04 Temmuz 2024

Torpağı Vətənə yüksəldən qəhrəman oğlanlardan biri də Sahib Yaşar oğlu Məmmədovdur.Sahib 1989-cu il noyabrın 13-də Naxçıvan MR Culfa rayon Yaycı kəndində anadan olub. Orta məktəbi bu kənddə qurtardıqdan sonra hərbi xidmətə yollanıb.

Hərbi xidmətdən qayıtdıqdan sonra 2010-cu ildə sevib seçdiyi Gülnar xanımla ailə həyatı qurub. Onların  Ayla, Məryəm,  Rübabə adında 3 qızı dünyaya gəlib.

Bir neçə il müxtəlif sahələrdə işləyən Sahib daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında baş çavuş olaraq xidmətə başlayıb. O,  26.06.2020-ci ildə hələ sağlığında 10 illik “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunub.

2020-ci ildə sentyabr 27-də başlayan Vətən müharibəsində bir çox döyüş əməliyyatında iştirak edib, Cəbrayıl və Füzuli-Xocavəndin azad olunması uğrunda canla-başla döyüşüb.Göstərdiyi igidliklərlə fərqlənən Sahib Məmmədov oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub.

Şəhid Sahib ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

 Naxçıvan MR Culfa rayon Yaycı kəndində böyüyən şəhid Sahib ailəsinin təkidi üzrə öz doğma kəndində dəfn edilib.

Bu gün Şəhid Sahibi onun sevgili həyat yoldaşı Gülnar Məmmədovanın dilindən tanıyaq.

“Canım, aramızda nə qədər məsafə olursa olsun, sonsuzluğa gedən bütün yollara adını yazdım. Hansı yoldan keçərsənsə keç, səni çox sevdiyimi görəcəksən”- evlənməmişdən qabaq məktublarının birində belə bir cümlə yazmışdı.

Mən Sahiblə yola çıxdığım ilk gündən bu yana hər yolda, hər cığırda məni sevdiyini gördüm. Onun müharibəyə gedişi çox insana qəribə gəldi. Hamı düşünürdü ki, sizi bu qədər sevirdisə, burada qoyub müharibəyə necə gedə bildi. O hər addımını bizi sevdiyi üçün atırdı. Bu addım da onlardan biri oldu.

Heç vaxt razı olmazdı ki, o evdə otura, bizi isə başqaları qoruya.  Malik olduğu hər şeyin qayğısına özü qalırdı. Özü qoruyurdu…

 Bəzən çətin anlarımız olurdu. Çətin anların qarşısında mən onun qədər güclü dayana bilmirdim. O isə həmişə, “Sevən adam hər çətinliyə dözər”, deyərdi. Bu cümlə əvvəllər mənə çatmırdı. İndi isə biz həyatımızın ən çətin anını yaşayırıq. Bəzən gücümün tükəndiyini, həsrətdən bağrımın daşa döndüyünü, gücsüzlüyümü hiss etdiyim anlar olur. Sonra onun bu sözləri yadıma düşür: “Sevən adam hər çətinliyə dözər”.

İndi mən çətin anlarımda Sahibin mənə bəxş etdiyi sonsuz sevginin gücüylə Sahib kimi mərdanə durmağa çalışıram. Bir gün qovuşacağımız günün ümidi ilə güclü, dözümlü oluram…

Əsl sevgi ilə bağlı çox işlənən bir cümlə var: “Əsl sevənlər heç vaxt qovuşmur”.

Sahib bir dəfə qəfil, -Bu işdə bir tərslik var. Əgər biz bir-birimizi əsl  sevgiylə seviriksə necə qovuşa bildik? Mən öz sevgimdən əminəm, bəlkə sən az sevmisən deyə qovuşmuşuq. Yoxsa, əsl sevənlər qovuşmur axı,- dedi.

Biz evlənsək də, sən demə bu həyatda heç də qovuşa bilməmişik. Çünki bizim sevgimiz bu dünyada yarımçıq qaldı. Biz əbədi həyatda qovuşaq deyə. O, ucaldığı yüksəklik ilə sevgimizi qorudu. Əvvəl Sahibin əlləri biz qovuşaq duası ilə göyə açılırdı. İndi mənim əllərim əbədi həyatda – o biri dünyada qovuşaq deyə göylərə açılır.

O bu dünyada hər əziyyətə dözüb əlindən gələn hər şeyi etdi, indi də mən o biri dünyada qovuşaq deyə əlimdən gələn hər şeyi edirəm.

Sahib bu həyatdakı olan səbrimdi, əzmimdi. Hər keçən gün ona bir addım daha yaxınlaşıram.

Artıq onun olmadığı dünyada hər gecə gözlərimi onu görmək, onunla görüşmək ümidi ilə yumuram.

Əvvəllər ölməkdən çox qorxurdum. Bəlkə də yaşamağı ölməmək kimi dərk edirdim. İndi isə ölüm mənim üçün sonun başlanğıcıdır. Sahib mənə bu həyatda ən qorxduğum şeyi – ölümü də sevdirdi.

Onunla o dünyada birdəfəlik qovuşmaq üçün ölüm mənim son sığnağımdı. Bunu bilirəm.

Sahib heç bir işi yarımçıq görməyi sevməzdi. Ona görə də yarım qalan bütün işlərini, bütün  arzularını övladlarımız üçün onun mənəvi yardımı ilə tamamlamağa çalışıram. Övladları ataları ilə fəxr etsin deyə  əlimdən gələn hər bir şeyi etməyə çalışıram. Onun yanına üzüağ, alnıaçıq, vicdanı rahat getmək istəyirəm.

Ona həyatda hər mövzuda bələd idim. Amma hərbi həyatını çox şey danışmırdı deyə ətraflı bilmirdim. Şəhid olandan sonra onu dostlarının, iş yoldaşlarının, tabeçiliyində olanların dilindən dinlədim. Eşitdiklərimlə onu bir daha sevdim, bir daha vuruldum. O, müharibəyə getməmişdən qabaq hərşeyi götür-qoy etmişdi. Telefonunun yaddaşında sonuncu dəfə dövlətin  şəhid ailələrinə qayğısı barədə araşdırdığını gördük. Şəhid ailələri üçün dövlətin nələr etdiyi ilə maraqlanmışdı.

Əsl sevməyi bacaran insan idi. Sevgisi qədər həm də səxavətli idi. Vətənini sevdi. Vətəni üçün edə biləcəyi ən  böyük iş uğrunda ölmək idi. Vətən uğrunda şəhid oldu. Bu təkcə vətən sevgisi deyildi. Bu vətəni sevməkdən daha artıqdı. Ali Sevgisinin sübutu idi. O həm öz adını əbədiləşdirdi, həm də sevgimizi. Uğrunda öldüyü, canını verdiyi bu vətəndə əbədi bir “Sahiblə Gülnar” adlı dastan  qoyub getdi.

Heç unutmuram, həmişə deyərdi: “Qoy, bizim sevgimiz Leyli və Məcnunun, Əsli və Kərəmin sevgisindən üstün olsun. Gələcək nəsillər bizim sevgimizi örnək götürsün. Bundan sonra Leyli və Məcnunun, Əsli və Kərəmin yox, sən və mənim, yəni Sahib və Gülnarın sevgisindən danışsınlar”.

Bu dünyadan şərəfli gedişi ilə mənim adımı öz adının yanında əbədiləşdirdi.

İndi hər şey onun dediyi, arzuladığı kimidir…

Mən indi onun məni sevdiyindən daha çox sevirəm.

Sahib məktublarının birində yazırdı ki: “Sənə  dünyanın zənginliklərini deyil, sənə bir ömür boyu sevgi, xoşbəxtlik, heç kəsin verə bilmədiyi eşqi verə bilərəm”.

O, mənə doğrudan da, bir ömür boyu sevgi, heç kəsin verə bilmədiyi xoşbəxtliyi verdi. Sahib mənə həm də dünyanın bütün  gözəlliklərinə bərabər, bəlkə ondan da üstün olan 3 gözəl övlad verdi. Şərəfli ad, baş ucalığı verdi. Ömrümün sonuna qədər mənə yetəcək qadın xoşbəxtliyi verdi. Heç kimə həsəd aparmayacağım qədər sevgi verdi. Hamıya nümunə olacaq sevgi yaşadıq.

 Mənə verdiyi sevgi ilə, mənəvi, ruhi varlığının gücü ilə qızlarımızı adına layiq yetişdirəcəyəm. O, qızları ilə həmişə fəxr edib, indi isə qızları onu tanıyıb, fəxr edəcəklər. Sahibin qəhrəmanlığını, insanlığını danışmağa ömrüm yetməyə bilər.  Amma buna əminəm ki, övladları atalarını dostlarının, iş yoldaşlarının, yaxınlarının dilindən eşidib fəxr edəcəklər.

Onunla fəxr edirəm. Ona çox minnətdaram.

“Mən heç vaxt qocalmayacam”-deyərdi Sahib. Yaşının qeyd edilməsini sevməzdi. Sonuncu yaş günündə 30 yaşı tamam oldu. Onu qıcıqlandırmaq üçün tortu 30 rəqəmi formasında bişirmişdim. Bunu görəndə əvvəl qıcıqlansa da sonra gülərək,-Nə olsun, mən onsuz da qocalmayacam,-dedi.Mən də,-10 ildən sonra 40-cı ad günündə öz şəklini çəkib sənə fərqi göstərəcəm,-dedim. O, –Elə bir şey olmayacaq, mən elə belə də qalacam,-deyə cavab verdi.  Dediyi kimi də oldu. Daim 30 yaşında, gənc və gümrah…

Öz ömrü 30 il olsa da, xatirələri bir ömürlük oldu…

Hazırladı: NURAY RƏŞİDLİ

11 thoughts on “Şəhid Sahiblə Gülnarın dastanı

  1. Allah rəhmət eləsin o çox xoşbəxt bir şəhiddirki onun belə bir ailəsi var Allah balalarını xoşbəxt eləsin !

  2. Canım Sahibim qəhrəman şəhidim Allah rəhmət eləsin sənə mərd ogul saglıgındada fəxr etdik şəhadətinlədə fəxr edirik nur içində yat🙏qeyrətli gözəl Gülnarım Allah sənə uzun ömür versin 3 mələyimizidə atalarına layiq övlad olaraq yetişdirəsən🙏dillərə dastan olan sevginiz hər zaman sənə güc verib ayaqda tutacaq inşhAllah

  3. Allah anasına səbr dözüm versin bu cür igid Qehraman oğul böyüdüb 🤲 ailesine qızlarına kömey olsun 🤲

  4. allah rehmet etsin…Gulnar oxuduqca ureyim parcalandi…allah sene sebr dozum versi..3qiz ovladini serefle layiqince boyudesen…

  5. ALLAH rehmet elesin, ailesine sebr versin, hamıya qismet olsun bu cüre sevgi🤲🏻😔

  6. Allah rehmet elesin, Allah sebr versin. Allah size guc versin arzuladiqiniz kimi boyudesiniz balalarinizi.

  7. Allah Sahib Qardaşima Rəhmət Eləsin Ruhu Şad olsun Əsil Dostduydu Allah Hər birimizə Səbr Versin

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir