21 Kasım 2024

Şəhidimiz Şıxıyev Səyyad Abdul oğlu 11 oktyabr 2020 ci ildə Füzuli- Cəbrayıl istiqamətində şəhid olub. 17 oktyabr Saatlı rayonunun Qaralar kənd qəbristanlığında dəfn edilmişdir.

4 sentyabr 1999-cu il Saatlı rayonunda anadan olmuşdur. 15 sentyabr 2006-cı ildə Saatlı rayon Ə. Şüküroğlu adına Varxankənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 31 may 2017-ci ildə həmin məktəbin məzunu olmuşdur. 1 yanvar 2018-ci ildə hərbi xidmətə yollandı Səyyad. Zaqatalanın Dövlət Sərhəd Xidmətində əsgərlik etdi. Hərbi xidmətini başa vurduqdan sonra qısa bir müddətliyinə öz evlərinə geri dönür.Lakin 19 noyabr 2019-cu ildən Dövlət Sərhəd Xidmətlərində gizir kimi xidmət etməyə başlayr. Öncə Zaqatalada xidmət göstərmiş, daha sonra Qazaxa göndərilmişdir. Qazaxa gəldikdən aylar sonra isə Diversiya qrupunun kəşfiyyat bölümünə daxil olaraq bir kəşfiyyatçı gizir kimi dövlət sərhədlərimizi göz bəbəyi kimi qorumağa başlayır. Qısa müddət sonra pulemyotçu (qumbaraatan) vəzifəsinə təyin edilir. 22 yaşlı gənc kəşfiyyatçımzın hərbidə bir illik misilsiz xidməti olur.

 Vətən müharibəsi başlamadan öncə evə gəlir və bu onun ailəsi ilə son görüşü olur. 44 günlük Vətən müharibəsinin 20 gününü döyüşlərdə keçirir. İlk öncə Kəlbəcər yaxınlığında gedən döyüşlərdə pulemyotçu vəzifəsində fəaliyyət göstərir. Daha sonra isə Füzuli-Cəbrayıl döyüşlərinə yollanır. Günlərlə hər çətinliyə sinə gərərək, vətən torpağının müqəddəs bilib üstündə yatsalar da vətən sevgisi onlatrı üşütmür, böyük bir ruh yüksəkliyi ilə düşmən tərəfə irəliləyirlər. 11 oktyabr saat 17:31-də ailəsi ilə son dəfə telefonda danışır. Bacısı ilə danışarkən, sanki şəhidliyini hiss etmiş kimi danışıb və ona son sözünü  “vətənə canım da qurban, bacı, özündən muğayət ol” deyib sağollaşır. Həmin gün onun 22 illik həyatının son və möhtəşəm günü olur…

Gecə saatlarında dəfələrlə düşmən hücuma keçir. Səyyad , dostları və komandiri ilə birlikdə öz postunda durub əks hücuma keçmək üçün gözləyirlər. Artıq onlar açıq döyüşə hazr idilər. Səyyad qumbaraatan vəzifəsində olduğu üçün silahı yox idi. Silahı olmasa belə yaralıları çıxarmağa gedən döyüş yoldaşının silahını əlindən alır və döyüşə atılır. 70 -dən çox ermənini məhv edir, ən sonda özünü də erməni üzərinə atılan zaman düz ürəyindən snayperlə vurulur. 40 mərasimində iştirak edən komandiri, Səyyadın qəhrəmanlığından bəhs edərək atasına məğrur olmasını söylədi: “Şəhid atası, sən başını dik tut. Sənin oğlun 70, bəlkə də daha çox erməni öldürdü. Snayperlə ürəyindən vurulduqdan sonra belə silahını buraxmadı, bərk- bərk sinəsinə sıxıb son nəfəsini elə verdi. Silahını əlindən güclə aldıq oğlunun.”  

Səyyad hər kəsin dərin hörmətini qazanmışdı, hamının sevimlisi idi. Onun ölümü ailəsini, dostlarını, yaxınlarını nə qədər sarsıtmışdısa,  əsgər yoldaşlarını da bir o qədər sarsıtmışdı. Səyyadın əsgər dostlarından biri ilə danışığım zamanı bunu daha açıq hiss etdim. O belə öz ürək sözlərini böyük kədər hissi ilə dilə gətirdi: “Biz həmişə hücuma “Allahu Əkbər” deyərək keçirdik. Qışqıra-qışqıra irəliləyirdik. Erməni bizim bu hayqırtımızdan qorxurdu. Döyüş vaxtıgözümüz düşməndən başqa heç nə görmürdü. Mənim də heç nədən xəbərim yox idi. Döyüşdən sonra yaralıları sahədən çıxardıq. Körpü deyilən yer vardı, artıq hamımız oraya çatmışdıq. Postdan qayıdanlar da orada idi. Uşaqları görüb soruşdum ki, bəs Səyyad hanı. Elə üzlərinə baxanda anladım nəsə olub. Onlar mənə Səyyadın, posta hücum zamani şəhid olduğunu dedilər. Bir an sanki dünya başıma yıxıldı, özümü tuta bilmədim ağladım. Uşaqlar dedilər ki, döyüşdə onu snayper vurdu. Onu da deyim ki, Səyyad, həqiqətən, çox təmiz qəlbli bir dost, qardaş idi. Onun haqqında keçmişdə danışmaq mənə çox çətindi…”

Döyüş yoldaşının da dediyi kimi, igidilik göstərən Səyyadı dövlətimiz də diqqətdən kənarda qoymadı, onu ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “VƏTƏN UĞRUNDA”,  “Cəbrayılın azad olmasına görə” medalları və  “III dərəcəli VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ordeni təltif etdi.

Bu günkü qələbəmiz çox igidlərimizin qanı bahasına başa gəldi. Bu qələbəyə öz qanı ilə imza atan gənclərdən biri olan Xüsusi Təyinatlı şəhidimiz bu qısa ömrünü bizlərə qürurla danışacağımız dastana çevirib getdi, həm də qürurlu bir dastana.

 Səni tanıyan hər kəs sənin qəhrəmanlığından danışır, unudulmaz şəhidim. Dillərdə mübarək bir dastansan. Qoyub getdiyin ad-san hər zaman başımızın tacıdır. Vətən uğrunda canından keçənlər ölmür, ölümə dəyər qatır. Şəhidlər əbədi yaşayırlar. Əziz şəhidimiz, səni qürurla anırıq.

Şəhid Səyyad çox fərqli övlad olub. Uşaq yaşlarından vətənə olan sevgisi, bağlılığı ilə hər kəsdən seçilib. Çox vətənpərvər ruhlu böyüyüb. O, bacısı namaz qılarkən dəfələrlə yaxnlaşıb “Bacı, namazında mənə də dua et. Dua et ki, məni vətəni qorumaq şərəfinə layiq bilsinlər” deyib.

 Onu gizirliyə qəbul edəndə xəbəri alan kimi çox sevinib,  həyəcanla ailəsini qucaqlayıb bağrına basıb.

Mən bu gün çox qürurla deyirəm: əziz Şəhidim, sən vətəni qorumaq şərəfinə də, vətənə canını fəda edib cənnətə girmək şərəfinə də layiq görüldün. Cənnətin mübarək. Ölümün ilə qazandığın ölümsüzlüyün mübarək, şəhidim.

ALLAHŞÜKÜR AĞA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir