04 Temmuz 2024

Bəzən bir günün qənaəti uzun və  təkdüzə günlərin cəmindən daha tutarlı olur.

Bu günümü danışım sizə. Neçə gün qabaqdan düşündüyümüz, ancaq həyata keçirməyə çəkindiyimiz mağaza macəramız. Əvvələ bu istidə necə gedəcəyik təşvişi günlərdir yolumuzu kəsirdi. Axır ki,  bazar günü qərara gələ bildik.

Paltar mağazası bir cəngəllik kimidir.Burda itmək itməməkdən daha asandır.

İtmək niyə? -deyə sual versəniz, cavab verim ki, bu cəngəllikdə bir yandan paltarın çoxluğunda itir adam, o biri yandan da fikir olaraq başqalarının sənə  təkidlə diktə etdiyi formalarda itirsən. Hər ikisi də itməksə, mən heç nə almadan çıxaram burdan.Ən cansıxıcı və eyni zamanda da ən cəlbedici yerdir  mağazalar.

Paltarlar seçirik sonra mən oturub gözləyirəm qızım bir-bir geyinib baxır, bəyənməyib geri qaytarır.Sıra kabinələr, kabinələrin qabaqları gənc qızlar, qadınlarla doludur. Hamısı eyni şəkildə dəfələrlə allı-güllü donları geyinib baxır, güzgünün qabağında eninə uzununa diqqət edir, yaraşırmı deyə yanındakılardan soruşur, sonra qayıdıb kabinədə başqasını geyinir.Beləcə? gənc qızlar yorulmadan donları geyinib soyunurlar.Xəstəliyin hələ də tam qurtarmadığı bu vaxtda bu? özü xəstəlik yaymırmı, bunu düşünən kimsə yoxdur.Hər kəs ən gözəl donu  seçməyə, almağa çalışır. Satıcı qızlar da insafsızca hamıya eyni şəkildə, bu sənə qəşəng yaraşdı, tam sənin əyninədir, deyə bəyəndirmək istəyir.Əlbəttə ki, o işini görür və işi pis yaxşı, nə olursa olsun malını satmaqdır.Ona görə də yalan və ya düz demək onlar üçün elə də fərqli deyil, əsas işləri getsin.   

Bu gün şəhərin üstünə çökən toz dumanından adamın  içinə bir həyəcan dolurdu. Bu toz dumanı nədir deyərkən istinin dərəcəsinə belə artıq maraqlanıb baxmırıq və  içərinin sərinkeşi bu tozu və istini unutdurur. Bir də asılqanlardakı, vitrindəki al-əlvan donların  çiçəkli naxışları xoş günlərin müjdəçisi kimi gözlərimizi sevindirir.Di gəl,mən burda da bir əmma tapıb qızların narazılığını qazanıram.Niyəmi?

Çünki bütün paltarlar  eyni əldən çıxıb, eyni dizayn, eyni forma və eyni dəblə tikilib.Sanki bütün paltarları bir adam düşünüb.Donların çoxusu da həm ətəkdən, həm də sinədən həddən artıq açıqdır.Bu ilin dəbində sinənin və dizdən yuxarı qıçların görünməsi  şərtmi yoxsa? Ucuz söhbət edirəm, elə deyirsiz, yəqin. Xeyr, deməyin, şeytan ayrıntıda gizlidir ifadəsini düşünün və hər bəla da elə xırdalıqlardan başlayır.Böyük bəlalar xırdaların cəmidir kimi də düşünmək olar.Sözümün canı? Sözümün canı o ki, əgər indi bu donlar kütləvi satılırsa, demək onu kütləvi alan da var, geyən də.Sonda da bunun mentalitet sayan da.

Fikir də belədir, biri bir fikir atır ortalığa, digərləri onun ətraflında fırlanır, öz fikriymiş kimi mənimsəyir, öz dilindən söyləyir, gerçəkləşdirir,  gündəm yaradır.Sən kənardan nə qədər önəmli, gərəkli, dahi bir fikir desən də eləcə qıraqda qalır, bir iki adamın torbasına düşsə də, onlar da, hə, gözəldir, dahidir desələr də yenə də kütlə həmin o bəsit düşüncəni sahiblənir.Böyüdür, vaxta pərçimləyir və vaxt onu mənimsəyir, gələcəyə ötürür.Nİyə? Desəm ki, bunun niyəsi hələ özünü təsdiqləməyib, hər beyində bir cür cavab formalaşar.

MƏn bu kütləvi axının qarşısının alınmasının tərəfdarı olsam da, boşuna olduğunu bilirəm.Çünki tarix bütün təcrübələri yaşayıb.Hərə bir düşüncəyə sahib olsa xaos olar deyirsiz. Xaosun nizamı nəzəriyyəsini buraya tətbiq etsək…Onda necə…

Tək-tək insanların düşüncələrində, əslində o qədər gözəl fikirlər olur ki.Ancaq o gözəl fikir sahibləri fikirlərini, başqaları nə deyər yanaşması ilə dilə gətirməyib unudurlar.Olurlar başqa fikirlərin köləsi.Beyin isə düşünmədikcə balacalaşır quruyur, sonunda da gözəl fikirlər düşünə bilən beyin ən bəsit düşüncəli beyinin tabeçiliyində qalır.Acı gerçək olayı…

Eləcə də zövqlər bir zövqün diktəsi ilə formalaşır.Ən bəsit və ən gözqamaşdıran forma üstün gəlib digərlərini əsir edir.Bəsitliyin özünü təsdiq ehtiyacı güclü olur.Bəsitin özünü  ağıllı və üstün göstəmək dərdi var. Odur ki, çabalayıb buna nail olur, təəssüf ki.Nizamın içindəki xaosu, xaosun içindəki nizamı görə bilən bilir nə dediyimi…

Ayişə Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir