Qələbənin dadını gördük.Düzdür savaşın sonluğu belə olmamalıydı deyə narazılıqlar oldu, amma bir yandan da daha şəhid xəbəri ilə üzülməyəcəyik deyə sevindik.Atəşfəşanlıq, sevinc göstəriləri, qələbə yürüşləri oldu.Digər yandan da gözümüz qulağımız hələ də savaşın dayandığı bölgələrin o tərəfindədir, oralarda nələr olur deyə maraq içindəyik.
Ermənilər bizim yurdlarımızda bu qədər vaxt oturdular, indi birdəfəlik tərk edirlər, həm də uçurub dağıdaraq.Buna da eybi yox deyirik.Onsuz da hər yer yenidən bərpa ediləcək.
Hər kəsdə sonsuz bir ümid, bir ruh yüksəkliyi var. Hətta “rus niyə gəldi“ desək də, burda da bir ümid oyanır ki, rus artıq yeni bir müstəmləkə həmləsi düşünməyəcək, artıq biz müstəqilliyin dadını gördük, kimsənin boyunduruğuna girməyi qəbul edə bilmərik.Rus bizim sözümüzü dediyi müddətcə burda olacaq.
Bu savaş günləri ərzində insanların daxili aləminə fikir verdim, bu günlərdə sosial şəbəkədə Mənəviyyat səhifəmdə bir dənə də göndəri paylaşmadım.Savaş elə bir dönəm ki, burada söz sönük qalır, burada yaşam davası, həyatda qalma, kimliyini təsdiq etmə mübarizəsi gedir.Topun-tüfəngin partladığı, raketlərin bombaların uçuşduğu bir zamanda söz nəyi həll edər? Əlbəttə, “Söz var kəsər savaşı, Söz var kəsdirər başı”, ancaq üstünə şəhid gələn ananın, ya da çiynində şəhid cənazəsi daşıyan balanın, gözü cəbhədə qalan qız-gəlinlərin, insanların sözlə təsəllisi ola bilərmi. Bəlkə də söz bir anlıq ağrıları yumşaldır, yaraya qaysaq bağladır.Bəlkə də bir söz qəlbinə çökmüş dərdi silər atar, mən fəxr edirəm ki, oğlum şəhid olub deyəcək qədər ucaldar insanı.Bu sözü deyə bilmək nə qədər böyük bir güc, uca bir mənlik, vətən aşiqliyi, sözə sığımayan duyğular gərəkdirir. Bu gün Azərbaycanda ”Mən fəxr edirəm ki, şəhid olub…” deyən minlərlər uca iradəli insan var.Oğlunu Vətənə dəyişən, oğul verib Vətən alan insanlar.Uca insanlar. Azərbaycan sizinlə qüdrətlidir. Xalqın and yeri- şəhidlərlə.
Bu gün bu həssas məqamda dili sürüşüb sözü yanılanlar olur.Bəlkə də yanılmır, elə içindən gələni deyir, amma xalq bir kəlmə sözlə edam səhnəsi qurur.Çünki kütlə, xalqa çevrilən kütlə eyni zindana vurursa haqlı olur.O dəmir yumruğun bir barmağı açılırsa həmən an kəsilir.Dili yanılan da yumruqdan açılan barmaq kimi qopur gedir.
Biz qələbəyə kökləndik.Rusun gəlişi buna kölgə salsa da, Qarabağı tam olaraq alırıq, itkisiz alırıq.Bu azmı?
A.Nəbi