02 Temmuz 2024

8 martdır anacan

Lap tezdən oyanışam

Əllərimdə gül çiçək

Qarşında dayanmışam.

Səkkiz mart yaxınlaşdıqca uşaqlığımdan yaddaşımda ilişib qalan bu misralar yenidən oyanaraq beynimdə təkrar-təkrar səslənir. Mən heç vaxt əllərimdə gül-çiçəklə anamın qarşısında dayanmadım, 8 martı xüsusi bayram eləsək də, amma elə sözlü-güllü təbriklərimiz olmurdu. Bizdə çox şeylər sözsüz edilirdi.Mən uşaq olanda. Söz adiləşməmişdi onda.

Bu günün mahiyyəti qadın azadlığına çağırış kimi səslənsə də, bəzi dünyagörüşdəki insanlar bunu qəbul etməsə də, əslində xoş bir duyğudur.İldə bir gün özünü özəl hiss edirsən, dəyərli olduğunu, xatırlandığını, yüksək tutulduğunu fərq edirsən.Bir gün də olsa, ümumi anlamda xoşbəxt olduğunu duyursan.Düzdür, qadın hər gün xatırlanmalı, sevgi görməlidir, kimi şablon fikri təkrar etməyəcəm, çünki talelər o qədər fərqlidir ki, bu gün qadınlar günü olsa da, özəl olaraq bütün dünya təbrikə gəlsə də, bəzi qadınların həyatında bayram olmur.İdeoloji baxımdan düşüncələri bir kənara qoysaq, bu gün 8 martın ideoloji, fikri tərəfini heç düşünmürəm, sadəcə insani tərəfinə baxır, sadəcə qadın hissi ilə yanaşıram və təbrikə-yəni xatırlanmağa ehtiyacı olan o qədər qadın görürəm ki. Qoyun, ildə bir dəfə kimlərsə qadın olaraq özlərini özəl hiss etsinlər.Bu sizini idelogiyanızı yaralamaz, düşüncələrinizi pozmaz.Heç bir düşüncə, heç bir ideologiya adi insani hislərdən üstün deyil, bəzən bir qadının göz yazı dünyanı yıxmağa bəs edər.Qadının ahı ağır olur, almayın qadının ahını ki, sonra çıxmasın ahəstə-ahəstə.

8 mart niyə bayram olmasın?Əgər dində, adət-ənənədə yeri yoxdursa, bu yeniliyi qəbul etməməyə dəlalət etməz.Ən müasir adətləri, yenilikləri qəbul ediriksə, bu da qadınlara aid bir yenilik olsun.Halbuki biz onillərdir ki, 8 martı qeyd edirik.Bu bayağı qadın azadlığı deyil, bu siyasi, sosial və iqtisadi həyatın bütün sahələrində qadınların varlığını və fəaliyyətini dəstəkləmə, qadınlara qarşı ayrı-seçkilik etməməyə və qadınlara edilən şiddət və zorakılığa, qətllərə, köləliyə son qoymağa səsləmədir.

8 mart 1857-ci ildə Nyu-York şəhərindəki bir toxuculuq fabrikinin 40 min işçisi iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil etdi. Polis tətilçilərə hücum edərək onları içəridə qoyub fabrikin qapılarını bağladı. İşçilər fabrikin içində olarkən yanğın baş verdi, fabrikin qarşısında barrikadalar qurulduğu üçün qaça bilməyən 129 qadın işçi yanaraq həlak oldu. Ölən işçilərin dəfn mərasimində 100 mindən çox insan iştirak etdi.

 1908-ci il martın 8-də Nyu-Yorkda əksəriyyəti sosialist olan qadın fəhlələrin başçılığı ilə qadınların həmkarlar ittifaqı hüququ və səsvermə hüququ tələbi ilə mitinq keçirildi.

O dövrdə rusların istifadə etdiyi Yulian təqviminə görə, 1917-ci il fevralın 23-də Rusiyada çarizmə son qoyan üsyanlar başladı. Onda qadınlar da tətillərə başladılar, fevralın 23-ü Qriqorian təqvimi ilə martın 8-nə təsadüf edir.

1917-ci il Fevral İnqilabı hadisəsinə əsaslanaraq, 16 dekabr 1977-ci ildə BMT-nin Baş Assambleyası 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsinə razılıq verdi. Yəni, Beynəlxalq Qadınlar Günü 1977-ci ildə rəsmiləşdi.

Bu da 8 martın qısaca tarixçəsi.Burda nə feminizm var, nə kişi düşmənçiliyi, nə də insanlığa zidd hansısa bir olay, ya da məqsəd. Sadəcə, qadınların özünü təsdiqi məsələsi var. Qadınların bir-birini dəstəkləməsi, haq və hüquqlarının qorunmasıdır.

Hə, əgər deyirsinizsə ki, qadınların yetərincə haq və hüququ var, bunu mən də təsdiqləyirəm, dövlət qadına yetərincə haq-hüquq verib, sadəcə insanların qara qəlbləri, cılız düşüncələri, qərəzli dünyagörüşləri bu haqqı qəbul etmək istəmir.

Hər qadın özünün, ailəsinin dəyərini bilir, qoruyur, ancaq bu gün də namus üstündə, qısqanclıq zəminində, yaxud lap elə maddi zəmində öldürülən qadınlar varsa, demək hələ də beyinlər düz işləmir.Dövlət haqq verə bilər, əgər sıravi insanlar bu haqqı tanımır və öz çılız düşüncəsinə, dar beyninə sığdıra bilmirsə, hələ də qadın bir heç üstündə öldürülürsə, demək qadınlara özəl bir gün olmalı və onlar qorunmalıdır.

Burda deyəcəksiniz ki, qadın özü günahkardır.Düz deyirsiniz, qadın günahkardır, çünki saflığı ucbatından aldanır,yaxşı həyat yalanına uyub yanlışa düşür.Gəlin görək, bütün qətl hadisələrində qadın günahkardırmı.Xeyr. Qadın ölümləri müxtəlif səbəblərdən olur.Min il əvvəl də  vardı, indi də, hətta gələcəkdə də olacaq.Təəssüf ki, bunun olmayacağının təminatı yoxdur.Çünki, bizdə zehniyyət, düşüncə tərzi dəyişmir.Burda söz uzanıb gedir, mənim demək istədiyim odur ki, 8 mart niyə bayram edilir, əslində bunun bayramdan daha çox qadını qoruma günü kimi özəlliyi olmalıdır.Bir gün təbriklər, hədiyyələr aldıq, bəs sonra, beyinlər dəyişmədikcə, təbriklərin, bayramların mənası olmur.

Bəs məkrli qadınlar? Qadınları üstün tutub gözəl sözlər deyilirsə, məkrli qadınların da olduğunu unutmuruq.Qadında niyə məkr olur? Nəfsinə uyur.Bəs nəfsinə niyə uyur? Sağlam düşüncəsi yoxmu? Sağlam tərbiyə alsa olar, əlbəttə. Bəzən sağlam düşüncəli ailənin xəstə təfəkkürlü qızı olur.Bunun səbəbi? Suallar uzanıb gedir.Hər yerdə hüquq bərabərliyi olsun deyə mitinqlər edirlər.Mən hər cür qaragüruha qarşıyam.Qadınlar mitinqlərdə haq tələb edincə, bir az təhsil alıb özünü təsdiq etməyi bacarsa dünya daha da nizama düşər.

Uzun sözün qısası, istər bayram olaraq qəbul edin, istər etməyin, onsuz da bir güllə bahar olmur, qadının varlığı və gücü danılmazdır.Bəs dəyəri? Dəyəri də qadın özü təyin edir. Qadın güclüdür, həqiqətən də güclüdürsə, onda başqasının verdiyi dəyərdən asılı olmamalıdır.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir