Bazar günü söhbəti guşəmiz
Hər sabah gözümüzü açıb işıqlı dünyanı gördükdə, şükürlər olsun, bu gün də sağam, bu gün də günəşi gördüm, nəfəs alıram, sağlığım yerindədir, deyə bilirik.Dilmizə gətirməsək də qəlbimizdən keçir, içimizdə bir dua yüksəlir, bir xoş məmnunluq yayılır canımıza.Çünki gecə qaranlıq qatılaşıb yuxu saatı gələndə Allahdan bir dilək diləmişdik, Allahım, məni bu gecənin qaranlığına batırma, bu gecədən də sağ çıxım sabahı görüm deyə.Uca Allah da sənin nəfəsini kəsmədi, qaranlığa batırmadı, ölümün bir növ məşqi olan yuxunun qaranlığından işıqlı dünyaya qaytardı.Buna sevinilməzmi.
Bir də düşün, bu gecədən sağ çıxmayanlar, yuxudaykən nəfəsi kəsilən insanlar var. Öldüyünü bilməyənlər, sabah oyanacam deyə yuxuya gedib ayılmayanlar. Bunlardan olmadığımız üçün şükür etməyə dəyməzmi. Dəyər, məncə.
Bir də var sabah oyanırsan, nə günəşi fərq edirsən, nə açılan sabaha fikir verib sevinirsən, nə özündə sahib olduğun nemətləri yadına salırsan. Elə adi bir canlı kimi axşam yatıb sabah qalxır, gündəlik işlərlə başını qataraq yenidən günü axşam edirsən. Həyatın sənə sıxıcı gəlir. Çünki yaşadığın həyatın fərqində deyilsən. Düşünmədən mexaniki yaşayanlardır bunlar. Bu insanlarda hər xırda şeydən şikayət etmə özəlliyi var. Bunlar daim narazıdırlar, narazı olduqca həyatları çətinləşər. Ancaq bu çətinliyin hardan qaynaqlandığını bilməzlər. Sonra yavaş-yavaş bu hal müxtəlif xəstəliklərə çevrilər.
Həyatından şikayət edincə, bilirsənmi nələr olur? Bir suyun üzü yuxarı axmağa çalışdığını təsəvvür et. Edə bilmirsən. Çünki su üzüyuxarı axmaz, sən axıtmağa çalışarsan, amma su qayıdıb üstünə tökülər, isladar səni, üşüdər və bu dəfə daha çox şikayət etməyinə səbəb olar. Dilində şikayət, narazılıq, giley-güzar olduqca yaşadığın həyat nəfsinə çətin gələcək, çiynində ağır yük daşıyırmış kimi olarsan. Onsuz da həyat çiynizmizdə ağır yükdür. Biz bunu qaşqabaq tökərək bir az da ağırlaşdırırıq. Onsuz da ömür yükünü daşıyırıq, etiraz etsək də, etməsək də. Ancaq bunu bir də sevərək daşımaq var. Sevərək yanaşmaq. Deyəcəksən ki, yük daşımağın nəyini sevim. Bəli, yükün özünü sev, daşıma prosesini sev. Sevsən də eyni yük çiynindədir, kin bəsləsən də. Fərqli səbəblər tap yükünü sevməyə. Bəlkə də sən bunu yük sayırsan, əslində o həyatın normal özüdür. Çiynindəkini daşıya biləcək gücün olduğuna sevin bəzən də. Məşhur bir deyimdəki kimi: bir nəfər ayaqqabısı olmadığı üçün çox üzülürdü, sonra yolda ayağı olmayanı görəndə toxdayır, düşünür, nə yaxşı ayağım var, deyir.
Bu düşüncə insanın yerində saymağa, inkişaf etməməsinə dəlalət etməz. Hər şeyin bir üst səviyyəsi mümkündür və gərəklidir. Toplumla, dünyayla ayaqlaşmaq, hətta dünyanı ötmək gərək, narazı olma, demək yaşam səviyyənin aşağı olması ilə barış demək deyil. Burada söhbət insanın mənəvi qüsurlarından, daim mənfi enerji yaymasından, həm özünün, həm ətrafının ruh halına təsirindən gedir.
Əlində olana, yaşamına, varlığına şükür etməklə həm özündə, həm ətrafında xoş əhval yaradırsan, auran təmiz olur, yaşamın müsbətə köklənir. Nur üzlü adam deyirlər e, bax o daim halından razı olan, qəlbi, ruhu sakitlik, rahatlıq, harmoniyada olandır ki, içinin hüzuru, nuru üzünə vurur. Narazılıq, giley güzarçılıq gücsüzlüyün ifadəsidir, gücüm, iradəm çatmır, nə edəcəyimi bilmirəm deməkdir.
Sözün qısası, narazı adam mənfini yayır və mənfini özünə çəkir, şükürlü, razılıqla yaşayan isə müsbəti və xoş olanı çəkir və yayır.”Hər halına şükür et, nəyin nə üçün sənə gəldiyini bilmirsən” və betərin betəri var.
El arasında gözəl bir ifadə işlədirik. Birinə gözaydınlığı vermək üçün, Allaha şükür, xeyir iş görmüsən, deyənə cavabında, şükür içində ol, deyirlər. Bu gözəl bir alxışdır. Siz də həmişə şükür içində olun.