04 Temmuz 2024

Ayişə Nəbi: Bir yaz xoşbəxtliyi

Həyat bu …İnsana hər istədiyini yaşamağa imkan vermir.Acımasız davranır.Yaşamımızın çox hissəsini təbiətin şıltaqlıqlarından qorunmağa həsr edirik.Gah istidən, gah soyuqdan qorunmağa çalışırıq, gah tufandan, gah quraqlıqdan, axır bir sözlə beynimiz və vaxtımız həyatda qalmaq üçün nələrləsə mübarizə aparmağa sərf olunur.Ömür isə gedir.

Bir də insanın öz təbiəti ilə mübarizəsi var.İnsanın içindəki duyğular, hislər, düşüncələr, ehtiyaclar, ehtiraslar, xəyallar, daha bir çox şey.Həyatımızı sərf etdiyimiz digər anlayışlar da elə öz içimizdə baş qaldıran, məni yaşa deyən, varlığını hiss etdirib suallarına cavab istəyən duyğulardır. O yandan da ictimai həyat, toplum içində yaşama qanunları, uyulması gərəkən qaydalar, mental dəyərlər, mənəvi dəyərlər, saymadığım daha bir çox anlayış var ki, bunların hamısı yaşanmalıdır.

Seneka deyir, təbiət bizə qarşı amansız davranır.Elə ki, yaşamağa başlayırıq, onda da ömür başa çatır.

Düz deyir də, uşaqlıqda tez böyüyək deyə gecə-gündüz xəyal qururuq, özümüzü böyüklər kimi aparmağa çalışırıq, böyüklərin ayaqqabılarını, paltarlarını geynib güzgüdə özümüzə baxaraq böyük olduğumuzu xəyal edirik. Elə ki, böyüdük orta məktəbi qurtaranda ağlaya-ağlaya ayrılırıq orta məktəbdən, sonra məkətəb unudulur, sonra universitet də unudulur, iş, ailə həyatı başlayır, burda da özün unudulursan.Daim nələrsə etməyə çalışırsan, özünə hansısa öhdəlikləri qoyursan, onu yerinə yetirməyə o qədər çox vaxt sərf edirsən ki, bir də ayılıb görürsən, ömür yarıdan keçib, sən hələ də arzular, xəyallar aləmində gələcəkdə edəcəklərini düşünürsən. Ömür isə gedir. Səndən xəbərsiz, sən ondan xəbərsiz.

Vaxt elə bir sürətlə uçur ki, biz o sürəti hiss etmirik, vaxt üzərimizdə əlamətlərini qoyub gedir, saçımız ağarır, dişimiz tökülür, hərəkətlərimiz yavaşlayır, hislərimiz dəyişir, ahıllaşırıq, amma yenə də ömrüm hələ qabaqdadır deyə ümid edirik. Sanki heç ölməyəcəkmiş kimi həyata sarılırıq.Lakin həyat bizim ona nə qədər cani dildən sarılmağımıza baxmayaraq, bir gün özü qoparır əllərimizi yaxasında və dönüb geriyə baxanda bir yığın arzularımızın hələ sandıqda qaldığını, hələ qatı açılmamış nə qədər istəklərimizin olduğunu görürük.Heyfsilənirikmi? Kimi heyfsilənir, kimi də, ömürdür də gücüm çatanı yaşadım deyib özünə  təsəlli verir.

Söz gəlib bu yerə çatanda mən sözümü yarıda kəsib durub bir mürəbbəli çay içdim.Niyəmi? Çünki bu düşüncələrin ağırlığı nəfəsimi kəsdi. Bu yazdıqlarımı öz üzərimdə düşündüm. Mən bu gün hələ özümə hesabat  verə bilmirəmsə, ömür ehtiyatımı daha faydalı xərcləyə bimədiyim üçün öz mizan tərəzimdən bəraət ala bilmirəmsə, sabah yüksək hüzurda Allahın qarşısında necə hesabat verəcəm, sənə hansı üstün əməl boxçasını gətirmişəm deyəcəm.

Burda çoxlarının, mən axı pis işlər görmədim, əsas odu ki, qəlbim təmizdir, dediyini eşidirəm.Bu sənin bəraətin deyil, bu normadır, sən əsl əlinə boz bir ip al, ömrünlə əməlinin boyunu ölç.Mən ölçürəm, ömrüm əməlimdən uzun gəlir.Onda daha nə deyib arxayın olum ki, qəlbim təmizdir.

Uzun sözün qısası, həyatı gözəl yaşamağa çalışaq.Gözəl anlayışı hərədə bir cür olsa da, xoşbəxtik hissi hər kəsdə eynidir, istəkləri həyata keçincə insan xoşbəxt olur.

Bu yaz günündə özümüzü xoşbəxt hiss etməyimiz üçün yetərincə səbəb var.Bu səbəbləri görməyə çalışaq.Xoşbəxt olaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir