03 Aralık 2024

Deyir mövzu tapmırsan yazmağa? Hər il eyni söhbət, eyni sözlər, bir az irəli gedin, bir yerə bağlanıb qalmayın, inkişaf edin.

Düz deyirsən, bir az irəli gedək, inkişaf edək, bir yerə bağlanıb qalmaqla irəli getmək olmur. Sən düz deyirsənsə, biz də düz eləyirik.Çox adi bir misal deyim, sən hər il doğum gününü niyə qeyd edirsən, bir-iki dəfə etdin bəsdir, nə dəyişir, inkişaf edirsən? Yox, əlbəttə. Biz də eləcə, hər il yurdumuzun yoxluğunu qeyd edirik.Xatırlayırıq. Unutmaq çox asandır.

Mənim yaddaşım bunu özü ilə daşıyır.Gündəlik min dənə problemin, düşüncənin, fikrin arasında doğma yurda da bir yer ayırırsan və o orada ədəbi sakin olur.Hərdən də səni dürtmələyib oyandırır ki, mən varam, unutma ha.

Beləcə, bu il 28 noyabrda kənddən sürgün olunmağımızın 32 ili tamam oldu.Buna kimi qaçma dedi, kimi köçmə, kimi qovulma, çıxarılma dedi.Mən ən dəqiq diaqnozla sürgün deyirəm bunun adına.Çünki sürgün idi, əbədi sandıqları sürgün. Amma əbədi olmayacaq, biz də bir gün tamlanıb bütövlənəcəyik Qarabağ kimi.Qarabağın da alınmasına heç kim inanmırdı, hamı əlini üzmüşdü, ordan gələnlərin yaşlıları dünyasını dəyişmiş, gəncləri burda yenidən yurd yuva qurmuş, yeni dünyaya gələnlər də artıq o ruhda olmaz deyirdik.Amma Qarabağ savaşı bunun əksini göstərdi, səfərbərlik günlərində mən dəhşətə gəlirdim, sabah saat beşdən hərbi komissarlığın ətrafı adamla dolurdu.Əsgərliyə könüllü gedənlərin sayı hesabı yox idi. Hamı canfəşanlıq edirdi. Bunu gördükcə anladım ki, millət dogma yurdundan nə qədər aralı qalsa da öz kimliyini, haralığını unutmur, içindəki vətən yanğısı davam edir, nəsillərə ötürülür.

Bu gün kəndimiz 32 ildir ki, erməni işğalındadır.Mənim ata evimdə indi erməni yaşayır.Nə haqla? Hansı hüquqla? Amma adına erməni deyilən varlıq haqqa, hüquqa baxmaz, zorbalıq edər.Bir gün onun da  burnu ovular, Qarabağda ovulduğu kimi.

Kim deyir ki, o kəndin qaramasından, zığından, palçığından canım qurtardı, gəlmişəm gül kimi şəhərdə yaşayıram, lap kəndi versələr də gedən deyiləm.Əlbəttə ki, kənd həyatı şəhərdən çox fərqldir, amma bu oranı yox saymağa, orada yaşamamağa səbəb deyildir.

Kəndlər xırda yerlər olsa da, bütöv Vətənin zərrələridir.Bir zərrə əksik olarsa tamlıq pozular, paltarında bir yer cırıq olarsa onu geyinməzsən, təzəsini alar, ya da tikərsən.Vətənin zərrələri də kəndbəkənd tamlığın, bütövlüyün zərurətidir.Odur ki, xırda gördüyümüz bu kəndlər, əslində böyük işin parçasıdır.Hər xırda kəndi xatırlamaq, onun üçün mübarizə aparmaq böyük mübarizənin parçalarıdır.

-Ey yolçu, yolun harayadır?

-Ey soruşan, yolum Qızıl Almayadır.

-Ey yolçu, Qızıl Alma hara(da)dır?

-Qızıl Alma könlünün sevdasıdır.

Beləcə, hər kəsin uğruna can verdiyi, yoluna baş qoyduğu bir qızıl alması var.Əlbəttə ki, qızıl almamız birincisi, ruhumuzun ehtiyacı olan Tanrı məqamıdır, ikincisi, qızıl almamız Vətəndir.Parçalanmış, boynubükük vətən deyil, tamlanmış, bütövlənmiş, zəfər çalmış, qalib, əzəmətli Vətən.O əzəmətli Vətənin bir zərrəsi də bizim kəndimizdir, möhtəşəm ağacın yarpaqlarından bir yarpaqdır. Bir yarpaq qopsa da ağac ağaclığında qalır, ancaq yarpaqları yolunmuş ağac artıq odun olur. Odur ki, hər yarpaq öz saplağında durmalıdır.Öncə Vətəndir, bütöv Azərbaycan, Böyük Turan, tarixin bərpası.

“Ən yaxınından başla” (hədis), özündən, öz kəndindən…

Təbiətlə qaynayıb qarışmaqdı.Ruhunun arınmasıdır.Doğmalıqdır.”Ay umudum, nətərsən” sözlüdür cana yaxın.Dərdiş, öölööm, çiynində Ağ tapa gedim, ağgünnü, ağ iqballı, axşamın xeyir- sabahın xeyirdi, şirin dildi, daha demədiyim çox şeydi o kənd.

Ən son deyəcəyim- bir eldir, obadır, indi dağınıq olsa da Haqqıxlı adı bir möhür kimi üstümüzdədir.Bilirsiz, bunu deməyi bəlkə də kəndçilərimiz istəməz, amma bizim adımız qarğaçatladan Haqqıxlıdır.Biz o insanlarıq ki, məqsədimizə çatmaq üçün qarğanı belə çatlatmışıq.Həm də bir qurut üstündə.Qarğa göylə, nənə yerlə gethagedəsən, axırda qarğa çatlayır qurut düşür yerə, nənə qurudunu alıb gedir.Adımız da qalır qarğaçatladan.Pis ad deyil ki, bu bizim əzmkarlığımızdır.Biz bir gün ermənini də qarğa kimi çatladacağıq.

Torpaq addım-addım, vətən kənd-kənd, el-el, oba-oba yaranır, birləşir, böyüyür güclənir, insan böyük, güclü dövlətin vətəndaşı olanda qürurlu, məğrur, məmnun olur.

  Hər evin bir qibləsi var, deyimindəki kimi hər obanın, hər məhlənin öz ənənəsi, öz doğruları, qəlibləri var.Bunlar rəngarənglikdir. Hər ləhçə bir gözəllikdir.Hər yurd hər şeydən öncə bir yuvadır.

Nəhayət, kəndi niyə sevirik, çünki kənd bizim yuvamızdır, doğmalığına küsəndiymiz, hənirini umduğumuz, ürək qızdırdığımız, arxamız, dayağımızdır, sözümüz-gapımızdır, dilbilənimizdir.İstənilən halda geri dönə biləcəyimiz yuvamızdır.Hazırda biz bu yuvadan məhrumuq.Biz bu yuvamızı istəyirik.Balaca da olsa, soyuq da olsa, palçıq da olsa öz yuvamız olsun.

Bilirəm ki, mən bir daha uşaq olub Quzu daşında durna teli yığmayacam, koldan bənövşə, çəməndən nərgiz, biçənəkdən yonca gülü dərməyəcəm.İstidərədən mozu alça, Yataqdan yalotu yığmayacam, Vəliöyünün dərəsində yemlik yeməyəcəm, Fətalı təpəsinə çıxıb üzüyuxarı Keçəluçan dağına, sola dönüb İvanaya, ordan göz gəzdirib Dəvəboynuna, ordan Şinkara qədər üstü meşəli sıra dağlara baxmayacam.Sarı təpədə kəkotu qoparıb iyləməyəcəm.Dərədə xına daşında barmaqlarımı xınalamayacam.Nəbi babanın cöyüzünün dibindən çıxan Kor bulaqdan qoşaovuc su içməyəcəm.Şəymən gölünün arxına ayaqlarımı salmayacam.

Mən heç Boz bulağa da suya getməyəcəm.Suyu yaxşı olsa da, ora çox uzaqdı, deyəcək atam.Sonra da Molla Nəbi babam çayı ancaq Boz bulağın suyundan içərmiş deyəcək.Gözdək bulağına getdim bir dəfə.Gözdəyin təpəsindən baxanda kənd ayağımın altındaydı.Ağ yol da görünürdü.Hə, bir də mən uşaq olub Ağ yola baxa-baxa İcevan-Dilican oynamayacam.Maşınları saymayacam, İcevandan gələn sənin, Dilicandan gələn mənim deyə.Bir də kəndə gələn tatra Harabaşandan keçəndə Fətalı təpəsində yola baxıb:

Ay maşın əylə,

sən başın əylə,

 yolum uzaqdı,

 öyüm Qazaxdı, -oxumayacam.Deyirdilər, uzaqdan bu mahnını kim oxuyanda gedən maşın əylənsə, onun bəxti  yeyin olur.Sarı Xəndəyin başından kim aşağı düşər deyə mərc gəlməyəcəm.Onsuz da xəndəyin lap qırağına qədər gəlsək də heç birimiz dibinə düşə bilmirdik.Hərlənib bu üzə gələr arxa daş atardıq, daha atmayacam, orda çox bitən qoyunqulağı qoparmayacam.

Yox, mən daha uşaq olmayacam, bunların heç birini etməyəcəm.

Hər sabah çantamı götürüb üzüyuxarı Aralıqdan gedib Banı nənənin evinin yanından keçməyəcəm.Ordan köhnə məktəbin yanından Xırmanın düzünə çıxanda üzümə sabah günəşi vuranda burnum qıcıqlanar  hər gün iki dəfə asqırardım, həm də hər gün.Xırmanın düzündən keçib məktəbə gedərdim.Mən artıq məktəbə- elm yuvamıza da getməyəcəm.Mən daha uşaq olmayacam. Kənd əvvəlki olmayacaq…

Amma o kəndə getmək var, məndən sonrakı nəslin fərqli yaşantısını görmək var.

Yuvaya qayıtmaq var bir də.Quşlar belə yaz gələndə yuvasına qayıdır….

AYİŞƏ NƏBİ

4 thoughts on “Quşlar da yuvasına qayıdır

  1. Az və sadə ,həm də dərin…..Bu yazıda sənin kiçik məkanda böyük Haqqıxlı dünyanı gördüm. Var ol Ayişə…….

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir