02 Temmuz 2024

Bir zamanlar Şeyx Nəsrullah peyda olmuşdu, ölüləri dirildirdi, Kefli İskəndərdən başqa hamı inanmışdı buna. Molla İbrahimxəlil gümüşü, misi qızıla çevirirdi, ancaq gərək meymunu yada salmayaydın, yoxsa gümüşün qızıla çevrilməzdi.

Bu nədir, mövhumatmı? İnsanların arzularının reallaşma ümidinin istismarımı, inancmı? Bilmirəm, adına çox ad demək olar. Ancaq aradan az qala əsr yarım vaxt keçir və yenidən Şeyx Nəsrullahlar, Molla İbrahimxəlil Kimyagərlər meydana çıxır, müasir texnikanın yüksəldiyi və ünsiyyətin asan olduğu bir dövrdə daha asan fəaliyyət göstərir və daha çox qazanırlar.

Demək istəyirsiniz ki, indiki dövrdə kim inanır onlara. Çox adam inanır və çoxları onlardan nicat istəyir.

Sosial şəbəkədə tez-tez qabağıma çıxır, müxtəlif xidmətlər təklif edirlər, bəxt açır, iş düzəldir, ev almağa, dağılan ailəni bərpa etməyə, küsülüləri barışdırmağa, sevgililəri ayırmağa, birləşdirməyə çağırır. Bunları bir üfürükdə edirəm, bir seansla, sekansla, ritualla illərlə çatmadığın arzunu gerçəkləşdirirəm deyir. Paylaşımın altındakı şərhlərə baxıram, həm sayca çoxdur, həm də hamı razılıq edərək nicat tapdığını yazır. Digərləri kömək istəyərək qiymət danışırlar. Hansısa ritualla adamlar ev satır, ya alır, işə düzəlir, pulu çoxalır, ailəsinə əmin amanlıq gəlir, həyatı asanlaşır. Nə gözəldi, nə yoğurdum nə yapdım, hazırca kökə tapdım prinsipi.

Yaxşı, deyək ki, ritualla, sekansa istədiyini əldə etdin, görəsən bunlar həmişəlik olur, yoxsa puluna görə vaxtladı, bunu bilmirəm.

Bu gün bir elan gördüm, yazır sekanslara endirim etdim, 5 manata bir sekansla arzunu həyata keçirirəm. Gəlin, ay millət, arzusuz adam qalmasın. Beş manat nədir ki. Amma birdən çaşıb meymunu yadınıza salarsınız ha, adamın əməyi itər, beş manat cəhənnəmə.

Mən bildiyim insan bir arzusu- istəyi olarsa, adı üstündə istək, onu ürəyində çox-çox istəyər və dua edər, sonra da həyata keçməsi üçün real cəhd edər, arzusunun yerinə yetəcəyini gözləyər. Uzaq ölkədən sənə bir ritualla enerji göndərir və  get, məsələn, beş günə xəbər gözlə. Sən də aldım deyib enerjini alırsan və oturub kor qız kimi gözləyirsən ki, uzaq ölkədən gələn üfürük sənə çatsın. Ya birdən yolda külək tərs əsdi, sənə yollanan üfürük tərs tərəfə getdi, onda necə olacaq? Təbii ki, mən bilməsəm də, onların yəqin öz yöntəmləri var ki, üfürük küləyə tuş gəlmir. Bəlkə də gəlir……

Sosial şəbəkədə bir qadının təsadüfən canlı yayımına rast gəldim, görüm bu nədir deyə bir az qulaq asdım, 5 dəqiqəyə yoruldum, qadın hamıya eyni şəkildə nicat paylayacağını, hamıya niyyət göndərib enerjisini yüksəltməyi vəd edir, bəzi şərtlər qarşılığında həyat enerjiniz yüksələcək, ruhunuz ucalacaq, rifahınız yaxşılaşacaq, bolluq bərəkət yağacaq başınıza deyə elə gözəl danışırdı ki, mənim də tamahım düşdü.  Öz-özümə dedim, hər şey necə də asan başa gəlir, kiçik bir məbləğlə xoşbəxt olursan.(Bəlkə mən də…yox, lənət kor şeytana…) Doğrudanmı? Cavab şərhlərdə. Hər kəs qadına ürəkdən minnətdarlıq edir ki, sənin göndərdiyini aldım və daha pula pul demirəm, bəxtim açıldı, işim düzəldi, müşkülüm həll olundu.Bu şərhləri görən camaat da yönəlir bu nicat paylayana.

 ….Özündən bir də bu şəkildə uzaqlaşır insan.

Mən enerji alış- verişinə inanıram, hal köçməsinə də inanıram. Birinin başqa birinə təsirinə də eləcə. Ona da inanıram ki, həmin o üfürüklə nicat paylayan insanların heç biri məndən, səndən üstün deyil və heç birinin qeyri adi vergisi, istedadı yoxdur. Allah hər birimizə istedad, qabiliyyət, bacarıq verib və deyib, heç düşünürsənmi, düşün deyib.Yəni, Allah öz nəfsindən üfürüb səni üstün məxluq olaraq yaradıbsa, sən bu yaradılışdan qaçıb niyə kiməsə sığınırsan? Özün Allaha yönəl, öz içinə yönəl, inan ki, sənin özündə də o istedad, o bacarıq var, sadəcə sən onun üstünün külünü sovurub üzə çıxara bilmirsən. Bir silkin də ayağa qalx, bax, görəcəksən ki, sən özün Allahın sevimli qulusan və bütün bu bacarıqlar səndə var. Öz arzularını hansısa üfürüklə deyil, səmimi qəlblə istə və onu gerçəkləşdirmək üçün hərəkətə keç, bax, gör səndə nə gözəl alınacaq. Niyə 5 manatlıq sekanslardan mədət umursan? Allahdan um, ondan istə, Allah səndən hərəkət, məndən bərəkət, deyib sənə bir düstur verib, həyatını bu düsturla qur deyib.Hərəkət.

Sən nəzərgah-i ilahisən, Allahın baxdığı məqamsan, özünü o ucalığa layiq bil və inan ki, ucalıqda olacaqsan.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir