24 Kasım 2024

Utanıram şəhid olmadığım üçün.Ətrafda elə ab-hava var ki, sanki hamı şəhid olmalıymış. Əlbəttə ki, hamı döyüşməli, vətəni qorumalıdır.Amma vətəni qoruyan mütləq şəhid olmalıdır deyə bir qanun yoxdur.Döyüşmək şərt, şəhid olmaq isə ən son mərhələdir.

Əsgər, igid əsgər, mərd əsgər, şərəfli əsgər niyə şəhidliyi məqsəd qoyursan qarşına.Onsuz da bir yığın düşmən sənin qəsdinə durub, sən yaşa, sənə yaşamaq yaraşır, hələ də qalib ikən, zəfər çalmışkən.

Bu yaxınlarda bir videoya baxdım.Dedim, görəsən, mənmi anlamıram, ya zəmanəmi dəyişib.Ön cəbhədə döyüşün qızğın yerində düşmənlə üzbəüz çarpışan əsgər, igid əsgər, fədakar əsgər, uca əsgər, döyüş sonrası öz dostuna zəng edərək ondan dönə-dönə xahiş edir ki, mənə dua elə, dua elə ki, şəhid olum.Mən buraya gələndə niyyətim şəhid olmaq idi, amma hələ də şəhid olmamışam, qorxuram ki, şəhidlik mənə qismət olmaz.Sən gecə- gündüz mənə dua et, özüm də edirəm, deyir. Dəhşətə gəldim.Yaxşı mənada dəhşətə gəldim ki, insan bu qədərmi fədakar olar.

Mən şəhidliyi uca məqam, şəhidləri ucaruhlu bilirəm.Ucalığına əlim çatmayan qüdrətdir şəhidlik.Allah qatında bizə hansı mərtəbənin yuxarısından baxacaq, biz hansı qatın aşağısından yuxarı baxacağıq onlara bilmirəm, şəhid qardaş, onu bilirəm ki, zirvədəsən.

Niyyətim şəhid olmaqdır deyirsən. Demə.Bu dünyayla o dünyanı müqayisə edir, fanatca o dünyanı seçir, bütün aqibətini axirətə bağlayırsan.İnanmaq sənin haqqındır.Amma yaşamaq da haqqındır.Sinəni güllə qabağına verəndə bir az düşün ki, yox, gülləni mən vuracam düşmənə, sən yaşamaq və  öldürmək üçün savaşa gedirsən, hər kəs şəhidlik niyyəti ilə gedərsə, vətən kimə əmanət olar, ey ucaruh.”Vətən sənə oğul dedi” güvəndi, sənsə “dünya duracaq yer deyil, ey can, səfər eylə” deyərək gedirsən.Arxanda kimlər qalır, bilirsənmi, səni sevənlər, səni sevənlər səndən sonra qürur və kədərlə həmdərd olurlar.

Ey şəhid, sənin yerini kimsə tutmur.Atasının şəklini öpən, hər qapı açılanda atam gəldi deyib peşman olan o körpəcə qız, mən atamı doqquzca il qucaqlaya bildim deyən körpə oğlan.Mən şəhid oğlu olduğum üçün fəxr edirəm deyən başqa bir körpə bala. İki oğlumu vətən torpağına qurban verdiyim üçün fəxr edirəm deyən ana. Oğlunun yoxluğunu qəbul etməyib şəhidlər ölmür, mən şəhidimlə fəxr edirəm deyən ata….Bir yanda da özünü güllə qabağına atan oğullar. Ölümün gətirdiyi ucalıqla fəxr etmək necə də ağrılıdır.

Yox, mən qorxaq olun demirəm, tarix sizin cəsarət və mərdliyinizi bir daha gördü.Millət olaraq elə bir hal yaşadıq ki, min il yol gəlsək, min il dərs keçilsə bu hal yaşanmazdı, amma millət içindən yetişib bu məqama gəldi və zəfər çaldı.İndi hər yanda şəhidlərin, yaralıların, qazilərin söhbəti gedir və nə böyük bir ürək, nə uca ruh sahibidir ki, millətimiz öz şəxsi dərdini, doğma itkisini bir kənara qoyub, təki torpaq alınsın, təki Vətən sağ olsun deyir.Mən bu qüdrətə, bu ruha heç bir tərif tapmıram. Onu bilirəm ki, millət kölə yox, uca olmaq istəyir və buna qadirdir.Yetər ki, milətin  cəsarətli başçısı olsun.O da var.

Mən bir daha əvvəlki fikrimə qayıdıram, döyüşə gedəndə məqsəd şəhidlik deyil, zəfər olmalı.Şəhidlik ən son anın hökmü,  ən son çarə olsun. Yoxsa, şəhid olmaq üçün yox, qazi olmaq, qələbə çalmaq üçün  gedirəm deyin, çünki siz vətənə lazımsınız.

Mənsə şəhid olmadığım üçün sizdən utanıram.Hər əsgər görəndə sanki bir boy kiçilirəm.Hər kəs döyüşməlimi, sualını çox düşünürəm, çox eşidirəm.Döyüş bir sənətdir, savaş əsgəri olmaqsa bir qismətdir. Qismətdən artıq yemək olmur.

Mahmud Mövludoğlu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir