06 Temmuz 2024

Rəqəmlərə ilişib qalmayaq deyirik, amma birdən qarşımıza elə rəqəm çıxır ki, ürəyimizi parçalayır və bir anda bu rəqəm bütün ölkənin dilində əzbər olur. Kədər, ələm, ağrı, ölüm, gözyaşının rəqəmi. Şəhid sayı, bizim şəhidlərimizin sayı, bu rəqəmi ikiyə vur, üçə vur, beşə vur, şəhid ardınca diri-diri ölən əzizlərinin də sayını qat onların sayına, bizi də qat.

Bu gün 10 milyon, yox bütün dünya Azərbaycanlıları kədərlə dilə gətirir bu rəqəmi. Bu rəqəm təkcə dərd-kədər deyil, həm də qürur rəmzidir. O gedənlərin hər biri özüylə bir cəsarət dünyası apardı. 44 gündə bir ömrə bərabər olan qəhərəmanlıq taleyi boylarına biçildi.

Təsadüf olmadı, hər biri könüllü getdi, hər biri şəhid olacam deyə getdi. Bizə, siz yaşayın deyə gedirəm dedi və getdi.

Bəziləri evdən xəbərsiz getdi, şəklimi çəkib paylaşma, anam məni şəhərə gəzməyə gedib bilir, şəklimi görər üzülər, deyir. Anası narahat olmasın deyə gizli gedib.Vətən anasını qoruyub qoynunda əbədi uyumağa gedib.

Sabah saat 12.00 da bir dəqiqəlik sükutla yad edəcəyik heç unutmadığımız şəhidlərimizi. Onlar bizə vətən oldu, qürur oldu, yaşamın anlamı, önəmi, alnı açıqlığı, üz ağlığı oldu. Xalqlar, ölkələr içində dilimiz onların sayəsində uzundu. Başımız dikdi.

Unutmuruq sizi. Siz artıq əbədi həkk oldunuz yaddaşımızın ən müqəddəs köşəsinə. Orda yeriniz güllük-gülüstanlıqdı. Hər adınız gələndə qəlbimiz titrədikcə o titrəyişlər bizim sevgimizi ötürür sizə. Siz insanüstü bir sevgiylə sevilirsiniz. Siz artıq sevgisiniz, torpaqsınız, vətənsiniz, müqəddəssiniz, varsınız, Şəhidlər.

Bəlkə bu gün ata-ananız, övladınız, sevgiliniz sizə toxuna bilmir, bəlkə sizin səsinizi eşitmir, çağıranda gəlmirsiniz, dara düşəndə imdadlarına yetmirsiniz, amma onlar da bilir ki, siz varsınız, dirisiniz, onları görür, onlarla danışırsınız. Onların sizdən sonra soyuyan ocaqlarına hənir yollayırsınız.

Siz indi 2783 qardaşsınız. Hələ daha da çoxsunuz. Birinci Qarabağ savaşı, 20 yanvar, qaçaqaçdakılar və s.bütün şəhidlərimiz. Siz birlikdə bizim ruhumuzun səmasını qoruyursunuz, ruhani qatda varlığınızla bizi himayə edirsiniz. Biz hər iki cahanda sizə minnət borcluyuq.

Oğul verib torpaq aldıq.Siz də ucaldınız, biz də ucaldıq. Heç bir söz içimdəki duyğunun dərinliyini eşiyə daşımır. Sizə, sadəcə, səssiz uca sevgimi yollayıram. Sizə duaçıyıq, əziz şəhidlər.

Ayişə Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir