ŞUŞA BİZİMDİR! XOŞ GƏLDİN ŞUŞA!!!
Nə gözəl sözlər, nə doğma ad, nə həsrətli xəbər.Bütün Azərbaycan bu an ayağa qalxdı, bütün Azərbaycan bir an qəlbi dayanacaq kimi oldu.
Heç bir söz bu sevinci ifadə etmir….Bu, sevincdən də fərqli, başqa bir duyğudur.Coşqudur.
Mən həyatım boyu Şuşanı görməmişəm.Bundan sonra da görəcəyim bəlli deyil.Amma bu elə bir duyğu, elə bir əvəzsiz sevincdir ki, buna hansısa maddi düşüncəylə, maddi yerlə, torpaqla bağlayıb izah edə bilmirik. Bu, deyəsən metafizik bir anlayışdır.
Şuşası olan ölkə.Şuşalı.Şuşa.
İndi orda torpağa qarışanlar orada yerə dəyən doğma ayaq səslərindən diksindilər, oyandılar, ruhları quş olub əsgərlərimzin başı üstündə dövrə vurdu.
Şuşa, Şuşa.
Görəsən, orda yatan müqəddəs ruhlar qoruya bildilərmi başına atəş yağan əsgərləri namərd gülləsindən. Ora ki, müqəddəs torpaqdı, ora ki, ürəkdi, qəlbdi, gərək əsgər qurbanı almasın.
Sağ olsun şanlı Ordumuzu, igid əsgərimizi. Onların rəşadəti, fədakarlığı bizə bu möhtəşəm qüruru yaşatdı, bu sevinc duyğusunu daddırdı.
Şuşa, uğrunda şəhid olanlarla ucaruhludur.
Şuşa, artıq sən azadsan, biz qürurluyuq.
Əziz Şuşa, həsrətlərin Şuşası, sağ əlin bizim başımıza.Bir gün olacaq ki, ali baş komandan Qərbi Azərbaycanın da azad olunma xəbərini verəcək.
AYİŞƏ NƏBİ