21 Kasım 2024

Mahizər xalaya

Ölən adamların arxasınca həmişə nəsə yazmaq istəyirəm.Sağlığında deyə bimədiyimi ölümündən sonra demək.Nə fərqi var ki.Özü eşitməyəcəksə.Amma yenə də demək, nəsə demək…danışmaq istəyidir bəlkə, bəlkə itkinin həzm edilməsidir.Bilmirəm, buna fəlsəfə açmaq niyyətində də deyiləm.Bəzən mənə dəxli olmayan adamlar üçün də söz demək istəyirəm.

Hər adam özü ilə bir silsiləni, bir dövrü, bir dünyanı aparır və yaşadığımız dünya o gedən dünya qədər azalır, boşalır.

Mənsə susuram.Susduqca o adamın dünyasına daxil olur, o dünyanın hər cəhətini dolaşır və yorularaq bir nəfəsdən başqa hər şey yalan deyirəm.

Adam var ki, susduqca elə bil daha çox danışır.Üzünə baxırsan üzündə bir işıq oynayır, üzündə hər cizgi sənə bir söz deyir.Hər kəsin dünyası fərqli olur, hərənin dünyası fərqli əks edir.Mən dünyadan köçənlərin son görünüşlərini xatırlayır və üzlərində donan ifadəyə baxıram.Baxıram, o baxışdan o yana söz donur və artıq sözdən ötə hiss, duyğu, bəlkə duyğudan da ötə bir anlayışla ifadə edilən yaşantı baş qaldırır.Mənə sirli aləmlərdən danışır.Sözə köçməyən, keçməyən aləmlərdən….

İnsanın daxili aləmindən.Heç vaxt sonuna qədər açılmayan bir mücrüdən.İfadə edilməyən.Nə qədər danışsa, bütün sirlərini açıb töksə yenə tükənməyən, yenə də deyilməyən, qəlbinin diblərində qalan  duyğular . Yaradılış mahiyyəti olan duyğular…İnsan gedincə o da gedir bilinməzliyə. Sevinclər də, kədərlər də….

Üzündə nə vaxtsa yaşadığı bir xoşbəxtliyin ifadəsi donub qalmışdı.Bu ifadə heç getmirdi üzündən.Ağappaq, işıqlı, nurlu.Abırlı.Çox abırlı.

Öldüyünü, nəfəsini tapşırdığını eşidincə dua elədim ona.Elə həmin gecə sabah açılmadan, daha torpağa verilmədən yuxuma girdi.Bircə üzünü gördüm.Bədəni kəpənək kimi qanadlı.Qanadlanmışdı.Yavaşca, qanadlarına ahəng verərkən üzümə baxdı.Aramızda səssiz bir dialoq oldu:

-Mən də gəlimmi?-dedim

-Yox, sən gəlmə,-dedi.

-Bəs, sən hara…-dedim

Başı ilə yuxarını göstərdi.

Qanadları ahəngli ləngərlə tərpəndi.Qalxdı endi.Dalğa kimi, dalğalı…

Sonra dönüb mənə baxdı və getdi…

Bir də  belə təkcə qardaşım girmişdi yuxuma hələ torpağa qoyulmadan… cənazəsi başında on dəqiqə mürgülədim. Atamın onu necə qarşıladığını gördüm.İki tərəfdə altı-altı düzülən oğlan və qızlar qardaşımı aralarında apardılar.Körpünün başına çatanda atamın orda durduğunu gördüm.İki dəstə qardaşımı atama təhvil verib yox oldu.

Bizim bilmədiyimiz daha nələr var dünyada. Bəzən qırıq qırıq, ötəri parçalar göstərilir bizə…Biz bunu yuxu, yoxluq sayırıq.Yanılırıq…

Həyalıydı.Bu yaşda üzündə elə bir həya ifadəsi vardı ki…Sevmək istərsən.Sevərsən.

Göyçə dağlarından qar yolla mənə

Başını ağardan  var yolla mənə,

deyər və Göyçəsiz gedər.Son anında da bura mənim evim deyil, evim Göyçədə çayın qırağındadır deyər, yurdun ilkinliyini, doğmalığını istər və bu istəklə gedər.Gedənlərə salam olsun…

Ayişə Nəbi

22.11.20

2 thoughts on “Göyçə dağlarından qar yolla mənə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir