( Psixoloji araşdırma yazısı)
İnsan… Bütün elmlərin, sirlərin mərkəzində dayanan varlıq. Rəssamların nəqş edib bitirə, heykəltəraşların yaradıb başa çatdıra, yazıçıların hey yazıb tamamlaya bilmədikləri, şairlərin vəsfinə, alimlərin zəhmətinə sığmayan nəhəng varlıq. Fizikisini çözsən, ruhu yarımçıq qalan, ruhunu çözsən, özü yarımçıq qalan əhsənü-l Xaliqin. Tamaşandayam illərdi, nə fövqəlliklər, nə möcüzələr, nə ümmanlar gördüm. Dərinliyində boğuldum, dayazlığında çapaladım. Beləcə vəsfinin ardınca fəlsəfəyə, tarixə, ədəbiyyata, psixologiyaya, psixoanalizə kimi getdim. Əlbət, yol yenə var, çünki bitməz-tükənməz bir xəzinənin önündəyik. Bu xəzinəni müşahidə etdikcə, cövhərinin nə qədər dərində olduğunun fərqinə varmaq da bir ayrı gözəllikdir.
Bu nəhənglikdə varidata sahib insanı Tanrı göndərdi ki, get özünə cənnəti inşa et! Çünki onun qüvvəsinin nə qədər hüdüdsuz olduğunu bilirdi. Amma insan bunun fərqinə varırmı? İnsan özünə dünya inşa etməlidi, o dünyanın içində özü özünün memarı olmalıdı. Bəli, Tanrı Adəmlə Həvvanı cənnət inşa etməyə göndərdi, cənnətə layiq olmaq üçün insanı-özlərini yaratmaqlarını istədi. İnsan buna necə nail olacaqdı? Ona daim işləyən ağıl və heç yolundan şaşmayan qəlb verdi. Bu ikisi əbədi olaraq insanın bələdçisidir. Bu bələdçilərin dilini necə cözəcəkdi? Cavab: ünsiyyətdi. O inanılmaz kəşf: Dil. İnsan danışacaqdı, danışdıracaqdı və Tanrı daim onunla ünsiyyətdə olacaqdı. Bəli, ünsiyyət o qədər mühümdür ki, mən seanslarda ünsiyyəti pozulmuş insanlarla qarşılaşanda bunu daha çox anlayıram. Onların ünsiyyəti ilk növbədə özləri ilə pozulub. Zehinlərinə gələn fikirlərin, xəyyalların özlərindən qaynaqlandığını, yoxsa başqalarındanmı gəldiyini müəyyən edə bilmirlər. Bu xəyalları insanlar özləri yaradıblar, yoxsa yaradıb onlara təqdim ediblər? Bu incə fərqi müəyyən edə bilməyən insan düşünür ki, o uğursuzdu. Halbuki o uğursuz deyil, ona deyilib, o da buna inanmağı seçib. Çünki öz fikirləri ilə o qədər az ünsiyyətdə olub ki, yad fikri özününkülərdən seçə bilmir. Qəlibləşir fikirlər. Bu fikirlərin təlqini ilə güzgüdə başqasını görür, çirkin deyir, çünki yad fikir sənin simanı niyə sevsin ki?
Bir dəfə sosial şəbəkədə yazdım ki, əgər pis fikirlər, xatirələr, təlqinlər zehnimizə izinsiz gəlirlərsə, deməli, o evin-beynin sahibi biz deyilik. Sual oluna bilər ki, bəs evin sahibinə necə çevrilək?
Deyirlər, Tanrı duaları o zaman qəbul edir ki, qəlbin dediyini dil, dilin dediyini qəlb desin. Deməli, dua da digər işlər kimi komanda işidir. Bəs insan bu komandanı necə yaratmalıdı? İşi alınmayanda “Bəlkə, xeyirlisi budur…” deyib qoyub getsin, yoxsa dönüb bir özünə baxsın. Niyyətləndiyi bu gözəl iş niyə alınmır? Çünki misilsiz tərtib etdiyi CV onun haqqında ən gözəl məlumatları versə də, müsahibədə təhtəlşüuru qarşı tərəfə onun əksi mesajlarını ötürdü. Ünsiyyət yalnız dil vasitəsilə baş vermir. Bizim haqqımızda dilimizdən çoxunu təhtəlşüurumuz bir-birinə ötürür. Təhtəlşüurumuzu isə zamanla dönüb arındırmalı, ona baxmalıyıq. Bizim olmayan o qədər qorxularımız, təlaşlarımız var ki. Ulu babamızın mağara dövründəki qorxusunu belə bəlkə də özümüzlə daşıyırıq. İtirməkdən qorxuruq, çünki iki nəsil səndən öncə müharibədən qayıdan olmayıb, nəslin qadınları böyük itki ilə üzləşiblər. Sən də öz övladına, anana möhkəm sarılırsan, halbuki bu qorxu sənin deyil. Sən daha rahat zamanda yaşayırsan. Ya da kiçik bir xətanı o qədər dərd edirsən ki, böyüyüb nəhəng bir canavara çevrilir, səni də udur. Bütün bunlar ünsiyyət pozğunluğundan irəli gəlir. Seansların birində bir qadın əmisinə qəzəbli olduğunu dedi. Bizim ailəmizi paxıllıqdan o, məhv etdi dedi. Sual edirəm ki, nə vaxtsa əmi ilə görüşüb? Məlum olur ki, əmisi haqqında fikirləri anasının fikirləridir. Halbuki, onun əmi ilə qan bağı olsa da, özü ayrı bir şəxsiyyətdir. İnsanlar haqqında anasının fikirlərini daşıyır. Heç vaxt fərqli bir həyatı sınamağı ağlına belə gətirməyib. Ya da zorakılıq və dava-dalaş olan evdə qızına “Qalx, üsyan et!” deməsinə baxmayaraq qızının hələ də niyə o evdə oturduğunu anlamayan ana uşaqlıqda sözəbaxan, tabe və qul kimi övladına tərbiyə verdiyini seansda görəndə səhvini anlayır. Deməli, hələ də hər şeyi düzəltmək imkanımız var. Təbii, daha dəhşətli nəticələr də olur. Övlad zalım böyüdülür, fərqinə varmadan hegemonluq aşılanır. (Çox vaxt valideyn bunu bilmir. Ağ və qara deyir, uşaq ağı yox, qaranı eşidir və bu da yanlış davranış biçimi yaradır) Uşaq qatil olur. Bu anlamda intihar və kimisə öldürmək məsələsi fərqsizdi.
İllərdi sözlə məşğul olduğumdan sözün necə böyük bir enerjiyə sahib olduğunu görmüşəm. Bunu məndən öncə atalarımız da deyib:”Hoha var dağa qaldırar, hoha var dağdan endirər…” Praktik olaraq, bunu XVIII ərdə yaşamış Prusiyya kralı II Fridrix həyata keçirmişdir. O insan dilinin mənbəyini müəyyən etmək üçün qorxunc bir təcrübəyə əl atmışdır. 50 körpəni bir qalada həbs edərək onları dünyanın hər cür naz-neməti ilə təmin etmişdir. Amma bir şərt qoymuşdu. Şərt isə o uşaqlarla ünsiyyətin qadağan olunması idi. Ola bilsin ki, bir çoxlarınızın bu təcrübədən xəbəri var. Yenə təkrar olsa da nəticəni yazım ki, heç bir uşaq 4 yaşını keçmədi.Hamısı dünyasını dəyişdi. Deməli, ünsiyyət nəinki bizim başqaları ilə münasibətlərimizi tənzimləyir, eləcə də ruh dünyamız bundan asılıdı. İnsanın özünün dili öyrənməsi və danışması bəs? Bu da insan ruhunu xilas etmir? İzlədiyim və müəllim hesab etdiyim fransız alim, hipnoterapeft Jan Bekkio belə bir eksperimentdən bəhs edir. Deməli, könüllü bir şəxs yeraltı hücrədə bir neçə ay yaşamağa razı olur. Jan Bekkio bu hadisə haqqında belə danışır: “O bizi çağıra bilərdi, amma biz onunla ünsiyətə girə bilməzdik. O istədiyi kimi yaşayırdı, hər şey ilə təmin olunmuşdu. Amma nə radio, nə də televizor verməmişdik. Onunla 6 aylıq razılaşmamıza baxmayaraq, adam üçüncü ayda imtina etdi. Artıq dəli ola biləcəyini, dözmədiyini söylədi. Biz davamlı olaraq onun fiziki durumunu nəzarətdə saxlayır və həqiqətən də bədənin sıradan çıxdığını görürdük.”
Bu məlumatları oxuduqca insanın ünsiyyətin, sözün məhsulu olduğuna bir daha, bir daha inanmağa başladım. Seanslarda insanların xəstəliklərinin, problemərinin sözə çevrilərək onları necə məhv etdiyini görməyə bilmirəm. Onlar nifrət edir, ağlayır, xiffət edir və bəzən bu hallarını ən aqressiv sözlərlə ifadə edirlər. Qarğış edir, qışqırır və üsyan edirlər. Müasir psixologiya bunların hamısını təbii qəbul edir. Hətta dəfələrlə “Qışqır!”, “Ağla!”, “Ürəyini boşalt!” kimi təhriklərlə qarşılaşıram. Amma heç kim ağlamağın insanı daha da sıradan çıxardığını, biosahəni çirkləndirdiyini, qışqırmağın nə qədər ziyanlı olduğunu demir. Bütün məsələnin təhtəlşüurda yatdığını demək bu qədər çətindir? Məsələn, ana aqressivdi, daim qışqırır. Onun uşağı da elədi. Deyirəm ki, bu normal deyil. Ana gülərək, saymazyana əlini yelləyərək cavab verir ki, məni təqlid edir. Təəssüf ki, uşağın onu təqlid etmədiyinin, onun bu vəziyyətinə üsyan etdiyinin fərqinə vara bilmir. Uşaq başqa bir ifadə tərzi bilmədiyindən anasında gördüyünü istifadə edir. Bu baxımdan hazırda cəmiyyətimizdə “Doğru ünsiyyət necə olmalıdı?” dərslərinə ehtiyac var. Doğru ünsiyyətin olmaması boşanmalara, intiharlara səbəb olur.
Psixologiya, ünsiyyətin hər formasının manipulyasiya olduğunu söyləyir. Bəli, nə az, nə çox hər bir kəs dediyi sözün reallaşmasını istəyər. Ünsiyyət, bu baxımdan memar deyilsə, dağıdıcıdır. Seanslarda ilkin yardımdan sonra arınmaya keçməyin tərəfdarıyam. Çünki insan özü xilas olmaq istəmirsə, ona heç kim yardım edə bilməz.
Arınma nitqin sözlərdən təmizlənməsidir. Bu necə baş verir? İlk növbədə biz müəyyən etməliyik ki, keçmiş, xatirələr, ağrılar bizə nə qədər lazımdır? Biz yumruqlarımızı düyünləyib dovşanın dağı hədələməsi kimi hey yerimizdə atılıb-düşmək istəyirik, yoxsa uğurlu adam kimi gələcəyi idarə etmək? Birincini seçənlərlə yolumuzu ayırırıq, onlar sakitləşdirici qəbul edib yatmağı seçirlər. İkincilər isə idarəetməni ələ keçirməyə, bədəni tək hakimiyyət altında birləşdirməyə addım atırlar. Birincilər dərmanların funksiyasından bəlkə də xəbərsizdilər. Dərman qəbulu ağrının səssizə alınmasıdır. Ağrı, sadəcə susdurulur və altda şişməyə başlayır. Səsini çıxara bilmir, o an yeni bir dərman göndərilir. Bəs onda nə etməlidi? Ağrı itmir, başqa bir yerdən hücuma keçir: İnsan həyata nəzarəti itirməyə başlayır. (Bu halın bütün yol xəritəsini yaza bilərəm, heyf ki, bir məqalə bu məsələlər üçün kifayət qədər geniş yer deyil).
Bu yaxınlarda sosial şəbəkədə insanın affekt anında özündə qeyri-adi qüvvə tapmasına aid status yayımladım. Əksəriyyət bunu təəccüblə qarşıladı. Halbuki, Teslanın gecənin cəmi 3 saatını yataraq necə uğur qazandığını, Hz.Əlinin Xeybər qalasının fəthini və bu kimi saysız misalları bilirik. Deməli, o qüvvə hamımızın daxilində var. İllah da, o affekt anının yaşanmasını gözləyiriksə və ya qarşılaşırıqsa, deməli, özümüzlə ünsiyyətimiz ya yoxdur, ya da çox zəifdir.
P.S. Bir çox yaradıcı adamlar əzabdan qidalanmağı ən doğru yol hesab edir. Hətta əzabı və ağrını daha dəhşətli halda hiss etmək üçün müxtəlif vasitələrə əl atırlar. Halbuki bu istedad məndə varsa, zehində yaranmış bu yalançı təəssürat, sadəcə aldadıcıdır. Daha da dərinə enmək, bəlkə də, o istedadın yolunu arındırmaq lazımdır, yalançı eyforiyalarla nələrisə meydana gətirmək üsulları bir seçim olsa da, insanı əsl, doğru olandan yayındırır.